Azərbaycan Aİ-nın “əlini gücləndirdi! - Rusiya rəsmi Bakının maraqlarına ziddi addım atarsa...”

Azərbaycan beş Ermənistan hərbçisini azad edərək dövlət sərhədində qarşı tərəfə təhvil verib. Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. Rəsmi Bakının belə humanist addımı Avropa İttifaqı tərəfindən də rəğbətlə qarşılanıb. 

Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz “Twitter”ində yazıb : “Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçinin azad edilməsi ilə bağlı xəbərini alqışlayırıq. Bu əhəmiyyətli humanitar jestdir və eyni zamanda təhvil-təslim prosesi olmadan bunun baş tutması isə diqqətəlayiqdir”.

Məsələni dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a bildirib ki, Azərbaycan tərəfi üzərinə düşən bütün tapşırıqaları lazımınca yerinə yetirir:

“ Ermənistan isə daha çox Rusiyanın, eləcə də, Avropanın təzyiqindən sonra  gərəkli addımları atıb. İndi rəsmi Bakının son olaraq beş erməni hərbçini də qarşı tərəfə təhvil verməsi bir daha onun sülh mövqeyində dayanmasını göstərir. Ermənistan isə belə mövqe sərgiləmir. Son günlər sərhəddə baş verən hadisələr də bizə bunu deməyə əsas verir. Sonuncu avqustun 31-də baş tutan Brüssel görüşündə əldə edilən razılaşmalarda qeyd olunub ki, Azərbaycan erməni hərbçilərini rəsmi İrəvana təhvil verməli və Ermənistan bunun qarşılığında itkin düşmüş azərbaycanlılar haqqında məlumat ötürməlidir. 

Ancaq görünən odur ki,  Ermənistan tərəfi hələ də bunu etməkdən boyun qaçırır. Azərbaycan isə öz üzərinə düşəni zamanında yerinə yetirərək Brüssel razılaşmasına sadiq olduğunu göstərir. 

Hazırda  tərəflər arasında imzalanacaq yekun sülh üçün işçi qrupunun yaradılması aktualdır. 

İndiki məqamda rəsmi Bakı belə humanist addımla da bir növ Avropaya bizim bütün qaydalara əməl etdiyimizi nümayiş etdirir. Ona yekun sülh üçün əsas manelər törədən tərəfin Ermənistan olduğunu bildirir.

 Digər tərəfdən Azərbaycan Brüssel razılaşmasına əməl etməklə Aİ-nın “əlini gücləndirdi”. 

Bununla o həm də Rusiyaya rəsmi Bakının maraqlarına zidd addım atılacağı təqdirdə  öz alternativinin olduğu mesajını verdi”

.