Paşinyan sonda reallıqlarla barışacaq

Laçında Azərbaycanın sərhəd və gömrük postlarının olması mütləqdir

  “Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasına sülh müqaviləsinin bağlanmasından sonra baxılmalıdır”. Bu sözləri “Şərq”ə politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və Qarabağ məsələsini gündəmə gətirməməlidir: 

“Ermənistan Qarabağda etnik ermənilərin hüquqları və təhlükəsizliyini qabardacaqsa, sülh danışıqları mümkün olmayacaq. Baş nazir Nikol Paşinyan reallıqlarla barışmalıdır və barışacaq. Bundan əlavə, Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsi və orada Azərbaycanın sərhəd və gömrük postlarının olması mütləqdir. 

Bu, ilk növbədə Rusiyanın əl-ayağını bağlayacaq. Çünki Qarabağda silahlı ermənilərin lojistikasını Rusiya həyata keçirir. Azərbaycan tərəfi Rusiyanın bu addımlarını neytrallaşdırmalıdır. Əsas proseslər qarşıdadır. Brüssel və Moskva arasında Cənubi Qafqazda rəqabət uğrunda mübarizə gedir. 

Moskva deastiblizasiyada, Brüssel isə sabitlikdə maraqlıdır. Məhz Avropa İttifaqının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi əldə olunmuş razılaşmaların praktiki həllini özündə ehtiva edir. Büresselin vasitəçiliyi onda baş tutacaq ki, Ankara prosesdə yer alaraq Moskvanı neytrallaşdırsın”.