Paşinyanı devirmək istəyirlər, amma…

“Ermənistandakı etirazlar nə qədər ciddi görünsə də, Paşinyanın hakimiyyətdən salınması real görünmür”

“Aksiya iştirakçılarının sayı Paşinyanı devirmək üçün kifayət deyil”

İki həftədən çoxdur ki, İrəvan və Ermənistanın digər rayonlarında etiraz yürüşləri keçirilir. Ötən həftənin sonundan etiraz aksiyaları artıq mitinqlər şəklində özünü göstərir. Aksiya iştirakçıları Baş nazir Nikol Paşinyanın və onun hökumətinin istefasını tələb ediblər. Mitinqlərə müxalif deputatlar, Ermənistanın ikinci prezidenti Robert Koçaryan, keçmiş prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası da qatılıb.

Etirazçılar hesab edir ki, Baş nazir Nikol Paşinyanın Qarabağa dair siyasəti “Ermənistan və Qarabağa” təhlükə yaradır. Aksiyada “Həmrəylik”, “Nikol satqındır” şüarları səsləndirilir. Ermənistan parlamentinin müxalifətçi vitse-spikeri İşxan Saqatelyan deyib ki, səhərdən Fransa meydanında etiraz aksiyası daha kütləvi formatda davam edəcək: “Bizim məqsədimiz Paşinyana qeyri-legitim olduğunu bildirməkdir. Onun mandatı yoxdur, o, getməlidir”. Baş nazirlə müxalifət arasında mübarizə sadəcə meydanlarda, küçələrdə getmir. Tərəflər parlamentin iclaslarında da bir-birini sərt tənqid etməklə məşğuldur. Ötən gün Ermənistan parlamentində baş nazir Paşinyanla müxalifətçi deputat fraksiyası arasında mübahisə düşüb. Hökumət saatı çərçivəsində Parlamentə gələn baş nazirə müxalifətçi deputat Armen Rustamyanın verdiyi sual aranı qatıb. Rustamyan hökumətin istefasını tələb edən müxalifətin müraciətini oxuyub. Deputat hakimiyyəti Qarabağ danışıqlarını iflasa sürükləməkdə ittiham edib. Paşinyan isə cavabında deyib ki, danışıqlar prosesini Serj Sarkisyan iflasa uğradıb. Baş nazirə ünvanlanan “Müharibəni dayandıra bilərdin” ittihamına isə Paşinyan belə cavab verib: “Hərbi əməliyyatlar başlanan gün, yəni 27 sentyabr 2020-ci ildə müharibəni dayandırmağın bir yolu var idi – Qarabağı Azərbaycanın tərkibinə qaytarmaq. Hakimiyyətyönlü deputatlar Paşinyanı alqışlamağa başlayıblar. Bundan sonra müxalifət fraksiyası zalı tərk edib. Paşinyan onların arxasınca “Aha, qaçırsınız! Həmişə olduğu kimi!” deyə qışqırıb. 

Siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, Paşinyanın Qarabağın “statusu”nu arxa plana keçirməsi, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində fəallığa başlaması müxalifətə yeni “fürsətlər” yaradıb. Analitik vurğulayıb ki, hazırda radikal müxalifətin bütün qanadları Baş nazir Nikol Paşinyanı devirmək üçün birləşib:

 “Müxalifət etiraz gücünü və qələbəyə inamı artırmaq, eləcə də etirazçıların say çoxluğuna nail olmaq üçün simvolikadan geniş istifadə edir. Misal üçün, etirazçılar İrəvanın “Fransa meydanı”nda daha kompakt şəkildə toplaşır. Paşinyan da vaxtilə etirazlara buradan başlamışdı. Etirazçılar bununla əslində Paşinyana “vaxtilə etdiyini təkrarlayaraq, səni inqilabla devirəcəyik” mesajını verirlər. Etirazlar nə qədər ciddi görünsə də, Paşinyanın devriləcəyi real görünmür. Aksiya iştirakçılarının sayı Paşinyanı devirmək üçün kifayət deyil. Məsələ ondadır ki, bir neçə gün öncə etirazçıların sayı 15 min həddində idisə, hazırda bu say 5 mindən azdır. Digər yandan hakimiyyətə qarşı etiraz aksiyaları təşkil edənlərin Ermənistanın düşdüyü vəziyyətdən çıxması üçün heç bir proqramı yoxdur. Etirazçılar sadəcə olaraq Paşinyanı devirmək istəyirlər. Sonrakı planlarının nə olacağı isə nə özlərinə, nə də erməni cəmiyyətinə bəllidir. Həm də erməni xalqı yaxşı başa düşür ki, Paşinyan getsə, Koçaryan, Sarkisyan, Vanetsyan və ya bu kateqoriyadan olan başqa bir şəxs hakimiyyətə gələcək. Bu qüvvələr isə öz növbəsində əvvəllər olduğu kimi hakimiyyəti bölüşdürməyə başlayacaqlar. Erməni xalqı daha hakimiyyətə can atan bu və ya digər qüvvələrin onların hesabına varlanmasını və ya onların siyasi məqsədləri üçün övladlarının qurban olmasını istəmir”.