Tarix təkrarlanır:Koçaryan tərəfdarları Paşinyanı devirmək üçün "uyğun" vaxt seçiblər



Ekspert: "Ermənistandakı hadisələr sülh prosesinə ziyan vura bilər"

Terrorçu, qaniçən Robert Koçaryanın sağ əllərindən sayılan Samvel Karapetyan Xankəndinin mərkəzində 4 gəncə odlu silahdan atəş açıb. Məlumata görə, məlum olayla bağlı cinayət işi qaldırılıb. Xatırlatmaq yerinə düşər ki, S.Karapetyan erməni cəmiyyətində cani və Robertin cəlladlarından biri kimi tanınır. Məşhur mart 2008-ci il hadisələri zamanı Karapetyan özünün birbaşa rəhbərliyi ilə 20 nəfərlik qrupu həmin vaxt Prezident iqamətgahının zirzəmisində gizlətmişdi. 1 mart mitinqləri zamanı məhz həmin dəstənin üzvləri müxalifətin, o cümlədən Ter-Petrosyan və Paşinyanın tərəfdarlarına atəş açmışdı. Görünən odur ki, atəş açmaqda və terrorda xüsusi təcrübələri olan Robert Koçaryan, Samvel Karapetyan, Serj Sarkisyan bəzi xarici dairələrdən uzun müddətdən sonra aldıqları  xeyir-dua ilə Nikol Paşinyana qarşı genişmiqyaslı təzyiqə start veriblər. 

Politoloq Zaur Məmmədov vurğulayıb ki, İrəvanda, Gümrüdə, Üçkilsədə və s. regionlarda davam etməkdə olan aksiyalar Xankəndiyə də təsirsiz ötüşməyəcək. Ekspertə görə, yaxın vaxtlarda revanşist qüvvələrin məqsədlərinə çatmayacaqları təqdirdə, Qarabağdakı ermənilər arasında da bölgü aparacaqları istisna deyil: 

“Bəzi iddialara görə, Robert yaxın ətrafı vasitəsilə Arutyunyandan mövqe nümayiş etdirməyi tələb edib. Samvel Karapetyan tərəfindən açılan atəş də separatçılar arasında da vəziyyətin yaxşı olmadığının, Ermənistandakı siyasi mübarizənin yaxın vaxtlarda Xankəndidə daha ciddi şəkildə hiss ediləcəyindən xəbər verir. Bu xüsusda, istisna etmirəm, hətta əminəm ki, son günlərdə Kəlbəcər istiqamətində Azərbaycan ordusuna qarşı törədilən təxribatın arxasında mart ayında Fərruxlu kəndindəki təxribatda olduğu kimi məhz Koçaryan dayanır. Bununla Koçaryan və onun komandası "sərhəddəki mümkün uğursuzluq" fonunda Paşinyanın ictimaiyyət qarşısındakı reytinqini çalxalamaq istəyir. Bu təcrübə yeni deyil, bundan əvvəl sülhməramlıların müvəqqəti yerləşdikləri ərazidəki təxribat nəticəsində Paşinyana ciddi şəkildə təzyiqlər edilmişdi. Hətta Paşinyan sülhməramlıları günahlandıran bəyanatlar da vermişdi. Hazırda müəyyən dövlətlər və müxalifət Paşinyanı devirmək üçün "uyğun" vaxt seçiblər. 1998-ci ildə olduğu kimi bu dəfə də Azərbaycan və Ermənistan arasında ciddi danışıqların getdiyi bir vaxtda Robert Koçaryan keçmiş təcrübəsini ikinci dəfə reallaşdırmaq və legitim hakimiyyəti kürsüdən qovmaq iddiasına düşüb. Tarix yenidən təkrarlanır. Sadəcə, indi Ter-Petrosyanın yerinə Paşinyandır. Radikal müxalifətin arxasında isə elə həmin xarici dairələr və daxildəki qaniçən sosial bazadır”.

Z.Məmmədova görə, Ermənistandakı hadisələr sülh prosesinə ziyan vura bilər: 

“Ermənilər əmin olmalıdırlar ki, Paşinyanın mövcud vəziyyət fonunda üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi və ya yeni gələcək hakimiyyətin "öhdəlikləri biz götürməmişik, xain Paşinyan götürüb" kimi mümkün iddiaları - yeni müharibəni labüd edəcək. Ermənistan və Rusiya dövlətləri Üçtərəfli Bəyanatın tərəfləri kimi üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri təqdirdə Azərbaycan xarici siyasət istiqamətləri ilə bağlı ciddi qərarlar qəbul edəcək”.