Rus sülhməramlıları öhdəliyini yerinə yetirməlidir



Əgər Qarabağdakı qeyri-qanuni qüvvələr ərazini tərk etməsə, Azərbaycan özü problemi həll etməli olacaq

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətindən danışıb. Nazir bildirib ki, sülhməramlılar məsələsi Qarabağda Ermənistanın hərbi birləşmələrinin mövcudluğu, qanunsuz olaraq həmin ərazilərə səfərlərin edilməsi ilə bağlı gündəmə gəlir. C.Bayramov vurğulayıb ki, Qarabağda sülhməramlıların yerləşdirilməsi üçtərəfli bəyanata əsasən həyata keçirilib:

“Onlar üzərlərinə düşən funksiyaları yerinə yetirirlər. Təbii ki, vaxtaşırı hansısa suallar yaranır, o suallar hələ də Qarabağda Ermənistanın hərbi birləşmələrinin mövcudluğu, qanunsuz olaraq həmin ərazilərə səfərlərin edilməsi ilə bağlıdır. Belə olan halda bunlar müzakirə mövzusu olur. Azərbaycan tərəfi məsələlərin bu müstəvidə həll edilməsinin tərəfdarıdır”. 

XİN rəhbərinin açıqlamasını “Şərq”ə dəyərləndirən millət vəkili Ceyhun Məmmədov deyib ki, bugünədək Azərbaycan rəsmiləri dəfələrlə 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndinin icra edilməməsinə diqqət çəkiblər. Deputat vurğulayıb ki, 4-cü bənddə Qarabağdakı qeyri-qanuni qüvvələrin bölgədən dərhal çıxarılmasından söhbət gedir: 

“Ümumən, üçtərəfli sazişin reallaşması istiqamətində addımlar atılsa da, bizi narahat edən əsas məqam məhz qanunsuz silahlı qüvvələrlə bağlıdır. Torpaqlarımızda, xüsusən Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə qeyri-qanuni qüvvələrin qalması yolverilməzdir. Bu məsələ mütləq həllini tapmalıdır. Əslində problemin həll olunacağına tam əminik. Sadəcə burada zaman məsələsi var. Ona görə də bir az səbirli olmalıyıq. Əgər rus sülhməramlıları üzərinə düşəni etməzsə, Azərbaycan tərəfi hansı yolla olur-olsun qanunsuz qüvvələri öz torpaqlarından dəf edəcək. Hər halda sülhməramlı kontingent öz öhdəliyinə qeyd-şərtsiz əməl etməlidir”.