Zamanın tələbi... - Qazaxıstan üzünü yenə Türkiyəyə çevirdi



Tokayevin Ankara səfəri Rusiya-Ukrayna müharibəsinin nəticələrinin Asiya regionuna keçidi ehtimallarına hazırlıqdır

Türkiyədə səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb. Rəsmi qarşılama mərasimindən sonra liderlər arasında təkbətək görüş keçirilib. Bundan əlavə, nümayəndə heyətləri arasında da görüşlər olub və bir sıra sazişlər imzalanıb. Qeyd edək ki, bu, Tokayevin vəzifəyə gəldikdən sonra Türkiyəyə ilk dövlət səfəridir.

Prezident Ərdoğan görüş zamanı bildirib ki, Rusiya-Ukrayna müharibəsi türk dövlətləri arasında istər ikitərəfli formatda, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın vacibliyini bir daha göstərdi. Bildirib ki, qazax liderin Türkiyəyə səfəri zamanı imzalanmış sənədlər iki ölkə arasındakı münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəldib: “Əməkdaşlığımızı həm ikitərəfli, həm də çoxtərəfli platformalarda daha da dərinləşdirməliyik. Qazax qardaşlarımızın sabitliyi, rifahı və təhlükəsizliyi üçün əlimizdən gələn hər şeyi edəcəyik. Siyasi, hərbi, iqtisadi, ticari və ya mədəniyyət olmaqla bütün sahələrdə həmrəyliyimizi artıraraq gələcəyə çiyin-çiyinə addımlayacağıq”. Bundan əlavə, Ərdoğan Türkiyə ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin keçən il 58 faiz artaraq 5 milyard 300 milyon dolları keçdiyini də vurğulayıb. 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də öz növbəsində Türkiyədən hər zaman yaxşılıq gördüyünü deyib. O, Türkiyə ilə əməkdaşlığın ölkəsi üçün böyük əhəmiyyət kəsb etdiyini, Ankaranın vacib strateji müttəfiq olduğunu qeyd edib: “Türkiyənin hər zaman Qazaxıstana dəstək olduğunu bilirik, biz bunu həmişə hiss edirik. Bu gün görüşlərimizin nəticəsi olaraq, önəmli sazişlərə nail olduq. Bu səfər siyasi, ticari, iqtisadi, hərbi, humanitar, mədəni və digər sahələrdə olan əməkdaşlığımızı dərinləşdirməyə imkanlar yaradacaq”.

Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə deyib ki, 2022-ci ilin yanvarında Qazaxıstanda cərəyan edən hadisələr Rusiyanın həmin regionda daha təsirli və ambisiyalı olduğunu ortaya qoydu. Bu, Kremlin həm rəqiblərinə, həm də onunla pərdəli dostluq saxlayan ölkəyə - Türkiyəyə əhəmiyyətli xəbərdarlıq siqnalı idi:

 “Ankaranın xarici siyasətində Asiyanın təhlükəsizlik mühitində üzməsi vacib xətt kimi görünür. Bu, eyni zamanda Böyük Britaniyanın da prioritetləri ilə üst-üstə düşür. Buna görə də Asiyanın daha geniş üfüqlərə açılan pəncərəsi olan Qazaxıstanla perspektiv strateji gedişləri müəyyənləşdirmək Ankara ilə Londonun ortaq maraqları kimi də təqdim edilə bilər. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin prezident olaraq Türkiyəyə ilk səfəri gələcək istiqamətlərin müəyyənləşməsi baxımından önəmlidir. Tərəflər arasında 15 sənəd imzalanıb. 
İmzalanan sənədlər Türkiyə-Qazaxıstan əlaqələrini mövcud strateji tərəfdaşlıq xəttindən strateji müttəfiqlik səviyyəsinə qaldırmaq üçün münbit zəmin yaradır. 
İki ölkə arasında ticarət həcminin 10 milyard dollara çatdırılması və qarşılıqlı investisiyalarda rəqəmlərin artırılması qarşıya məqsəd qoyulub. Bu da strateji müdafiə mexanizmlərinin iqtisadi əsaslarının gücləndirilməsinə hesablanan addımdır. İmzalanan sənədlərlə Bakı-Tbilisi Qars dəmir yolu ilə daşımaların həcmi 4 dəfə artacaq. Eyni zamanda Aktau limanının ticarət imkanları genişləndiriləcək. Ümumilikdə isə yeni dünya nizamında təkbaşına güclü müdafiə yaratmaq getdikcə çətinləşir. Buna görə də kollektiv qalxan formalaşdırılır. Bir neçə türk dövlətini kollektiv maraqlarla eyni platformada birləşdirən Türk Dövlətləri Təşkilatı beynəlxalq sistemdə güclü müdafiə elementləri ilə özünə yer tutmağa can atır. Bu, Rusiya ilə Qərb arasındakı təhlükəli rəqabət meydanına çevrilməmək, tərəflərin Mərkəzi Asiya istiqamətinə yönələn maraqlarına qarşı instinktiv reaksiyalardır. Ona görə də Moskva və Qərbin Avrasiya gündəmini təyin etmək səyləri Türkiyə faktoru ilə üzləşəcək və Ankaranın səyləri TDT maraqları ilə koordinasiya ediləcək. Bu üzləşmədə regionda artan təsirlərin perspektiv ölçülərini indidən müəyyən etmək çətindir”. 
Analitik vurğulayıb ki, təhlükəsizlik üçün Qərbin dəstəklədiyi Transxəzər layihəsinin reallaşması vacibdir: “Amma bu, daha çox enerji sektoruna töhfədir və buna Rusiyanın reaksiyaları fərqli istiqamətlərdə inkişaf edə bilər. Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımaların da 4 dəfə artırılması nəzərdə tutulur. Çin amilinə gəlincə, Pekin iqtisadi ekspansiyalarla bütün rəqibləri regionda sıxışdırmaq siyasətini davam etdirəcək və bəzən Rusiya, bəzən isə Türkiyə ilə sövdələşmələrə gedəcək. Tokayevin Ankara səfəri Rusiya-Ukrayna müharibəsinin nəticələrinin Asiya regionuna keçidi ehtimallarına hazırlıqdır. Regional oyunçu Türkiyə bütün senarilərə hazırlıq üçün səylərini intensivləşdirəcək”.