"Azərbaycanın  Ermənistana verdiyi 6 ay zaman  sayğacı artıq geri sayıma başlayıb "   -  Siyasətçi 

“Tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistana 6 ay vaxt verilməsi təqdirəlayiq addımdır”. 

Bu barədə “Sherg.az”a Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, Ermənistana altı ay vaxt qoyulur ki, bu müddət ərzində ərazi bütövlüyümüzü tanınsın: 

“Ermənistan sərhədlərin müəyyən edilməsi, kommunikasiyaların açılmasına start verilməsi, həm də separatçıların və Ermənistan ordusunun silahlı törtöküntülərinin Azərbaycan ərazilərindən çıxarılması istiqamətində konkret və real addımlar atmalıdır. Əgər İrəvan bu məsələlərin icrasını süni surətdə yubatmağa davam edərsə və növbəti təxribatlara əl atarsa, o zaman Azərbaycan tərəfinin cavab tədbirləri həqiqətən də çox sərt olacaq. Bu baxımdan, Azərbaycanın sülh sazişi ilə əlaqədar Ermənistan üçün qoyduğu zaman sayğacı artıq geri sayıma başlayıb. Azərbaycanın Ermənistandan maksimum 6 ay müddətində cavab gözləmək limiti var”.

Ə.Hüseynova görə, dövlət başçımızın ilin ilk müsahibəsində bu istiqamətdə verdiyi qətiyyətli mesajlar həm Ermənistan rəhbərliyinə, həm də Ermənistana havadarlıq etmək istəyən beynəlxalq güclərə ünvanlanıb: 

“Nikol Paşinyan Ermənistanı hazırkı "dalan" vəziyyətindən xilas etmək istəyirsə, avantüralardan əl çəkməli, KTMT-nı bu və ya digər şəkildə proseslərə qoşmaq cəhdlərini bir kənara qoymalı və Azərbaycan liderinin mesajlarını düzgün dəyərləndirməlidir. Əks təqdirdə, yarım ildən sonra baş verə biləcək dramatik hadisələrin bütün məsuliyyəti yalnız Ermənistanın üzərində qalacaq”.