Ankara Asiyanı fəth edir

"Obrazlı desək, Türkiyə üç qitədə jandarma funksiyasını yerinə yetirəcək"

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Kasım Jomard Tokayev arasında ikili və genişheyətlərlə görüş keşrildi”. Bu barədə Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib. Analitik bildirib ki, Türkiyə və Qazaxıstan arasında ümumi həcmi 1 milyard dollardan artıq olan sənədlər imzalanıb: 

“Tərəflər arasında müxtəlif sahələri əhatə edən 15 sənəd, o cümlədən, strateji müttəfiqlik haqqında sənəd imzalandı. Sənədlər hər iki ölkə arasında siyasi, iqtisadi, hərbi, mədəni və strateji sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi və şaxələndirilməsini nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, 2022-ci ilin yanvar ayının əvvəlində Qazaxıstanda sosial zəmində başlayan etiraz aksiyaları qısa vaxtda ölkənin bir neçə şəhərini bürüdü və Tokayev bu aksiyaları yatırtmaq üçün Rusiyanın başçılıq etdiyi KTMT qüvvələrini köməyə çağırdı. Əlbəttə, həmin vaxt əksər analitiklər hesab edirdilər ki, Qazaxıstanda baş verənlər onun türkdilli dövlətlərlə, xüsusilə də Türkiyə ilə münasibətlərinə zərbə vuracaq. Amma baş verən proseslər onu göstərir ki, vəziyyət heç də o yöndə cərəyan etmir. Əksinə, Qazaxıstan Ukrayna məsələsində Rusiyaya dəstək verməməklə yanaşı həm də Türkiyə ilə münasibətləri ən yüksək səviyyəyə qaldırmaq niyyətində olduğunu açıq şəkildə ortaya qoymuş oldu. Sual yaranır ki, Rusiya ilə həm Gömrük İttifaqında, həm KTMT-də, həm Avrasiya İttifaqında birgə olmasına baxmayaraq, Qazaxıstanı belə cəsarətləndirən amillər haradan qaynaqlanır? Təbii ki, burada ilk ağla gələn Rusiyanın Ukraynada apardığı uğursuz işğalçılıq müharibəsidir. Digər tərəfdən son zamanlar Türkiyənin regionda və dünyada artan nüfuzudur. Burada Türkdilli Dövlətlər Təşkilatını yaddan çıxarmaq mümkün deyil”.

S.Hümbətov qeyd edib ki, gözləniləndir ki, yeni dünya düzənində Rusiyanın nüfuzunun daha çox olduğu regionlarda, xüsusilə də Mərkəzi Asiyada əldəyişimi baş verəcək və onu Türkiyə əvəz edəcək:

 “Obrazlı desək, Türkiyə üç qitədə jandarma funksiyasını yerinə yetirəcək. Bu isə o deməkdir ki, Türkiyə həm Avropada, həm Asiyada, həm də Afrikada getdikcə daha da güclənəcək. 

Rusiyanın tədricən çəkildiyi regionlarda isə yeni strateji hədəf uğrunda mübarizə güclənəcək. Burada isə Türkiyənin yeni rəqibi Çin ola bilər. Nəzərə alsaq ki, Çinin də Qazaxıstanda güclü nüfuzu var, o zaman Qazaxıstan uğrunda yeni mübarizənin Türkiyə və Çin arasında gedəcəyi daha çox real görünür. 

Çin Mərkəzi Asiyada yumşaq güc kimi iqtisadi rıçaqlardan istifadə etdiyi halda, Türkiyə həm siyasi, həm iqtisadi, həm mədəni, həm də dini rıçaqlardan istifadə edir”.