Şimali Kiprlə əlaqələr həmişə olub



Ankaranın Bakıdan istəyi odur ki, təmaslar, gediş-gəliş daha da artsın

  Azərbaycan Prezidenti İlham Əliyev Konyada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla yanaşı Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla da görüşüb, onunla fikir mübadiləsi aparıb. Ersin Tatar “tviter” səhifəsində yazıb ki, dövlət başçısı İlham Əliyevlə görüş zamanı əlaqələrin inkişafını müzakirə ediblər. Rəsmi Bakı Qarabağ məsələsinə görə uzun müddət idi ki, Kiprin müstəqilliyini tanımırdı. Ehtiyat edirdi ki, yunanlar Azərbaycan əleyhinə Qarabağ separatçıları ilə əlaqələr qura bilərlər. Əslində Yunanıstanın və Kipr Yunan Respublikasının erməni separatizminə simpatiyası sirr deyil. İrəvanla üçlü format təsis ediblər. Lakin ekspertlərin fikrincə, Azərbaycan Qarabağda separatizmi tam bitirdikdən sonra Şimali Kipri rəsmən tanımaq imkanı qazanacaq. 
Politoloq Elxan Şahinoğlu deyib ki, ona qədər Azərbaycanın Şimali Kiprlə sıx iqtisadi və turizm əlaqələrini inkişaf etdirməyə heç nə mane olmur. Analitik xatırladıb ki, mərhum dövlət başçısı Heydər Əliyev 1990-cı illərin sonunda Şimali Kipr Türk Respublikasının əfsanəvi lideri Rauf Denktaşı Bakıya dəvət etmişdi: “Bundan sonra Bakı-Lefkoşe təyyarə reysinin açılması gündəmdə idi. Ancaq iş yarımçıq qaldı. Şimali Kiprin gözəl turizm məkanları mövcuddur. Türkiyə üzərindən yay aylarında adada dincəlməyə gedən soydaşlarımız var. Kipr universitetlərində təhsil alan tələbələrimiz az deyil. Ticarət əlaqələrini genişləndirmək üçün də imkanlar var. Ankaranın da Bakıdan istəyi Azərbaycanın Şimali Kiprlə təmaslarının və gediş-gəlişlərinin artmasıdır”.