Gürcüstanın "altılıq" platformasından uzaq durması təbiidir


Azərbaycan və Türkiyə gələcəkdə Tbilisini əməkdaşlığa cəlb edə bilər

Dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Ermənistan, Türkiyə, İran və Rusiyanın iştirakı ilə “3+3” formatında keçirilən regional platformanın ilk toplantısı baş tutdu. İclasda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi. Regional platformanın işini onun bütün iştirakçılarının maraqlarına cavab verən praktiki məsələlərə yönəltmək razılaşdırıldı. Söhbət tərəflər arasında qarşılıqlı etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi təhdidlərə qarşı mübarizə tədbirlərindən gedir. Yəni bu format region ölkələrini narahat edən, həllini gözləyən bütün məsələləri özündə ehtiva edir. 

Gözlənildiyi kimi, “3+3” formatında keçirilən regional platformanın ilk toplantısında Gürcüstan iştirak etmədi. Görüşdən bir neçə gün öncə Gürcüstan Xarici İşlər Nazirliyi ölkələrinin platformasının ilk iclasında iştirak etməyəcəyini bildirmişdi. Aydın məsələdir ki, rəsmi Tiflis Rusiya faktoruna görə “3+3” platformasında işitrak etmək istəmir. Moskva görüşü zamanı beş ölkənin nümayəndələri platformanın qapısının Gürcüstanın üzünə də açıq olduğunu bildiriblər. 

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə deyib ki, Gürcüstanın Rusiyanın təmsil olunduğu platformadan uzaq durması təbiidir və digər 4 ölkə bunu anlayışla qarşılayır. Professorun sözlərinə görə, rəsmi Tbilisinin həvəslə qoşulduğu yeganə format - Azərbaycan, Gürcüstan və Türkiyənin yer aldığı üçlü platformadır: 

“Üçlü format daha uğurla davam etdirilir. Gürcüstan Azərbaycan və Türkiyə vasitəsi ilə öz siyasi-iqtisadi maraqlarını təmin edir. Əlbəttə, gələcəkdə Gürcüstanın nisbətən fərqli davranış sərgiləyəcəyi, yaxud Azərbaycan və Türkiyənin Tbilisini “altılıq” formatına cəlb etmək cəhdləri mümkündür. Amma hələki bu, real görünmür. Həm də nəzərə alaq ki, regionun bütün ölkələri qeyri-rəsmi formatlarla əməkdaşlıq içindədir. Azərbaycan-Türkiyə-Gürcüstan və Rusiya-İran-Ermənistan ayrı-ayrılıqda “3+3” formatını davam etdirirlər. Əməkdaşlığı bu şəkildə də sürdürmək olar. Altı ölkənin mütləq şəkildə bir platformada cəmlənməsi şərt deyil”.