Ərdoğan namizəddir!

İqtidar, müxalifət hələ bütün kartlarını açmayıb

Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticələri barədə danışmaq tezdir

  Türkiyədə prezident seçkiləri 2023-cü ilin iyun ayının 18-də keçiriləcək. Türkiyədə gələn il keçiriləcək seçkilər təkcə qardaş ölkədə deyil, həm də regionda və dünyada diqqətlə izlənilir. Rusiya-Ukrayna müharibəsində tərəflər arasında barışcıl missiyanı öz üzərinə götürən, qlobal taxıl probleminin həlli istiqamətində ciddi səylər göstərən Türkiyənin yeni liderinin kim olacağı maraq doğurur. Məlumat üçün bildirək ki, Türkiyədə prezident və parlament seçkiləri yerli qanunlara görə eyni gündə keçirilir. Seçki mübarizəsi hakim AKP və tərəfdaşı MHP-nin təşkil etdiyi "Cümhur İttifaqı" ilə 6 müxalif partiyanın təmsil olunduğu "Millət İttifaqı" arasında gedəcək. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) Prezident Rəcəb Tayyib Ərdoğanın 2023-cü ildə yenidən namizəd olacağını elan edib. 

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı da 2023-cü ildə keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı Ərdoğanı dəstəkləyəcəyini bildirib. Altı partiyadan ibarət müxalifət bloku hələ ki öz vahid namizədini açıqlamayıb. 

Qeyd edək ki, müxalifət bundan əvvəl bildirmişdi ki, Türkiyənin hazırkı prezidenti seçkilərdə iştirak edə bilməz, çünki bu, onun üçüncü müddəti olacaq. Ədliyyə Nazirliyinin rəhbəri isə dəfələrlə bəyan edib ki, 2018-ci ildə Türkiyədə parlament idarəetmə formasından prezident üsul-idarəsinə keçidindən sonra qarşıdan gələn prezident seçkiləri Ərdoğan üçün ikinci seçki olacaq. 

  Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə deyib ki, Türkiyədə 2023-cü ilin iyununda keçiriləcək prezident seçkilərində “Cümhur İttifaqı”nın vahid namizədi bəllidir. Partiya təmsilçisi vurğulayıb ki, indi gözlər müxalifətə yönəlib:

 "6 partiyanın birləşdiyi “Millət ittifaqı”ndan prezidentliyə vahid namizəd kim olacaq? "Millət ittifaqı"nda əksər üzvlər Mansur Yavaş, Əkrəm İmamoğlunun və Kamal Kılıçdaroğlunun namizədliklərinə müsbət baxırlar. Seçki prosesinin fonunda əsas müzakirələrdən biri də seçki kampaniyası dövründə Türkiyə daxilində qarşıdurmaların yarana biləcəyi, gərginliyin olacağı ilə bağlıdır. Qardaş ölkənin Qərblə davam edən gərgin münasibətləri fonunda daxildə ciddi təhlükələr yaşaya biləcəyi barədə narahatlıqlar səsləndirilir. Qərbin hər vəchlə seçki prosesinə təsir etmək üçün hərəkətdə olacağı deyilir". 
  S.Əsədliyə görə, seçkilərin nəticələri barədə hələ danışmaq çox tezdir, çünki proseslər yeni başlayır: "Tərəflər hazırda bütün kartlarını açmayıblar. Ona görə konkret söz demək çətindir. İqtidarın bir qədər vəziyyəti asandır. Çünki əvvəlcədən MHP ilə ”Cümhur ittifaqı” qurub, nə etdiklərini bilirlər, namizədləri də bəllidir. Amma müxalifətə gəldikdə, burada tamam fərqli situasiya yaşanır. Tam şəkildə namizədin kim olduğu bilinmir. Müxalifət gedişlərini və namizədini düzgün müəyyənləşdirərsə, o  zaman geniş müxalifət koalisiyası ikinci tur reallığını qazana bilər".