Tələyə saldıq


Ermənistanın mina xəritələrini təhvil verməsi işimizə yarayacaq

Əslində Ermənistan tərəfi öz cinayətlərini sübut edən dəlilləri bizə verib

Artıq bundan sonra Ermənistan müharibə cinayətləri törətməkdən imtina edə, maddi təzminat ödəməkdən boyun qaçıra bilməz

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfindən alınmış minalı ərazilərin xəritələrindən danışıb. XİN rəhbəri bildirib ki, indiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır. Nazirin sözlərinə görə, həmin xəritələrin dəqiqliyi təxminən 25 faizdir: “Ermənistan tərəfindən təqdim olunan yeni mina xəritələri mütəxəssislər tərəfindən təhlil edilir. Amma bunun üçün zaman lazımdır. Xəritələrin tədqiqindən sonra faciələrin qarşısını ala bilərik”. Xatırladaq ki, ötən həftə Minatəmizləmə Agentliyinin İdarə heyətinin sədri Vüqar Süleymanov da mina xəritələri ilə bağlı narahatlığını ifadə etmişdi. 

ANAMA rəhbəri vurğulamışdı ki, mina sahələrinin xəritələrində adətən ərazinin koordinatları, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə qaydalarına dair məlumatlar qeyd olunur. Lakin Ermənistanın təqdim etdiyi formulyarlarla ilkin tanışlıq onların etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratını yaradır: “Ermənistan tərəfindən təqdim edilən xəritələrin işğaldan azad edilmiş bütün əraziləri tam şəkildə əhatə etməsi ilə bağlı ciddi narahatlığımız mövcuddur”. Məlumat üçün bildirək ki, Ermənistan tərəfindən Ağdam, Füzuli və Zəngilan rayonları üzrə daha öncə verilmiş mina sahələri üzrə məlumatların 75 faizi yanlış çıxmışdı. O baxımdan bəzi ekspertlər hesab edirlər ki, mina xəritələrində İrəvana qətiyyən etibar etmək olmaz. Hətta onlar sonuncu “əsir”-xəritə mübadiləsinin də doğru olmadığını düşünürlər. Vurğulayırlar ki, erməniyə güvənərək onların doğru xəritə təqdim edəcəyinə inanmaq sadəlövhlükdür. 

Ermənilərdən alınmış xəritələrlə bağlı müzakirələri “Şərq”ə dəyərləndirən siyasi şərhçi Azər Qasımov “Şərq”ə açıqlamasında deyib ki, ermənilərin təqdim etdiyi xəritələrin doğruluğu ciddi yoxlanılır. Analitikə görə, indiki halda ən vacib məqam Ermənistanın təhvil verdiyi minalanmış ərazilərin xəritələrinin nə qədər doğru, yaxud yanlış olması deyil: 

“Önəmli məsələ odur ki, ermənilər xəritələri təqdim etməklə nə boyda ərazidə minalanma işlərinin aparıldığını təsdiqləyirlər. Biz də xəritələri alaraq bunu sübut etmiş oluruq. Əlbəttə, ermənilərdən alınmış xəritələrin dəqiqliyinə inanmaq sadəlövhlük olardı. Azərbaycan bu xəritələri almaqla beynəlxalq ictimaiyyətə Ermənistanın münaqişə tərəfi olduğunu göstərir. 

Ən əsası isə gələcəkdə beynəlxalq məhkəmədə İrəvana təzminat davası açdıqda həmin xəritələrin Ermənistan tərəfindən Azərbaycana verilməsi maddi sübut kimi istifadə oluna bilər. Xəritələri kim tərtib edibsə, deməli, minaları da o basdırıb və Azərbaycana maddi ziyan vurub. Əslində Ermənistan tərəfi öz cinayətini sübut edən dəlilləri bizə verib. Xəritələri üç-beş “əsir” qarşılığında geri almaqla Ermənistanı tələyə salmışıq. 

Artıq bundan sonra Ermənistan müharibə cinayətləri törətməkdən imtina edə, maddi təzminat ödəməkdən boyun qaçıra bilməz”.