Lavrov yenə “suyu bulandırır”

“Rusiya Xarici işlər naziri Sergey Lavrov əvvəlcə yəhudiləri təhqir etdi”

“Bu yanlışa görə, nə XİN başçısı üzr istədi, nə də dövlət başçısı”


Rusiya Prezidenti Vladimir Putin Xarici işlər naziri Sergey Lavrovun “Hitlerin yəhudi olması ilə bağlı fikirlər var” sözlərinə görə, İsrail Baş naziri Naftali Bennettdən üzr istəyib. Bildirilib ki, Bennett üzrxahlığı qəbul edib və Putinə yəhudilər, həmçinin Holokostla bağlı mövqeyini aydınlaşdırdığına görə təşəkkür edib. Üzr hadisəsi ilə bağlı açıqlama verən Kremlin mətbuat katibi Dmitri Peskov isə israilli dostlarla etibarlı dostluğun davam etdirildiyini söyləyib: 

“Prezident cənab Bennetlə təmasdadır, onlar təmasları davam etdirmək barədə razılığa gəliblər”. Məlumat üçün bildirək ki, Sergey Lavrov Ukrayna Prezidenti Vladimir Zelenskinin yəhudi əsilli olmasına münasibət bildirərkən, nasist lider Adolf Hitlerin də yəhudi qanı daşıdığını, ən qızğın antisemitlərin yəhudilər olduğunu söyləmişdi. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Şərq”ə açıqlamasında deyib ki, Rusiya siyasətçiləri və diplomatları üzr istəməyi də bacarmırlar. Analitik vurğulayıb ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov əvvəlcə yəhudiləri təhqir etdi. Ardınca rəhbəri olduğu Xarici İşlər Nazirliyi vasitəsilə bəyanat yayımlayaraq mövzunu “yaxşı eləmişəm”ə gətirdi: 

“İsrail prezidenti rusiyalı həmkarı ilə telefonla danışdı. Bundan sonra İsraildən yayımlanan açıqlamada Vladimir Putinin israilli həmkarından Lavrovun sözlərinə görə üzr istədiyi bildirildi. Ancaq Kremldən yayımlanan məlumatda prezidentlərin telefon danışığı zamanı Putinin üzr istəməsinə dair heç bir cümlə yoxdur. Lavrovun özündən də səs çıxmadı. Əslində Lavrov Hitleri “yəhudi” elan etdikdən sonra Rusiyada bunun yanlış açıqlama olduğunu çoxları anlayırdı. Ancaq qorxularından heç kim səsini çıxarıb yüngülcə də olsa etirazını bildirmədi”.