ABŞ Qarabağ prosesində oyundan kənar vəziyyətdədir

Cənubi Qafqazda Ermənistanın qərb qapısı kimi seçilməsi böyük yanlışlıqdır

"ABŞ  yenidən prosesə qayıtmaq və əhəmiyyətli səs olmaq istəyirsə, əlbəttə ki, Azərbaycanın mənafeyini, maraqlarını nəzərə almalı, güclü Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməlidir. Bunun alternativi yoxdur"

ABŞ Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqda kömək göstərə bilər. Bunu  ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində deyib. O bildirib ki, özü regionda bu məsələ üzərində işləyib: "Münaqişə onilliklərlə davam edib. İndi əsas məsələ bunun öhdəsindən gəlməkdir. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında sülhə doğru irəliləməkdə hazırlıq və qətiyyət barədə bildirib. Fikrimcə, ABŞ bu prosesdə öz rolunu oynaya bilər. Hesab edirəm ki, bu gün Vaşinqtonda Azərbaycana və Ermənistana sülh quruculuğunda necə kömək göstəmək barədə düşünürlər. 

Bu, çətin olsa da mümkündür. Sərhədlərin demarkasiyası da sülh prosesi çərçivəsində həll edilməli olan məsələlər sırasındadır".

Mövzu ilə bağlı politoloq Natiq Miri "Şərq"ə açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının bir ədalətli qlobal güc olaraq prosesdə iştirakı strateji baxımdan arzuolunandır. Politoloqun sözlərinə görə, çünki bu prosesdə Azərbaycan-Ermənistan münasibətində olan gərginlik, xüsusilə də sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılması, ən nəhayət Qarabağ məsələsi, xüsusilə də rus sülhməramlıların Qarabağdan çıxarılması məsələsində Rusiyanın həlledici və yeganə moderator rolu Azərbaycana sərf etmir: 

"Belə bir qlobal alternativdə olması əlbəttə ki, arzuolunan məsələdir. Ancaq bu başqa bir sualdır ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycana, bütövlükdə Qarabağ məsələsinə münasibəti nə şəkildədir. Burda böyük bir problem var. Çünki hələ də hiss olunur ki, Amerika Birləşmiş Ştatlarının regionda gedən proseslərlə bağlı konkret hərəkət planı, siyasəti yoxdur, heç mövcud da deyil. Əslində, Ermənistanda Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz üzrə bütün səfirlərinin bir yerdə yığılaraq bir toplantı keçirməsi də, bilavasitə bunu göstərir. Hiss olunur ki, ABŞ nələrisə özü üçün müəyyən etmək və dəqiqləşdirmək istəyir. Ancaq bütün bunun fonunda yenidən Cənubi Qafqazda qərb qapısı sayılan Gürcüstanı buraxıb Ermənistanı bir mərkəz olaraq seçməsində də ciddi bir yanlışlıq mövcuddur. Çünki məğlub, ordusu darmadağın olmuş, iqtisadiyyatı çökmüş, əhalisi Ermənistanı tərk edən bir zəif dövlətlə regionda strateji planları həyata keçirmək mümkün deyil. Bu, elementar hesablamadır. Ona görə də ABŞ bu prosesdə darmadağın olmuş, çökmüş bir dövləti deyil, qalib ölkə olan Azərbaycan və onun qardaşı, strateji mütəffiqi olan Türkiyə ilə münasibətlər kontekstində hərəkət etməlidir. Bəs, edirmi? Hələlik, biz bunu müşahidə etmirik. Çünki bu gün regionda gedən bəzi proseslərin irəliyə getməsində tormozlayıcı məqamlardan biri Fransa dövlətidirsə, digəri bir də Amerika Birləşmiş Ştatlarıdır".

Politoloq qeyd edib ki, İranla bağlı həm İsrail dövlətinin, həm də onun strateji mütəffiqi olan Amerika Birləşmiş Ştatlarının konkret problemləri mövcuddur: 

"Bu fonda Azərbaycanın əhəmiyyəti və önəmi daha da artır. Bununla bərabər ABŞ-ın Azərbaycana münasibəti adekvat deyil. Ona görə də səfir Robert Sekutanın nə deməsindən asılı olmayaraq biz konkret reallığı hərəkətə keçirilən siyasətə baxmalıyıq. Hələ də hiss olunur ki, Amerika Birləşmiş Ştatlarında normal təfəkkürlü insanlar mövcud deyil. Bu insanların böyük əksəriyyəti konkret lobbilər, böyük qlobal maliyyə şəbəkələri tərəfindən idarə olunan insanlardır. Heç kimə sirr deyil ki, Bayden Adminsitrasiyası, başda da Bayden olmaq şərtilə bilavasitə Sorosun maliyyəsi ilə bu seçkilərdə qalib gəlib. Ona görə də fikir verirsinizsə, məhz Bayden Adminsitrasiyası gələndən bəri qardaş Türkiyəyə düşmən münasibət göstərilir. Eyni şeyi biz Azərbaycanda və Qarabağda da müşahidə edirik. Bu, Amerika Birləşmiş Ştatlarına nə qazandıracaq? Nəticə etibarilə ABŞ-a heç nə qazandırmayacaq. Necə ki, 44 günlük Vətən müharibəsi dövründə prosesdən kənar qaldı, bu günün özündə də oyundan kənar vəziyyətdədir. Bu cür siyasət davamlı olduğu təqdirdə yenə də ABŞ, Qərb dünyası oyundan kənar vəziyyətdə qalacaq. Belə vəziyyətdə əlbəttə ki, Rusiyanın mövqeləri güclənəcək. ABŞ bunu istəyirsə, buyursun. Çünki Rusiya ilə pis-yaxşı hansısa səviyyədə qardaş Türkiyə ilə birlikdə bu prosesləri tənzimləyə biləcəyik. Çünki bütün məsələlər qarşılıqlı maraqlara söykənən məsələlərdir. Ancaq ABŞ  yenidən prosesə qayıtmaq və əhəmiyyətli səs olmaq istəyirsə, əlbəttə ki, Azərbaycanın mənafeyini, maraqlarını nəzərə almalı, güclü Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməlidir. Bunun alternativi yoxdur!".