İlin sonuna kimi Aİ ilə yeni sazişin imzalanması realdır



Tərəflərin strateji maraqları əməkdaşlığın dərinləşdirilməsini zəruri edir

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Ölkəmiz 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Aİ Azərbaycanın ən böyük ticarət və ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları sırasında Aİ 2-ci yerdə dayanır. Prezident İlham Əliyevin iştirakı ilə 11 iyul 2018-ci il tarixində Brüssel şəhərində sənəd üzrə danışıqların bitməsini qeyd edən mərasim keçirilib. Sənəd 28 sentyabr 2018-ci il tarixində Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının tövsiyəsi ilə qəbul edilib və həmin tarixdən qüvvəyə minib. Tərəfdaşlıq Prioritetləri - qurumların gücləndirilməsi və yaxşı idarəçilik, iqtisadi inkişaf və bazar imkanları, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti, yerdəyişmə və insanlar arasında əlaqələri əhatə edir. Sənəddə tərəflər ərazi bütövlüyü, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı, bir-birilərinin müstəqilliyi və suverenliyinə hörmət və bu prinsiplərin dəstəklənməsinə sadiq qalmaqla öz aralarında münasibətlərini daha da inkişaf etdirmək məqsədi daşıdıqlarını bildirirlər. Hazırda sənədin müddətinin 2027-ci ilədək uzadılması istiqamətində iş aparılır. 

Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko ADA Universitetində keçirilən "Avropa günü"nə həsr olunmuş seminar zamanı deyib ki, Azərbaycan Avropa İttifaqının (Aİ) əsas enerji tərəfdaşlarından biridir. Onun sözlərinə görə, Azərbaycan həm "Şərq tərəfdaşlığı" formatında, həm də iqtisadiyyatın müxtəlif sektorlarında Aİ-nin ən yaxın tərəfdaşlarındandır: “Bizim Azərbaycanla əməkdaşlığımızın prioritetləri həm də rəqəmsal texnologiyalara keçid, kənd rayonlarının inkişafı və insanlar arasında təmasın gücləndirilməsidir”. 

O qeyd edib ki, Azərbaycanla Aİ arasında yeni hərtərəfli saziş məhsuldar əməkdaşlığı daha da möhkəmləndirəcək: “Biz ümid edirik ki, yeni hüquqi baza inkişafın daha da dərinləşdirilməsi üçün imkan yaradacaq”. 

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rəşad Novruz da bildirib ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni hərtərəfli saziş tezliklə əldə olunacaq və layiqli nəticələr verəcək: “Azərbaycan və Aİ bir-biri üçün anlayışlı tərəfdaşdır. Məhz buna görə bizim əməkdaşlığımız bundan sonra da inkişaf edəcək”. R.Novruzun sözlərinə görə, Aİ Azərbaycan üçün təkcə ən iri ticarət tərəfdaşı deyil, həm də investisiyalara görə birinci yeri tutur: “Azərbaycan da ikitərəfli münasibətlərlə bağlı Aİ kimi gələcəyə baxır”. 

Fransanın Azərbaycandakı səfiri Zakari Qross da qeyd edib ki, Aİ Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə çalışır: “Biz Azərbaycanı tərəfdaş kimi görürük”. O, ümidvar olduğunu bildirib ki, tərəflər arasında bu münasibətlər gələcəkdə də inkişaf edəcək. 

Litvanın Azərbaycandakı səfiri Eqidius Navikas bildirib ki, Aİ ilə Azərbaycan arasında vizasız rejimin tətbiqi daha məhsuldar əməkdaşlıq üçün vacib addım ola bilər. Onun sözlərinə görə, Azərbaycanla Aİ arasında münasibətlər ikinci Qarabağ müharibəsindən sonra daha intensiv mərhələyə keçib: “Aİ şirkətləri Qarabağda bərpa işlərində fəal iştirak edir. Aİ, həmçinin Azərbaycanla Ermənistan arasında dinc münasibətlərin qurulmasında vasitəçi kimi çıxış edir”. 

Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığı barədə “Şərq”ə danışan siyasi şərhçi Zaur İbrahimli deyib ki, Aİ ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 22 aprel 1996-cı il tarixində Lüksemburq şəhərində imzalanıb və 1 iyul 1999-cu il tarixində qüvvəyə minib. Ekspertə görə, sənəd Avropa İttifaqı (Aİ) ilə, hərbi sahə istisna olmaqla, bütün sahələrdə əməkdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edir və əməkdaşlığın formatını müəyyənləşdirir: 

“10 il müddətinə imzalanmış Sazişin icra müddəti 2009-cu ildə bitməsinə baxmayaraq, onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır. Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Avropa Qonşuluq Siyasətinin yeniləşdirilməsindən sonra Aİ Azərbaycanla Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planını əvəz edəcək yeni Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparır. Sənəd 28 sentyabr 2018-ci il tarixində Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının tövsiyəsi ilə qəbul edilib. Həmin tarixdən qüvvəyə minib. Hazırda Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti, yəni quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzalayıb. Aİ Azərbaycanın əsas ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Azərbaycanın ticarətinin 40 faizdən çoxu birliyə üzv dövlətlərin payına düşür. 2020-ci ildə tərəflər arasında ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub. Bu il fevralın 4-də Bakıda, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı çərçivəsində Azərbaycanın Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edilib. Tədbirdən sonra Avropa İttifaqının genişlənmə və qonşuluq üzrə komissarı Oliver Varhelyi iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrılması barədə bəyanatla çıxış etdi. Azərbaycan hazırda Aİ-nin qaza tələbatının 5 faizini ödəyir”.

Z.İbrahimli vurğulayıb ki, Aİ 2021-ci ildən Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün fəal vasitəçilik səylərinə başlayıb: 

“Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini qəbul edərək, Bakının irəli sürdüyü prinsipləri qəbul etdi. Hazırda Aİ Ermənistanla danışıqlarda əsas vasitəçi kimi çıxış edir. Bütün bunlar deməyə əsas verir ki, Aİ ilə yeni saziş bu il imzalana bilər. Sazişin imzalanması ilə bağlı açıq məlumatlardan o qənaətə gəlmək olar ki,  ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü, kənd təsərrüfatının subsidiyalaşdırılması, bəzi nəqliyyat məsələləri, hava məkanının açılması, daxili bazarda qiymətlərin tənzimlənməsi ilə əlaqədar məsələlər razılaşdırılmamış qalıb. Düşünürəm ki, bu məsələlərlə bağlı ortaq baxış əldə edilib. Vacib məqam Aİ və rəsmi Bakının əməkdaşlığın genişləndirilməsi üçün siyasi iradə nümayiş etdirməsidir. 

Həmçinin, hazırda tərəflərin strateji maraqları əməkdaşlığın dərinləşdirilməsini zəruri edir. Bir çox vacib istiqamətlər, xüsusən təhlükəsizlik və müdafiə, Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat və kommunikasiya dəhlizləri vasitəsilə ticarətin dəstəklənməsi, Aİ ilə qonşu regionlarda sabitlik və sülhün bərqərar olunmasında maraqları üst-üstə düşür. Məhz bu səbəbdən ilin sonuna kimi sözügedən sazişin imzalanması real görünür”.