Əlbəttə, Fransaya ayıb olsun!



Əhəd Məmmədli: "Amma əgər təxribatlar baş verirsə, təhlükələrlə üzləşiriksə, o zaman mühafizə işinə diqqət yetirmək lazımdır"

  Fransada ermənilər Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. Hüquq-mühafizə orqanları isə onlara müdaxilə etməyib. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev tviter hesabından Paros hökumətinə etirazını bildirib: "Fransanın erməni fanatları Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun!”.  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, Fransadakı səfirliyə hücum ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin erməni icmasının radikal nümayəndələrinin hücumuna məruz qaldığı ilk hal deyil. O bildirib ki, bununla daha öncə də üzləşmişik və təəssüf ki, son günlər bu cür hərəkətlərin şahidi oluruq: “Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən açıqlamalar verilib, məsələnin ciddi narahatlıq doğurduğu bildirilib və bu kimi hadisələrin baş verdiyi ölkələrə müvafiq ismarışlar göndərilib. Beynəlxalq hüquqa, daha dəqiq desək, 1961-ci il tarixli Vyana Konvensiyasına görə, diplomatların və diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi öhdəliyi onların yerləşdiyi ölkənin üzərinə düşür. Dövlətləri həmin Konvensiyanı lazımi şəkildə icra etməyə çağırmışıq”. Bundan sonra Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib. 
  Xatırladaq ki, ermənilər Livandakı Azərbaycan səfirliyinə də hücum çəkiblər. O cümlədən Gürcüstanda yaşayan ermənilər də qonşu ölkədəki diplomatik korpusumuzu hədəf alıblar. Ekspertlərin fikrincə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı erməni icmaları tərəfindən təşkil edilən hücumlar beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə nəzarətə götürülməli, vandalizm və terror şüarları altında dinc insanlara qarşı bu cür zərərli halların qarşısı dərhal alınmalıdır. Ermənilərin bu hərəkətlərinə qarşı sərt addımlar atılmadığından onların cəzasızlıq mühitində vəhşiliyi daha da artır və aqressiya üçün yeni zəminlər yaranır. Ona görə də müvafiq dövlətlərin aidiyyətli qurumları və beynəlxalq icmalardan erməni təxribatların qarşısının alınması üçün qətiyyətli tədbirlər görəcəyini gözləyirik. 
  AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli "Şərq"ə bildirib ki, Londonda səfirliyimizə qarşı baş vermiş təxribatdan sonra ciddi nəticə çıxartmalı və xarici ölkələrdəki diplomatik korpuslarımızın müdafiəsini gücləndirməli idik. Partiya rəsmisi qeyd edib ki, prosesləri nəzərə alaraq, səfirliklərimizin xüsusi mühafizəsi təşkil olunmalı idi: "Təəssüf ki, baş verən proseslərdən lazımi nəticəni çıxartmırıq. Qısa müddətdə üç ölkədə - Livan, Fransa və Gürcüstanda erməni təxribatları ilə üzləşdik. Başqa ölkələrdə baş verməyəcəyinə heç kim qarantiya vermir. Fransadakı səfirimiz açıqlama yayır ki, "hökumət qurumları, hüquq-mühafizə orqanları onları qorumur, ayıb olsun". Əlbəttə, Fransaya ayıb olsun, amma yaxşı olardı ki, səfirimiz özəl mühafizə şirkətləri ilə danışıb səfirliyin təhlükəsizliyini gücləndirərdi. Azərbaycandakı ABŞ, Rusiya və digər Avropa ölkələrinin səfirliklərinin daxilində xüsusi mühafizə xidmətləri var. Niyə biz bunu tətbiq etməyək? Əgər təxribatlar baş verirsə, təhlükələrlə üzləşiriksə, o zaman mühafizə işinə diqqət yetirmək lazımdır. Çünki həmin ölkələrdəki səfirliklərimizin ərazisi Azərbaycan bölgəsi sayılır. Səfirliklərimizə hücum birbaşa Azərbaycana hücum deməkdir. Xarici İşlər Nazirliyimiz və diasporamız bu məsələdə daha fəal və həssas olmalıdır. Ən azından erməni lobbisinin güclü olduğu ölkələrdə Azərbaycanın diplomatik korpusları daha güclü qorunmalıdır. Həmin ölkələrin hüquq-mühafizə orqanları etmirsə, bunu özümüz təşkil etməliyik".