"Son 150 ildə bizim coğrafiyada ermənilərin sayı 2 dəfə azalıb"

Natiq Cəfərli: “Bunun əsas səbəbi Türkiyəyə xəyanət, “böyük Ermənistan” nağılı və mifi, Rusiyaya bağladıqları böyük ümidlər, qonşulara qarşı aqressiya olub”

“Ermənistan əhalisi son 30 ildə 13 faizə yaxın azalıb”. Bu barədə ReAL Partiyasının sədr müavini, iqtisadçı Natiq Cəfərli məlumat verib. Ekspert deyib ki, Ermənistanda rəsmi rəqəmlərə görə, 2 milyon 900 min insan yaşayır, amma real rəqəmlər, təqribən, 2,2 milyon nəfər civarındadır: “Bu gün Türkiyədə 100 min, Gürcüstanda 300 minə yaxın, Azərbaycanda (Xankəndi və ətrafı) 40-50 minə yaxın, Ermənistanda isə 2,2 milyon nəfər, ümumilikdə isə 2 milyon 650 min civarında erməni əsilli vətəndaş yaşayır. Son 150 ildə bizim coğrafiyada ermənilərin sayı 2 dəfə azalıb.

Bunun əsas səbəbi Türkiyəyə xəyanət, “böyük Ermənistan” nağılı və mifi, Rusiyaya bağladıqları böyük ümidlər, qonşulara qarşı aqressiya olub. Erməni əhalisinin “baş bilənləri”, xarici kəşfiyyata qulluq edən xadimləri, Rusiya agentləri son 150 ildə saylarının 2 dəfə azalmasına səbəb olublar. Onlar yaşadıqları yerlərdə xəyanət etməsəydilər, Rusiyaya güvənib arxadan qapı qonşularını vurmasaydılar, bu gün coğrafiyamızda erməni əsilli vətəndaşların sayı 10 milyondan çox olardı. Ermənistan siyasətçiləri papaqlarını qarşılarına qoyub düşünsünlər ki, son 150 ildə onların itirdikləri qazandıqlarından qat-qat çox olub. Tək qazancları dünyaya səpilmiş diasporalarıdır ki, onların da təsiri getdikcə zəifləyir. Daxili çəkişmələri, diaspora ilə Ermənistan hökuməti arasında fikir ayrılıqları getdikcə artır. İtirdikləri isə göz qabağındadır”.

N.Cəfərliyə görə, əgər yaşadıqları yerlərdə Rusiyanın təkidi ilə vətəndaşları olduğu ölkələri arxadan vurmasaydılar, bu gün Türkiyədə, azı 4-5 milyon erməni yaşayacaqdı: 

“Onların öz siyasi partiyaları, məmurları, millət vəkilləri olacaqdı. Azərbaycanda isə azı 500 min erməni yaşayacaqdı. Hətta ölkəmizin daha demokratik olmasına səbəb olacaqdılar. Olmadı, anlamadılar, rusun buyruq qulu olub öz millətlərinə ziyan etdilər. Heç olmasa indi ayılsınlar, hələ də gec deyil. Qonşularla sülh, əmin-əmanlıq, dostluq şəraitində yaşamağı seçsinlər ki, həm ölkələri inkişaf etsin, həm də demoqrafiq vəziyyətləri faciəvi “əyridən” geri dönə bilsin. Belə davam etsə, 50 ildən sonra coğrafiyamızda yaşayan ermənilərin sayı 1,5 milyon nəfərə qədər enəcək. Seçim onlarındır”.