Daha bağlı qapılar yoxdur

Qarşıdakı günlərdə üçtərəfli masanın qurulacağını Ermənistan tərəfi həzm edib

Ehtimal olunur ki, Paşinyan-Araik Arutyunyan görüşü erməni qoşunlarının çıxarılması və ondan sonrakı dövrün müzakirəsinə həsr olunub

 
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyanla görüşüb. Ermənistanın baş naziri yenə sərsəm fikirlərindən əl çəkməyərək, xalqların öz müqəddəratını təyinetmə hüququndan və ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin bərpasının vacibliyindən danışıb. Separatçıların lideri də öz növbəsində həllini tapmış “Qarabağ münaqişəsi”nin siyasi həllinin davam etdirilməsinin önəmini qeyd edib. 

Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan işğal altında olan torpaqlarının çox hissəsini azad edərək, regionda yeni geosiyasi reallıqlar yaradıb. Ermənistan tərəfi isə hər vəchlə münaqişənin davam etdiyini bildirərək, Qarabağa “status” tələblərindən əl çəkmir. 

Paşinyanla separatçının görüşünü “Şərq”ə analiz edən siyasi şərhçi Asif Nərimanlı deyib ki, baş nazir separatçıların rəhbərini İrəvanda qəbul etsə də, görüşdə terrorçu rejimin əski parçasının olmaması diqqət çəkib. Analitik bildirib ki, müharibədən öncə separatçı rejimin rəhbərliyi ilə görüşlərdə qondarma “bayraq” Ermənistan bayrağı ilə birgə qoyulurdu: 

“Erməni mediası yazıb ki, “Paşinyan bununla “artsax” yoxdur mesajını verib”. Əgər rusların vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Paşinyan görüşünə dair gözləntilər olmasaydı, görüşü ermənilərin daxili məsələsinin bir parçası da hesab etmək olardı. Liderlərin təmasının 9 noyabr tarixində olacağı inandırıcı olmasa belə, qarşıdakı günlərdə sərhəd və kommunikasiyanın açılmasının müzakirə olunacağı ilə bağlı gözləntilər çoxdur. Bu prosesin məntiqi ardıcıllığı var. Kommunikasiyanın açılması üçün sərhədin delimitasiyası həll olunmalı, sərhədin delimitasiyası üçün erməni qoşunların Azərbaycan sərhədlərindən xaricə çıxarılması yekunlaşmalıdır. Bir ölkənin ordusu başqa ölkənin ərazisində olduğu müddətdə həmin ölkələr arasında sərhədin tanınması mümkün deyil. Üçtərəfli masanın qurulacağı gözləntiləri ilə bağlı informasiyaların yayılması fonunda bir ehtimal önə çıxır. Ehtimal ki, Nikol-Araik görüşü erməni qoşunlarının çıxarılması və ondan sonrakı dövrün müzakirəsinə həsr olunub”.

A.Nərimanlıya görə, diqqətçəkən məqamlardan biri də ABŞ dövlət katibinin köməkçisi Erika Olsonun İrəvana səfərində Minsk qrupunun fəaliyyətini gündəmə gətirməsidir:

 “Səfərdən sonra Nikolun Araiki qəbul edərək, “Qarabağın statusu” və “Minsk qrupu çərçivəsində hərtərəfli həll” haqqında danışması diqqət çəkən məqamdır. Vaşinqtonun Minsk qrupu istəyi İrəvanın əlini müəyyən qədər gücləndirə bilər. Lakin Paşinyan anlayır ki, hansısa “status”dan danışmaq üçün əvvəlcə Moskvanın da istəyi olan proses başlanmalıdır. Bunun üçün də məntiqi ardıcıllıq icra edilməli - qoşunlar çıxarılmalı, sərhədin delimitasiyası və kommunikasiyanın açılması reallaşmalıdır. İstisna deyil ki, Moskva görüşünün keçirilməsi üçün tərəflərin xəritə üzərində müzakirəsi ilə yanaşı, Bakının qoşunların çıxarılması tələbi də var”.