Prezidentlər görüşəcəklər:  “Türk dövlətləri üçün böyük imkanlar yaranacaq”

"Yaxın zamanda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü olacaq". 
Bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib.
Onun sözlərinə görə, üç ölkə arasında münasibətlərin hazırkı vəziyyəti siyasi, iqtisadi, ticari və humanitar istiqamətlər üzrə üçtərəfli əməkdaşlığı səmərəli şəkildə inkişaf etdirməyə və yaxşılaşdırmağa imkan verir.
“Qarşıdan gələn üçtərəfli zirvə görüşündə söhbət ilk növbədə enerji, nəqliyyat, kommunikasiya və digər strateji istiqamətlərdən gedəcək”, - Türkmənistan Prezidenti deyib.
Türkmənistan, Azərbaycan və Türkiyənin Şərq-Qərb istiqamətində etibarlı nəqliyyat və enerji körpüsünün yaradılması üzərində fəal iş apardıqlarını qeyd edən Q.Berdiməhəmmədov nəqliyyat sahəsində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə layihənin həyata keçirilməsi perspektivlərinin mövcud olduğunu vurğulayıb.
"Üç ölkənin potensialının bir araya gətirilməsi, ümumi resurslardan, coğrafi, sənaye və texnoloji imkanlardan istifadə təkcə milli iqtisadiyyatın inkişafına güclü təkan verməyəcək, həm də bütün Avrasiya məkanında yeni perspektivlər yarada bilər”, - o diqqətə çatdırıb.
Xatırladaq ki, Türkmənistan, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü 2021-ci ilin avqust ayında Xəzərin Türkmənistan sahillərində yerləşən "Avaz" milli turizm zonasında keçirilməli idi.

Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi elmlər doktoru Sabir Məmmədli  bildirib ki, Türkmənistan prezidentinin bu fikirləri onun hazırkı mövqeyni əks etdirir: 

“Həqiqətən Qarabağ məsələsinin həll olunması Mərkəzi Asiya, türk dünyası üçün böyük perspektivlər vəd edir. Xatırlayırsınızsa, əvvəlki dövrdə Rusiya birbaşa dominantlıq edirdi. Belə bir saziş də imazalamışdı ki, Türkmənistan ərazisində çıxarılan qazı Rusiya alacaq, tranzit məsələsini həll edəcək. Bu istiqamətdə bir sıra addımlar atmışdı. Amma bununla belə son dövrlər  Çin də Türkmənistan bazarına daxil oldu. Bir sıra layihələr  hazırladı. Bütövlükdə Türkmənistan qazını dünya bazarına çıxarılmasında maraqlı dövlətdir. Türkiyənin birbaşa  Azərbaycan tərəfindən Xəzər sahillərinə çıxması mərkəzi Asiya üçün də, Türk dünyası üçün də yeni bir fürsət yaradır. Bu fürsət faktiki olaraq daimi olacaq. Hazırda  dünya mətbuatında da qeyd olunur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  türk dünyasını birləşdirmək, vahid bir iqtisadi məkan yaratmaq fikrində çox iddialıdır. Nəzərə almaq lazımdır ki, bu əlaqələr Türkmənistanın özü üçün vacibdir. Xüsusən də neft  məhsullarının  Azərbaycan üzərindən  Avropaya ixracı zamanı”.  

Siyasi elmlər doktoru bir müddət bundan öncə Azərbaycan və Türkmənistan arasında  Sərdar  yatağı  (dostluq yatağı) ilə bağlı anlaşılmazlıq yarandığını xatırladıb:

 “Çox yaxşı ki,Qarabağ torpaqlarının azad edilməsi ilə əlaqdər olaraq  Azərbyacan  Prezidenti və Türkmənistan Prezidenti danışıb bu mübahisəli yataq məsələsini də həll etdilər. Hazırda bu iki ölkə arasında heç bir mübahisəli  məqam yoxdur.  Bunlar birlikdə Avropaya qaz  ixracında vahid mövqedən çıxış edirlər. 
Türkiyənin də Azərbaycan Türkmənistan xəttini dəstəkləməsi  Türkmənistan  üçün yeni perspektivlər açır. Hesab edirəm ki, bir müddətdən sonra Özbəkistan və digər türkdilli dövlətlər də belə layihələrə qoşulacaqlar”.  

S.Məmmədli sonda əlaqələrin bu cür güclənməsinin türk dövlətlərinin mənafeyinə xidmət etdiyini və gələcəkdə prosesdə iştirak edən xalqlar  üçün də böyük imkanlar yaranacağını əlavə edib.