Fransa beynəlxalq öhdəliyə hörmətlə yanaşmır

Hər bir ölkə öz ərazisində yerləşən diplomatik korpusun qorunmasında borcludur

  Ermənilərin xarici ölkələrdəki Azərbaycan səfirliklərinə hücumları intensiv hal almaqdadır. Son olaraq sentyabrın 18-də Azərbaycanın Fransadakı səfirliyinə basqın edilib. Hətta bu hadisə səbəbilə Fransanın Azərbaycandakı səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə çağırılıb və XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib. Livandakı səfirliyimizin qarşısında isə analoji təxribat baş verib. Xatırladaq ki, avqustun 4-də Böyük Britaniyadakı səfirliyimizə “Mehdi qulluqçuları” adlı dini radikal təşkilatın üzvləri hücum çəkmişdilər. 

Xarici ölkələrin Azərbaycandakı səfirliklərində mühafizəçilərin çoxu azərbaycanlıdır. Bakıda asanlıqla səfirlik binasına daxil olmaq mümkün deyil. Yəni Azərbaycanda ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələrin səfirliklərinin qorunması Azərbaycan polisi tərəfindən ciddi şəkildə həyata keçirilir. Nəzərə almaq lazımdır ki, səfirlik hansısa hərbi obyekt, qala deyil. Orada çalışan diplomatlar da polis, hərbçi deyillər. Ona görə də diplomatları qəbul edən ölkə təhlükəsizliyi təmin etməyə borcludur. Bu, Vyana Konvensiyası ilə təsdiq edilmiş qarşılıqlı öhdəlikdir. Təbii ki, səfirliklərin daxilində də müəyyən təhlükəsizlik tədbiri görülə bilər. Amma bu o demək deyil ki, səfirliyimizin olduğu ölkə qanunların pozulmasına imkan verməli, beynəlxalq öhdəliklərdən yan keçməlidirlər. 

  Millət vəkili Azər Badamov "Şərq"ə deyib ermənilərin xəmiri təxribat və düşmənçilik qanı ilə yoğrulub. Deputat bildirib ki, həm döyüş, həm də informasiya meydanında uduzmuş ermənilər son imkanlarını xarici ölkələrdə yerləşən səfirliklərimizin binalarına hücumlarla göstərməklə öz düşmənçiliklərini ifadə edirlər: 

“Əvvəlcə Livanda, sonra da Fransada səfirlik binalarımıza edilən erməni hücumları bunun göstəricisidir. Ermənilər ancaq özlərinin təsiri altındakı dövlətlərdə belə təxribat aktlarına cəhd edə bilirlər. Fransa hüquq-mühafizə orqanlarının erməni təxribatının qarşısının alınmasına ciddi yanaşmaması hesab edirəm ki, bu ölkənin ermənipərəst mövqedə olduğunun aydın ifadəsidir. Halbuki, hər bir ölkə öz ərazisində yerləşən diplomatik korpusun qorunmasında borcludur. Amma Fransa dövləti bu beynəlxalq öhdəliyə hörmətlə yanaşmır. Azərbaycan səfirliyinin əməkdaşlarının vətənpərvərliyi ermənilərin hər bir hücumunun qarşısını almağına qadirdir. Fransada səfirliyimizdə olan bir əməkdaşın qətiyyəti və iradəsi yüz ermənidən güclüdür. Ona görə bir daha deyə bilərəm ki, erməni lobbisinin informasiya müharibəsi və dövlət rəhbərlərinin ələ alınması siyasəti Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına mane ola bilməz. Azərbaycan sülh və ədalətin tərəfdarıdır və qarşı tərəfi də sülhə və ədalətə hörmət etməyə məcbur edəcəyik”.