Bakı Qlobal Forumu müzakirələrin unikal platformasıdır

Ceyhun Əhmədli: "Regionda tamamilə yeni və unikal münasibətlər sisteminin formalaşması üçün böyük imkanlar açılıb"

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu öz işinə başlayıb. Sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. 

Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq. Tədbir çərçivəsində keçiriləcək panel iclaslarda “COVID-19-dan sonra yaranan yeni dünya nizamı”, “Yeni dünya iqtisadiyyatı”, “Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları”, “Səhiyyə və insanların peyvənd edilməsi”, “Qida və qida təhlükəsizliyinin təşviqi”, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq. 

Ekspertlərin fikrincə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tarixi, keçdiyi inkişaf yolu göstərir ki, Mərkəz qısa zamanda dünyanın ən önəmli fikir və müzakirə platformalarından biri halına gəlib. Dünya ictimaiyyətinin gündəliyində olan təxirəsalınmaz məsələlərin müzakirə edildiyi nadir, fəal beynəlxalq platformaya çevrilməsi nəticəsində Mərkəzin nüfuzu hər keçən gün daha da artır. Azərbaycanda qısa zamanda tibbi infrastrukturun pandemiya ilə səmərəli mübarizə məqsədlərinə uyğunlaşdırılması, bu sahədə görülən işlər, o cümlədən 13 yeni xəstəxananın açılması və 4 min əlavə çarpayının yaradılması, tibbi ləvazimatların alınması ölkəmizdəki siyasətin çevikliyini nümayiş etdirir. Sosial yardım paketlərinin həyata keçirilməsi, 2.9 milyard dollar həcmində dövlət büdcəsindən ayrılan vəsaitin pandemiyadan əziyyət çəkən vətəndaşların ehtiyaclarının ödənilməsinə istiqamətləndirilməsi, biznes sahəsinə dövlət dəstəyinin həyata keçirilməsi dünyəvi böhranlarda dövlətin sosial siyasətinin nə qədər örnək olduğunu göstərir. Azərbaycan vaksinasiya kampaniyasına başlayan ilk ölkələr arasında olub və onu uğurla həyata keçirib. Dövlətimiz beynəlxalq səviyyədə pandemiya ilə mübarizəyə töhfələr qazandırıb. O cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində yardım ayırıb, 30-dan artıq ölkəyə dəstək olub. Həmçinin, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü 2021-ci il dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. 

Politoloq Ceyhun Əhmədli bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından unikal bir platformadır. Onun sözlərinə görə, mərkəz Azərbaycanın tarixini, mədəniyyətini və multikultural dəyərlərini təbliğ etməklə beynəlxalq müstəvidə ölkəmizlə bağlı müsbət obrazın formalaşmasına töhfələr verir:

 “Təbii ki, ötən ilə qədər biz qlobal informasiya məkanında daha çox ərazi bütövlüyümüz və erməni işğalçılığı ilə bağlı təbliğata üstünlük verirdik. Amma 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə və bütövlükdə münaqişəyə son qoyduğumuza görə beynəlxalq müstəvidə aparacağımız təbliğatın da konturları əhəmiyyətli dərəcədə dəyişmişdir. Azərbaycan müharibə nəticəsində yeni reallıqlar yaratdı. Regionda tamamilə yeni və unikal münasibətlər sisteminin formalaşması üçün böyük imkanlar açılıb. Xüsusən, Azərbaycan və Türkiyə prezidentlərinin öncüllüyü ilə təşəbbüs edilən yeni əməkdaşlıq platforması regiona yalnız inkişaf, firavanlıq və təhlükəsizlik vəd edir. Bu mənada, Azərbaycan regionun məsuliyyətli aktoru olaraq regionda yaranmış yeni vəziyyət və gələcək perspektivlər barədə öz baxışlarını dünya ictimaiyyəti ilə bölüşməkdə maraqlıdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil edəcəyi VII Qlobal Bakı Forumu da məhz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Dünyanın nüfuzlu siyasi liderlərini özündə birləşdirən bu Mərkəz qlobal informasiya məkanında rəy formalaşdırmaq imkanına sahibdir. Nəzərə alsaq ki, bəzi beynəlxalq dairələr hələ də Cənubi Qafqazda münaqişə vəziyyətinin yenidən formalaşmasında maraqlı olduqlarını gizlətmirlər, belə olan halda bu istiqamətdə təbliğat aparmağın zəruriliyi daha da aktuallaşır”.
C.Əhmədli vurğulayıb ki, digər aktual məsələ dünyada pandemiya ilə bağlı vəziyyətin nəzarətdə saxlanılması ilə bağlıdır: “Azərbaycan bu sahədə də qlobal təşəbbüslərlə çıxış edən məsuliyyətli aktordur. Prezident İlham Əliyev bəzi ölkələrin ehtiyaclarından dəfələrlə artıq peyvənd əldə etmək cəhdlərini pisləyərək "vaksin millətçiliyinə" qarşı qlobal çağırışlar edib. Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərə imza atan Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir. Bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə görüşü və 2020-ci ilin dekabr ayında 150-dən çox dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası ölkəmizin beynəlxalq təşəbbüslərinin bariz nümunəsidir. Bir sözlə, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi məsuliyyətlə öz üzərinə götürdü və Hərəkatın pademiyanın səbəb olduğu çağırışları adekvat və vaxtında cavablandırması istiqamətində ciddi səylər göstərdi. Hesab edirəm ki, VII Qlobal Bakı Forumu Azərbaycanın bu istiqamətdəki təşəbbüslərini davam etdirməsi üçün olduqca mühüm platformadır. Azərbaycan beynəlxalq təhlükəsizliyə verdiyi önəmli töhfələrlə özünün məsuliyyətli aktor olduğunu əməli-praktiki addımlarla təsdiq edir”.