Ermənistanın qarşısında iki yol var

“Ya könüllü surətdə sülh müqaviləsi imzalamalıdır, ya da Azərbaycanın güc tətbiq etməsi qorxusu ilə məcburi razılığa gəlməlidir”

“İstərdik ki, erməni cəmiyyəti birinci yolu seçsin və davamlı sülhə imza atsın. Çünki ikinci yol erməni cəmiyyəti üçün arzuedilməzdir” 

Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması məsələsi müzakirə olunur. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Brüsseldə keçirdiyi görüşlə bağlı sualı cavablandırarkən deyib. TŞ katibi bildirib ki, Ermənistanın həll etməli olduğu bəzi məsələlər var: “Biz suallara cavab tapan kimi strukturun formalaşması üçün görüşlər başlayacaq. Həmçinin, Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün mümkünlüyü də müzakirə olunur”. Xatırladaq ki, mayın 2-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Görüşdə sərhədlərin müəyyənləşməsi, sülh müqaviləsinin imzalanması və s. məsələlər müzakirə olunub. 

İrəvanın rəsmi açıqlamalarını “Şərq”ə analiz edən politoloq Azər Qasımov deyib ki, Ermənistan hakimiyyətinin son bəyanatları prosesin müsbət sonluqla nəticələnəcəyinə ümid yaradır. Analitikə görə, Paşinyan və komandası kənar təhriklərə baxmadan bir sıra məsələlərdə irəliləyişə nail olmaq üçün addımlar atmağa çalışır:

 “Amma uzun illər mövcud olan praktika göstərir ki, belə addımlar aldadıcı olur. Son məqamda erməni tərəfi hər hansı səbəbdən öz sözündən geri durur, yaxud əks bəyanatlar verməklə prosesi pozur. Ermənistan hazırda Rusiya və Qərbin arasında qalıb. İrəvanın atdığı addımlar bir tərəf üçün məqbul olanda digər tərəf üçün məqbul olmayıb. Proseslərdə Ermənistanın söz sahibi olmadığı açıq görünür. Ümumən, hesab etmək olar ki, Ermənistan hakimiyyəti konstruktiv addım atmaq istəyir. Azərbaycan tərəfi də onlara dəstək verir ki, erməni hakimiyyətinin özünə güvəni artsın və erməni cəmiyyətini sülhün vacibliyinə inandıra bilsin”. 
Ekspertin fikrincə, rəsmi Bakı elə etməlidir ki, erməni cəmiyyəti müharibə fikrindən tamamilə daşınsın: “Bunun üçün erməni cəmiyyətinin qarşısında iki yol var. Ya könüllü surətdə sülh müqaviləsi imzalamalıdır, ya da Azərbaycanın güc tətbiq etməsi qorxusu ilə məcburi razılığa gəlməlidir. İstərdik ki, erməni cəmiyyəti birinci yolu seçsin və davamlı sülhə imza atsın. Çünki ikinci yol erməni cəmiyyəti üçün arzuedilməzdir”.