Tokayev qoşun çağırdı

Qazaxıstanın suverenliyi bununla təhlükə altına düşdü

Birbaşa Rusiyanın təzyiqi ilə Qazaxıstandakı hökumət KTMT-ni çağırmağa məcbur edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin hərbi yardım istəyi üzərinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “sülhməramlı” qüvvələri ölkə ərazisinə daxil olub. KTMT Şurasının sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Tokayevin müraciətinə əsasən, tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin birləşmələri daxil olan təşkilatın “sülhməramlı” kontingenti Qazaxıstana girib. Tarixin ironiyasına baxın ki, KTMT qoşunlarının Qazaxıstana daxil olması qərarını hazırda bu quruma sədrlik edən Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlayıb. Yəni Qazaxıstan kimi bir türk dövlətinə “Paşinyanın qoşun yeritməsi” gerçəkləşib. 

Fakt budur ki, təşkilata Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələri daxil olsa da, qurum Moskvanın diktəsi ilə idarə olunur. Bu baxımdan Rusiyanın Qazaxıstanda mütləq söz sahibinə çevriləcəyini vurğulamaq mümkündür. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib ki, Moskva Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən antiterror əməliyyatının keçirilməsini asanlaşdırmaq, dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün öz müttəfiqləri ilə məsləhətləşmələri davam etdirəcək. 

Rusiya XİN Qazaxıstanda baş verən hadisələri dövlətin təhlükəsizliyini və bütövlüyünü pozmaq cəhdi kimi qiymətləndirib: “Rusiya KTMT çərçivəsində müttəfiqlik öhdəliklərinə sadiqliyini təsdiq edərək, Qazaxıstanda daxili siyasi vəziyyətin sürətlə pisləşməsi və zorakılığın artması ilə əlaqədar təcili tədbirlərin görülməsini dəstəkləyib. Biz dost ölkədə baş verən son hadisələri kənardan ilhamlanmış, təlim keçmiş və mütəşəkkil silahlı birləşmələrdən istifadə edərək dövlətin təhlükəsizliyini və bütövlüyünü güc yolu ilə pozmaq cəhdi kimi qiymətləndiririk”. Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib ki, təşkilatın Qazaxıstanda sülhməramlı əməliyyatı həm müqaviləyə qoşulan ölkələrin daxili qanunvericiliyi, həm də beynəlxalq hüquq baxımından qanunidir: “Bu, məcburi mərhələdir. Əgər etirazçılar ekstremizmdən uzaq olsaydılar, bu, baş verməyəcəkdi”. Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev isə bildirib ki, etirazçılarla qarşıdurmaya getməyəcəklər: “Qırğızıstan qoşunları KTMT sülhməramlı kontingentinin tərkibində Qazaxıstana göndərilsə də, etirazçıların qarşısına çıxmayacaq, yalnız strateji obyektlərin mühafizəsi ilə məşğul olacaqlar. Xüsusilə qeyd edirəm, qırğız hərbçiləri Qazaxıstandakı aksiyaların iştirakçıları ilə heç bir qarşıdurmaya getməyəcəklər”.

Ekspertlərin fikrincə, Qazaxıstan öz ordusu ilə silahlı üsyanın qarşısını ala bilərdi. Lakin Tokayev Qazaxıstanı “terror təhlükəsi”ndən qorumaq üçün KTMT-dən yardım istədi. Görünür, hakimiyyət KTMT-nin köməyi ilə sərt müdaxiləyə əl atmaq niyyətindədir. Rusiya isə KTMT-nin Mərkəzi Asiyada “təhlükəsizlik çətiri” rolunu gücləndirəcək. Ən əsası isə bölgə ölkələri Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyaya ehtiyatla yanaşacaqlar. Bununla Moskva “Bir kəmər, bir yol” layihəsinin Azərbaycan üzərindən keçən Orta Dəhlizin aktuallığını azaldır və bu marşruta nəzarəti gücləndirir. Yəni bütün hallarda qazanan ruslar olur. 

Politoloq Turab Rzayev “Şərq”ə açıqlamasında bildirib ki, Qazaxıstan hökuməti müsbət addım atmadı. Onun fikrincə, KTMT-nin rəsmən ölkəyə qəbul edilməsi dövlətin suverenliyini təhlükə altında qoyur: 

“Əgər Qazaxıstan xarici müdaxilə təhlükəsi qarşısında qalsaydı, o halda hərbi təşkilatdakı müttəfiqlərini köməyə çağıra bilərdi. Ölkədaxili məsələdə KTMT-yə müraciətə haqq qazandırmaq mümkün deyil. Bu, faktiki olaraq Qazaxıstanın işğalı deməkdir. Axı xarici ölkələrin hərbçiləri Qazaxıstanda nə işlə məşğul olacaq? Mülki sakinlərlə, etirazçılarla döyüşəcəklər?! Hərbi təşkilatın indiki məqamda Qazaxıstana daxil olması absurd olmaqla yanaşı, həm də suverenliyin itirilməsi deməkdir. Burada sadəcə iki fakt ola bilər. Ya hakimiyyəti itirmək təhlükəsi ilə üz-üzə qalan prezident Tokayev son çarə kimi rus ordusunu yardıma çağırıb. Yaxud heç Tokayevin də burada rolu olmayıb. Birbaşa Rusiyanın təzyiqi ilə Qazaxıstandakı hökumət KTMT-ni çağırmağa məcbur edilib.

Xatırlayırsızsa, Yanukoviç dövründə Ukraynada bənzər hadisələr baş vermişdi. Yanukoviç Rusiyanı köməyə çağırsa da, o vaxt Moskva Ukraynaya birbaşa müdaxilə etməkdə gecikmişdi və hadisələr nəzarətdən çıxmışdı. Qazaxıstanda oxşar senari yaşana bilərdi. İstənilən halda KTMT-nin müdaxiləsi Qazaxıstanda ordunun hakimiyyətdəki mövqeyini gücləndirəcək və Rusiyaya bağlı hərbçilər ölkədə söz sahibi olacaqlar. Bu da Qazaxıstan üçün yaxşı heç nə vəd etmir. Ümid edək ki, daha çox qan tökülmədən, ortaq məxrəcə gəlmək mümkün olacaq”.