Azərbaycan İrəvana qarşı daha ağır şərtlərlə təzyiq göstərməlidir  - Politoloq

“Müharibənin bitməsindən 18 ay keçməsinə baxmayaraq, sülh sazişinin imzalanması ləngiyir”. 

Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 

Politoloq bildirib ki, Azərbaycan davamlı sülhün yaranması üçün bütün mümkün güzəştləri etsə də, Ermənistan tərəfi yekun qərar verməyə cəsarət etmir: 

“İrəvanın yanaşması kənardan kapitulyasiyanın ağırlığı kimi görünsə də, reallıqda kənar qüvvələrin müdaxiləsindən qaynaqlanır. Lakin artıq sərhədlərin müəyyənləşməsi ilə bağlı tərəflərin razılığa gəldiyi deyilir. Baş nazir Nikol Paşinyanın sərhədlərin demarkasiya və delimitasiya prosesinə razılıq verib. Ona görə də prosesdə hansı xəritələrdən istifadə ediləcəyi məsələsi yenidən gündəmə gəlib. Azərbaycan bir müddət əvvəl sərhədlərin müəyyən edilməsinə sonuncu xəritələr əsasında razılıq versə də, proses ölü nöqtəsindən tərpənməyib. Şübhə yox ki, erməni tərəfi 1918-ci ildən sonrakı istənilən xəritəyə də birmənalı yanaşmayacaq. Azərbaycan İrəvana qarşı daha ağır şərtlərlə təzyiq göstərməlidir. Əgər erməni rəhbərliyi soyuq başla hadisələrə yanaşarsa, Ukrayna müharibəsi bitənə qədər sülh sazişinə imza atmalıdır. Bu, həm Ermənistan, həm də bizim üçün tarixi şansdır”. 

V.Əfəndiyevə görə, Rusiya və Avropanın başı qarışıq ikən iki qonşu ölkənin aralarındakı düşmənçiliyə birdəfəlik son qoyması və münasibətləri normallaşdırması üçün əlverişli şərait yaranıb: 

“Ermənistan anlamalıdır ki, Türkiyə və Azərbaycan arasında yerləşən bir ölkənin hegemonluq perspektivi sıfıra bərabərdir.Rusiyanın, hətta Avropanın qeyri-müəyyən taleyinə bel bağlayaraq, qonşularla düşmənçilik etməyin gələcəyi yoxdur. Əgər Ermənistan nəticə çıxarmazsa, sərhədlərlə bağlı demarkasiya şərtlərini daha da sərtləşdirməliyik”.
 
Qeyd edək ki, Prezident İlham Əliyev “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda çıxışı zamanı Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi məsələsinə də toxunub. Dövlət başçısı bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi zamanı tarixi və Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı mümkün olan xəritələri nəzərə almalıyıq: “Biz diqqəti sadəcə bir xəritəyə yönəldə bilmərik. İrəvanın Azərbaycanın bir hissəsi olduğu 1918-ci ildən başlayaraq bir çox xəritələr olub. Eləcə də Zəngəzurun Azərbaycanın bir hissəsi olduğu 1920-ci ilin noyabrından əvvəl. Hazırkı İran-Ermənistan sərhədində azərbaycanlılar məskunlaşmışdılar və buranın erməni xalqı ilə heç bir əlaqəsi yox idi. Zəngəzurun Ermənistana verilməsi 1920-ci ilin noyabrında sovet hökumətinin qərarı idi. Amma Ermənistana verilərkən o, indiki kimi 42 kilometr deyildi, daha dar idi. Amma sonradan müxtəlif hiylələrlə ermənilər İranla yeganə sərhədləri olan bu ərazini genişləndirdilər. Ona görə də bizim mövqeyimiz budur ki, biz məsələn, 1918-ci ildən və ya daha əvvəldən başlayaraq 1991-ci ildə Sovet İttifaqı dağılanadək bütün xəritələri götürəcəyik”.