Revanşistlər Paşinyanı devirməyə cəhd edirlər

Hakimiyyət radikal müxalifətin qarşısını almaq üçün dərhal sülh danışıqlarına başlamalıdır

"Azərbaycanla barışıq olmadan, ərazi bütövlüyümüz tanınmadan Ermənistanın dirçəlməsi, inkişafı qeyri-mümkündür"

Ermənistanın keçmiş rəhbərləri və onlara yaxın çevrələr kütləvi aksiyalar təşkil etməklə ölkədə vəziyyəti gərginləşdirmək istəyirlər. Məqsəd Baş nazir Nikol Paşinyan iqtidarını devirmək və növbəti dəfə hakimiyyəti zəbt etmək planını gerçəkləşdirməkdir. Hazırda Ermənistanda baş verən hadisələr 1998-ci ildə kütləvi itaətsizlik təşkil etməklə Robert Koçaryanın Levon Ter-Petrosyanın istefasına nail olmaq və hakimiyyəti mənimsəmək senarisi ilə eynilik təşkil edir.

Erməni xalqı 20 ildən artıq bir dövrdə Koçaryan-Sarkisyan cütlüyünün oğru, talançı və qaniçən rejiminin idarəçiliyinin acı nəticələrini indi də yaşayır. Lakin son parlament seçkiləri də göstərdi ki, hətta Azərbaycanla müharibədə ağır məğlubiyyət, çoxsaylı insan itkisinə baxmayaraq, erməni xalqı keçmiş cinayətkar və qaniçən rejimin rəhbərlərinə yenidən meydan vermək niyyətində deyil. Revanşist qüvvələrin bütün cəhdlərinə baxmayaraq, Paşinyan hakimiyyətinə təsirli təzyiq göstərmək üçün yüzminlərin küçələrə axmasına nail ola bilmədilər. Koçaryan-Sarkisyan cütlüyü çıxış yolunu Qarabağda vəziyyəti gərginləşdirməkdə görürlər. Yayılan məlumata görə, “general” Samvel Karapetyan Xankəndinin mərkəzində 4 gəncə odlu silahdan atəş açıb. Karapetyan erməni millətçilərinin 1988-ci ildən Azərbaycan ərazilərində başladığı terror siyasətinin fəallarındandır. O, hərbi əməliyyatlarda fəallığı və qəddarlığı ilə seçilib. 

Hazırda 2008-ci il martın 1-də Ermənistanda 2008-ci il 19 fevralda keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edən dinc mitinqçilərin qətlə yetirilməsi ilə bağlı aparılan cinayət işinin nəticələrinə görə, S.Karapetyan aksiya iştirakçılarının gülləbaran edilməsinə birbaşa rəhbərlik edib. Onun Koçaryanın tərəfdarı olduğu və Paşinyan hakimiyyətinə qarşı fəallığı ilə seçildiyi deyilir. 

Lakin Koçaryan, Sarkisyan və Karapetyan kimilər unudurlar ki, hazırda 1990-cı ilin əvvəlləri deyil. Bu gün onların hansısa senarini gerçəkləşdirmək və yenidən hakimiyyəti mənimsəmək şansları sıfra bərabərdir. Güclü Azərbaycan ordusu ölkəmizin ərazisində ermənilərin vəziyyətin gərginləşdirilməsinə yönəlmiş istənilən cəhdinin qarşısını dərhal alacaq. Ermənistan növbəti dəfə revanşistlərin özbaşınalığının acı nəticələrini ödəmək məcburiyyətində qalacaq. 

Ermənistandakı hadisələri “Şərq”ə təhlil edən politoloq Tofiq Abbasov deyib ki, ölkədə boşluq, vakuum dərinləşir. Analitik qeyd edib ki, bir ölkədə boşluq varsa, istənilən qüvvə prosesə müdaxilə imkanı əldə edir:

 “Ermənistanda indiki durumda istənilən dağıdıcı qüvvənin öz ambisiyalarını həyata keçirməsi üçün əlverişli şərait var. Bu baxımdan İrəvanda və digər şəhərlərdə baş vermiş hadisələrə görə bütün məsuliyyət hakimiyyətin, Paşinyan hökumətinin üzərindədir. İrəvan hakimiyyəti olayları dərk etməli, fəaliyyət planının icrasına başlamalıdır. Əgər hökumət məqsədli şəkildə gözləmə mövqeyi tutursa, dinamikanı təmin edə bilmirsə, mərkəzə qarşı çıxan radikal qüvvələrə, eyni zamanda kənar güclərə qapı aralamış olur. Ermənistandakı revanşist güclərin də “hünəri”, “bacarığı” ancaq dağıdıcılığa, pozuculuğa çatır. Ermənistan bir ölkə kimi suverenliyini təsdiqləyə bilməyib və irəli doğru deyil, geriyə addım atır. Yaxşı olar ki, Paşinyan hökuməti pozuculuq hərəkətlərinə nümayişkaranə şəkildə rəvac verməsin. Radikal qüvvələrin qarşısını alaraq Azərbaycanla sülh danışıqları prosesini başlatsınlar. Daha doğrusu, intensiv və dinamik hala gətirsinlər. Azərbaycanla barışıq olmadan, ərazi bütövlüyümüz tanınmadan Ermənistanın dirçəlməsi, inkişafı qeyri-mümkündür. Ölkədəki revanşist qüvvələr məhz bu tərəqqinin qarşısını almaq niyyətindədir. Azərbaycan və Türkiyə təmaslar çox kövrəkdir və bu məqam Ermənistan üçün yaxşı heç nə vəd etmir. Əfsuslar olsun ki, Ankara-İrəvan danışıqları da ləng gedir. Ermənistan bütün prosesləri yarımçıq saxlayır, irəliyə doğru addım atmır. Bunu fürsət bilən radikal müxalifət də Qərb ölkələrindən və Rusiyadan aldıqları dəstəklə ölkəni qarışdırmağa cəhd göstərirlər. Bu da erməni xalqının qaranlıq dərəyə yuvarlanması deməkdir”.