Ermənistanda hakimiyyət dəyişikliyi gözlənilmir

Paşinyan Qərbdən Azərbaycanla normallaşma prosesini aparmaq üçün dəstək alır

“Ermənistanda parlament müxalifətinin etirazları hakimiyyətin dəyişməsi ilə nəticələnməyəcək”. Bunu “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, etirazçı dəstə erməni diasporunun və xalqın dəstəyini almır, birbaşa Kremlin göstərişi ilə Nikol Paşinyana təzyiq etmək üçün həyata keçirilir: 

“Etirazların arxasında Koçaryan-Sarkisyan cütlüyü dayanır və əsas hədəf mövcud iqtidarı devirməkdir. Vaşinqtonun Paşinyana dəstək verməsi “Qarabağ klanı”nın silahlı yolla hakimiyyəti devirməsinin qarşısını alır. Kremlin Ermənistanı revanşistlərin əli ilə qarışdırmaq və sülhü pozmaq cəhdləri səmərəsiz olacaq. Artıq Qarabağ separatçıları ilə Paşinyan arasında ciddi münaqişə yaşanır. Xankəndidə silahlı şəxslərin ortaya çıxması məhz revanşistlərin vəziyyəti gərginləşdirməsindən xəbər verir. Bununla Paşinyana mesaj verir, sülhə getməmək ultimatumu verirlər”. 

Ekspertə görə, silahlı şəxslər İrəvan küçələrində də peyda ola bilərlər:

 “Revanşistlərin cəhdlərinin uğursuz olacağı şübhəsizdir. Ermənistan hakimiyyəti konkret olaraq Azərbaycanla danışıqlarda separatçıların təkliflərini nəzərə almır və prosesi beynəlxalq hüquqa uyğun aparmağa çalışır. Paşinyan ABŞ başda olmaqla, Qərbdən Azərbaycanla normallaşma prosesini aparmaq üçün dəstək alır. Onun Avropaya səfəri də erməni diasporundan dəstək istəmək idi. Çünki Azərbaycanla əməkdaşlığın alternativi yoxdur. Revanşistlər sülhə mane olarsa, Azərbaycan anti-terror əməliyyatlarına start verə bilər. Prezident İlham Əliyevin prinsipial mövqeyi və bu xüsusda açıqlamaları göstərir ki, Ermənistan üçün güzəşt limiti bitib”.