Keçmiş XİN başçısı: “Ermənistan hələ də ziddiyyətli bəyənatlar verir” 

Xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “44 Günlük Zəfər Yolu” mövzusunda keçirilən konfranda çıxış edib. Nazir qeyd edib:
“Ermənistan rəhbərliyindən çağırışlarımıza cavab gözləyirik. Çağırışımız sadədir - qonşu ölkənin suverenliyinə və sərhədlərinə hörmətlə yanaşmaq, inkişaf edən bölgənin inkişaf edən hissəsinə çevrilmək lazımdır". 

Nazirin sözlərinə görə ,Azərbaycan yalnız niyyətini ortaya qoyub çağırış edə bilər: "Bu çağırışlara cavabı Ermənistan rəhbərliyə verəcək. İstəyimiz sülh və əmin-amanlıq mühitinin davamlı olmasıdır. Əminəm ki, ölkəmizin inkişafı bundan sonra da davam edəcək" .      

Çağırışlarımıza məhəl qoymamaq rəsmi İrəvan üçün nə ilə nəticələnə bilər?

Mövzu ilə bağlı “Sherg.az”a danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov belə çağırışların bizim humanist istəyimizdən qaynaqlandığını bildirib: 
“Məsələ heç bir həyata son qoymadan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə bərpa etməsidir.Cənab nazir də bunu nəzərdə tutur ki, Ermənistan yalnız  siyasi yox, praktiki baxımdan da rəsmi olaraq iddialardan əl çəksin. Bu birmənalı şəkildə baş verməlidir. Təbii, Azərbaycan  bundan öncə olduğu kimi imkan verir ki, rəsmi İrəvan siyasi ya da diplomatik üsullarla bunu öhdəlik kimi götürsün və əməl etsin. Təəssüflər olsun ki,Ermənistan hələ də ziddiyyətli bəyənatlar verir”. 

Sabiq nazir bu çağırışların bir növ xəbərdarlıq olduğunu da diqqətə çatdırıb:

“Əgər rəsmi İrəvan tərəfindən belə addımlar atılsa, Azərbaycan daha ciddi tədbirlər görəcək. Buna heç kəsin şübhəsi olmasın. İkinci Qarabağ savaşı nəticəsində hər kəs Azərbaycanın siyasi iradəsi və mübarizə əzmi ilə tanış oldu. Sadəcə olaraq biz istəyirik ki,qan tökülmədən bütün məsələlər öz həllini tapsın”.