Paşinyan yenə Moskvaya gedir: Həlledici olacaq


Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etmək məqsədi ilə mayın 16-da Rusiyanın paytaxtı Moskva şəhərinə gedəcək. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Mayın 16-da Moskvada KTMT-nin yaranmasının 30 illiyi ilə bağlı quruma üzv dövlətlərin Zirvə toplantısı keçiriləcək. Bu, liderlər səviyyəsində görüş olacaq. İşgüzar səhər yeməyində liderlər arasında təkbətək görüş keçiriləcək. KTMT-nin baş katibi Stanislav Zasla qurumun indiki sədri Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşün yekunlarına dair mətbuat konfransı olacaq”, - o qeyd edib.

Ermənistanda baş verən aksiyaların fonunda Paşinyanın Moskvaya səfəri gözlənilən idi. KTMT- nin 30 illiyinə dair keçirilən toplantı Rusiya Prezidenti Vladimir Putinlə Paşinyan arasında  növbəti təkbətək görüş üçün yaxşı fürsətdir. Nəzərə almaq lazımdır ki, sonuncu Moskva görüşü uğursuz olmuşdu. 

Çox güman, həmin görüşdə Putin istədiyinə nail ola bilməmişdi. Ona görə də əl altıları vasitəsilə Ermənistanda xaos yaratmaqla Paşinyanı cəzalandırmaq qərarına gəlmişdi.

 Mitinqlər hələ ki, davam edir. Çox güman ki, mayın 16- na qədər aksiyalar tam səngiməyəcək. Ola bilsin, Putin "öhdəliklərin" yerinə yetirilməsi, o cümlədən Qarabağ məsələsi ilə bağlı  tələsməmək, Ukraynadakı müharibəyə dair Ermənistandan daha konkret mövqe haqqında Paşinyandan razılıq almaq istəsin. Bunun üçün isə İrəvəna təzyiqlərin artırılması ən yaxşı vasitədir.
 İstisna deyil ki, liderlerin bu dəfəki görüşündə Putin Paşinyana daha ciddi xəbərdarlıq edəcək. Məsələn, Paşinyanın Putinin şərtləri ilə razılaşmayacağı təqdirdə KTMT qoşunlarının Ermənistana daxil olması və hakimiyyətin devrilməsi barədə ultimatum verilməsi mümkündür. Təbii ki, belə bir hal olsa, bu, gizli qalacaq, ictimaiyyətə açıqlanmayacaq.

 Hər halda Paşinyan indi real təhlükəni anlayır. O, bilir ki, Kremlin hazırkı ambisiyaları kifayət qədər əhəmiyyətlidir. 

 Moskva səfərinədək Paşinyanın Qərb liderləri ilə danışması və onlardan təlimatlar alması mümkündür. Baş nazir Rusiyada müqavimət göstərməyə çalışacaq. Bunu nə qədər bacaracağını demək isə hələlik çətindir. Çünki Putin getdikcə aqressivləşir. Bu isə İrəvən üçün təhdidi hər ötən gün bir az da artırır. 

 Əgər Moskvada liderlər arasında təkbətək görüş keçirilsə, yəqin ki, bu, ciddi nəticələrlə yadda qalacaq. Ən azından həmin görüşdən sonra ya Ermənistan daxilindəki aksiyalar və sərhəddəki təxribatlar səngiyəcək, ya da əksinə, daha kritik durum yaranacaq.