Rusiya təklənir, gücdən düşür

Hökumət və xalq arasında narazılıqlar artır

"Putin hər il 9 may paradından öz məqsədləri naminə istifadə etməyə çalışıb"

Rusiya “Qızıl Meydan”da 9 may faşizm üzərində qələbənin 77-ci ildönümünə həsr olunmuş hərbi parad keçirtdi. Paradda Rusiya Prezidenti Vladimir Putin və digər dövlət rəsmiləri iştirak ediblər. Putin hərbi paraddakı çıxışında Ukraynada işğalçı müharibəni növbəti dəfə əsaslandırmağa çalışıb. Kreml rəhbəri “hərbi uğurlardan” söz açmasa da, rusların “öz torpaqlarında döyüşdüyünü” deyib. Putin vurğulayıb ki, əgər Rusiya “xüsusi əməliyyata” başlamasaydı, NATO Donbass və Krımda hücum əməliyyatına başlayacaqdı. Putin çıxışının bu hissəsində Krımı tarixi “Rusiya torpağı” adlandırmağı da unutmayıb.

Kreml sahibi hərbi alyansın Rusiya sərhədlərinə yaxınlaşdığını bildirib. Putin Ukrayna uğrunda savaşanları həmişəki kimi “nasistlər” və “banderaçılar” kimi qiymətləndirib. Rusiyanın Ukraynada apardığı müharibəni “məcburi əməliyyat” kimi qiymətləndirərək, onun başqa yolu qalmadığını vurğulayıb. Putin çıxşının bu hissəsində 2014-ci ildə Odessanın “Həmkarlar binasında” yanğında ölən tərəfdarlarını bir daha xatırlayıb. 8 il əvvəl Odessada Rusiya tərəfdarları millətçilərlə toqquşmuş və nəticədə binada yanğın baş vermiş, ölənlər olmuşdu. Putin Ukraynada işğalçı müharibəyə başlamaqla Odessada ölənlərin intiqamını da özünəməxsus şəkildə almağa çalışır. Bu “intiqam” minlərlə günahsız insanın qətlə yetirilməsi, şəhərlərin bombalanmasıyla müşahidə olunur. Putin Qərbi tənqid edərkən, vaxtilə beynəlxalq terrorçuların Rusiya ərazisində fəaliyyətlərini də xatırlayıb: “Beynəlxalq terrorçular Rusiyanı zəiflətmək, dinlər və millətlər arasında nifaq salmaq istəyirdilər. Heç nə alınmadı. Bu gün Rusiyada yaşayan müxtəlif millətlərin nümayəndəsi çiyin-çiyinə Ukraynada nasistlərə qarşı savaşırlar”. 

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Tural İrfan “Şərq”ə bildirib ki, Rusiyanın məğlubiyyəti qaçılmaz və labüddür. Siyasi şərhçi vurğulayıb ki, ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hüdudsuz miqyasda silah verilməsinə imza atıb. Bu, Amerika tarixində Hitler nasizmindən sonra ikinci qərarıdır ki, Putin Rusiyasına qarşı imzalandı: 

“Getdikcə sanksiyalar da dərinləşir və fəsadları tədricən büruzə verəcək. Putin hər il 9 may paradından öz məqsədləri naminə istifadə etməyə çalışıb. Görüntü yaratmaqla Rusiyanın gücünü, qələbəsini nümayiş etdirib. 9 mayı sovet imperiyasının yox, sanki təkcə Rusiyanın qələbəsiymiş kimi təqdim etməyə cəhd göstərib. Putinin 9 mayda Ukraynaya rəsmən müharibə elan edəcəyi gözləntiləri var idi. Açığı, mən də buna inanırdım. Ancaq budəfəki parad qeyri-müəyyənlik şəraitində keçdi. Rusiya hakimiyyətinin daxilində ziddiyyətlər, fikir ayrılıqları var. Ötən həftə Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Zelenski haqqında dediyi tənqidi fikirlər və Hitleri “yəhudi” adlandırması İsrail tərəfindən sərt qarşılandı. Hətta sonda Putinin üzr istəməsinə qədər gətirib çıxardı. Bu, onu sübut edir ki, Rusiya hakimiyyəti də tərəddüdlər, təlatümlər içindədir. Parad vasitəsi ilə Ukraynadakı vəziyyəti öz xeyirlərinəymiş kimi göstərməyə çalışsalar da, imitasiya mənasız və təntənəsiz oldu”.

T.İrfanın sözlərinə görə, paradda aviasiya keçidinin ləğv edilməsi təhlükəsizlik baxımından idi:

 “Bütün dünya Rusiyaya qarşıdır. Böyük güclər Rusiyanın işğalçı siyasətini həzm edə bilmir. Ola bilsin, hansısa təhlükə hiss ediblər və aviasiyanın keçidi təxirə düşüb. Hava səbəbindən olması inandırıcı deyil, çünki havanın necə olacağı bir neçə gün əvvəldən müəyyən edilir. Aviasiya keçidinin protokola salınmasına rəğmən təxirə düşməsi ciddi məqamlardan xəbər verir. Görünür, ani kəşfiyyat məlumatı daxil olub. Faşizm ideyalarını Ukraynada tətbiq etməklə parad keçirmək qəbuledilməzdir. Rusiyanın Ukraynada işğalçılıq siyasəti və faşizm üzərindəki qələbəni istismar edərək öz adına çıxması post-sovet ölkələrində ikrah yaradıb. Ona görə həmin ölkələrdə də təntənə ilə qeyd edilmədi. Rusiya artıq bataqlığın və tənəzzülün tam orasındadır. İraqın sabiq rəhbəri Səddam Hüseynin zamanında ona qarşı tətbiq edilən sanksiyalar, təzyiqlər bu gün daha ağır formada Rusiyaya qarşı həyata keçirilir. Sonda məğlubiyyət qaçılmazdır. Aşkar işğal böyük dünya güclərinin maraqlarına tamamilə ziddir. Avropa və Amerika müharibəyə qoşulmaq ərəfəsindədir. Birbaşa hücum etməsələr də silah, sursat, hərbi texnika, mütəxəssis və s. sarıdan sonadək Ukraynanın yanında olacaqlar. Rusiya isə getdikcə təklənir və ehtiyatları tükənir. Bunun nəticəsində də həm hökumət, həm də xalq arasında narazılığın artması gözləniləndir”.