Dava Nursultan davası idi...

36 ildir Qazaxıstana diş qıcayırdılar

İndi qonşunun qoşunu çiçəklənən, parıldayan bir ölkənin türk qapısını bağlayacaq

Qazaxıstanda qazın bahalaşması ilə bağlı yanvarın 2-dən davam edən etiraz aksiyaları səngiməyib. Prezident Qasım-Jomart Tokayevin müraciəti əsasında Qazaxıstana daxil olmuş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qüvvələri də etirazları tamamilə söndürə bilməyib. Almatı şəhərində baş vermiş iğtişaşlarda hüquq-mühafizə orqanlarının 12 əməkdaşı öldürülüb. Etirazçılar beş teleyayımçının ofisinə hücum ediblər. Şəhər komendantlığının açıqlamasına görə, 353 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bundan başqa, küçədə başı kəsilmiş bir kişinin meyiti aşkarlanıb. 

Qazaxıstanda pərakəndə ticarət obyektlərinə 60 milyon dollar ziyan dəydiyi deyilir. Hadisələrdən sonra Almatı şəhərində antiterror əməliyyatı keçirilib, hərbçilər arasında ölənlər də olub. Ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, kütləvi qarşıdurmalar nəticəsində mindən çox insan yaralanıb. Prezident Tokayev ölkədə baş verən hadisələrin səbəblərinin araşdırılması və günahkarların məsuliyyətə cəlb olunması üçün xüsusi istintaq komitəsinin yaradılması barədə qərar verib. Tokayev, həmçinin Qazaxıstanda diplomatik nümayəndəliklərin, xarici investisiya subyektlərinin və xarici şirkətlərin bizneslərinin qorunması üzrə addımlar atmağı tapşırıb. Qazaxıstan fövqəladə vəziyyət rejiminin tətbiqinə görə xarici vətəndaşların ölkəyə girişini dayandırıb. Bu barədə Qazaxıstan XİN səfirliklərə məlumat göndərib. 

Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən ötən gün Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Prezident kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində iki dəfə əhaliyə müraciət edib. Bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb. Tokayev vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Etiraz edənləri “terrorçu” adlandıran Prezident xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib. 

Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini deyib. Türkiyənin sabiq baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım tviter səhifəsində “Qazaxıstana hər cür dəstək verməyə hazır” olduqlarını yazıb. Yıldırım bildirib ki, rəsmi Ankara Qazaxıstanda baş verən hadisələrin ölkənin sülh və sabitliyinə zərər vermədən başa çatmasını arzulayır: “Qazaxıstanla güclü müttəfiqliyimizi nəzərə çatdırmaq istəyirik. Hadisələrdə həlak olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik”. 

Türk Dövlətləri Təşkilatı da Qazaxıstana dəstək bəyanatı yayıb. Bəyanatda türk respublikalarının Qazaxıstanla həmrəy olduqları bəyan edilib: 

“Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik. Qardaş qazax xalqının sağlam düşüncəsinə və normal vəziyyətə qayıdış arzusuna güvənirik. Qazaxıstan rəsmilərinin sülhsevər şəkildə gərginliyin arxada qoyulması, sabitlik və əmin-amanlığın bərpasına qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duya biləcəyi dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik”. Belarus Prezidenti Aleksandr Lukaşenko isə belaruslular adından Qazaxıstandakı etirazçılara səslənib. Lukaşenko bildirib ki, hay-küy salmaq, qışqırmaq lazım deyil, danışıq aparmaq lazımdır: “Ortaya çıxan anlaşılmazlığı aradan qaldırmaq üçün, loru dildə desək, gedib diz çökməli və hərbçilərdən üzr istəməlidirlər. Daha sonra isə hakimiyyətlə, Tokayevlə masa arxasına oturmaq lazımdır”. Onun sözlərinə görə, bu hadisələr Belarus üçün də dərs olub: “Biz başa düşdük ki, bu bizim də başımıza gələ bilərdi. Məsələ onda deyil ki, biz dinc belaruslularıq. Belarusdakı məsələləri onsuz da belaruslular həll etməyəcəkdi”. 

Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib ki, türk dünyası Qazaxıstandakı vəziyyətin normallaşması üçün müəyyən addımlar atılmaqda gecikdi. Ekspertin sözlərinə görə, Qazaxıstanda zorakılıqla müşayiət olunan nümayişlərin keçirilməsi Rusiya üçün yaxşı fürsətə çevrildi: 

“Ancaq bunun Rusiyanın taktikası olub-olmadığını, yaxud öz təbii axarı ilə istiqamətini dəyişdiyini Tokayevdən soruşmaq lazımdır. Türk dünyası Qazaxıstanda vəziyyətin stabilləşməsi üçün müəyyən təşəbbüslərlə çıxış edə bilərdi. Əfsuslar olsun ki, sözügedən istiqamətdə addımların atılmasında türk dünyası gecikdi. Doğrudur, Qazaxıstanın yanında olduğumuzla bağlı rəsmi açıqlama verildi, lakin gerçəklik odur ki, artıq KTMT hərbçiləri ordadır və bunun bir mənası var. Növbəti mərhələdə Qazaxıstan rəhbərliyinin sərgiləyəcəyi mövqe çox önəmlidir. Çünki sərgilənəcək mövqe həm Qazaxıstanın, həm də türk dünyasının gələcəyi baxımından ciddi təsirə malik olacaq”. 

Millət vəkili Etibar Əliyev Qazaxıstan hadisələri ilə bağlı vaxtilə baş vermiş bir tarixi hadisəni xatırladıb. Deputat deyib ki, Qorbaçov ölkəni elə çalxaladı ki, uzun illər qardaş qazax xalqı bundan əziyyət çəkdi: “1986-cı ilin 17-18 dekabrında Qazaxıstanda Sovet hökumətinə qarşı kütləvi mitinqlər və xalq hərəkatı başlandı. Rəsmi versiyalara görə bu hərəkatın başlanmasının əsas səbəbi Qorbaçovun Respublikanın birinci katibi Dinməhəmməd Kunayevi vəzifəsindən kənarlaşdırması və yerinə heç vaxt Qazaxıstanda işləməmiş rus əsilli Gennadi Kolbinin onun yerinə təyinatı olub. Mitinq iştirakçılarının əsas tələbi yerli əhalinin nümayəndəsinin təyinatı ilə bağlı olmuşdu. Kütləvi mitinqlər xeyli sayda insan tələfatı ilə nəticələnmiş, minlərlə insan ağır xəsarət almışdı. Buna baxmayaraq Qorbaçov öz məkrli siyasətini həyata keçirmiş və Kolbini Qazaxıstana 1-ci katib təyin etmişdi. Kolbin 3 il bu ölkəyə rəhbərlik etdi. 36 ildən sonra yenə qış ayında Qazaxıstan çalxalandı. Qazaxıstan Prezidenti Tokayev Qazaxıstanda kütləvi etirazların yatırılmasına kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Rusiyaya müraciət etdi. Üfüqdə 36 il bundan öncə yürüdülmüş siyasətin konturları görünür. 36 ildir bu ölkəyə diş qıcayırlar. Hardasa boşluq yaranan kimi işlərini görürlər. Baş verən xoşagəlməz hadisələr regionun çiçəklənən ölkələrindən biri olan Qazaxıstanın inkişafının, tərəqqisinin qarşısını almağa yönəlib. Hadisələri ürək ağrısı ilə izləyirik. Ümid edək ki, qazax xalqı dağıdıcılığın, qiyamın, xarici kəşfiyyatların məkrli məqsədlərin qurbanı deyil, məhz Qazaxıstanın tərəqqisinin, inkişafının, çiçəklənməsinin tərəfində dayanacaq”.

Millət vəkili Fazil Mustafa da bildirib ki, qonşunun qoşununun gəlməsi üçün əngəl olan Nursultan getməliydi. Deputatın sözlərinə görə, Qazaxıstanda Molla Nəsrəddinin yorğan davasına bənzəyən bir senari baş tutdu. Dava Nursultan davası idi: “Nursuz, Sultansız Qazaxıstan lazım idi. Bütün informasiya vasitələrində dərhal tanıtımlar dəyişdi. Artıq xalqdan söhbət getmir. Təxribatçı, bandit, soyğunçulardan danışılır. Xalqın adından da kollektiv təhlükəsizlik qoşunlarını ölkəyə çağırdılar. Həm də xalqı qarətçilərdən, təxribatçılardan qorumaq üçün. Nə olacaq? Heç nə! Belarusa nə oldu ki? Qazaxıstan da bu təlatümdən sonra kənardan özünüzü inandırdığınız demokratiya qatarı kimi yarı Şərq, yarı Qərb relsləri üzərindən şütüyəcək. Bu ölkədə onsuz da Nursultanın iradəsi ilə Orta Asiya üçün mümkün olan demokratiya var idi. Ən azı addım-addım məqsədyönlü şəkildə gerçəkləşən qazax idealı vardı. Müstəqil qatar olmaq istəyən dövlətlərin xalqı camaat qafası ilə mühakimə yürüdəndə onun dövlətini də idarəsiz vaqon kimi başqa qatarlara qoşurlar. Nursuz, Sultansız Qazaxıstanın maye qazı da olacaq, yemək-içməyi də! Bəlkə də daha çox olacaq. Ancaq burada türklərin Məkkəsi kimi Nursultanın yaratdığı Türküstan şəhərinin ruhu Qazaxıstanın canından uçub gedəcək... Haraya? Əlbəttə Kosmodroma - Baykanura! Amma Bayka Nur qazax üçün əsla Sultan Nur olmayacaq!”.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlının sözlərinə görə, təcrübə və təhlil göstərir ki, bu kimi proseslər adətən özbaşına olmur. Analitikin fikrincə, kənar qüvvələrin, xüsusilə də böyük güclərin təşkilati, təhrikedici, alovlandırıcı rolu proseslərin başlaması və gedişatı baxımından önəmli olur: “Proseslər sadəcə “Qazax proletariatı”nın arzularından qaynaqlanmır. “Şimal”, “Qərb” ya da “Şərq” küləyinin rolu da mütləqdir. İlk ağla gələn dövlət Rusiya olsa da, bu cür proseslərin uzunmüddətli olması adətən qonşu dövlətlər üçün daha böyük risklər yaratma potensialına sahibdir. Məsələn, bir komplo nəzəriyyəsinə görə Qərb Ukraynanı rahatlatmaq üçün Rusiyaya cənubda da cəbhə açmaq istəyir. Təxminən 2 ay öncə, Türk Zirvəsindən sonra bir neçə səbəbə görə bütün türk dövlətlərinin həm öz aralarındakı münasibətlərdə, həm də öz daxillərində diqqətli olmalarının vacibliyini yazmışdıq. Məhz həmin hadisədən sonra bir neçə problem yaşandı və yaşanmağa davam edir. Türk dünyasının gələcəyi üçün bu dövlətlərin mümkün qədər öz paytaxtlarından idarə olunmaları və mümkün qədər öz cəmiyyətlərinə əsaslanmaları vacibdir. Əks halda risklər daha da artacaq”.