Amerikanın istədiyi dünya nizamı hələ qurulmayıb



Hikmət Babaoğlu: "Amerikanın Cənubi Qafqaza münasibətdə yol verdiyi qeyri-proporsional siyasətin nə ilə nəticələnəcəyini bir müddət sonra görə biləcəyik"

  ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri və İrəvanda Azərbaycan əleyhinə verdiyi açıqlamalar Vaşinqtonun Cənubi Qafqazdakı maraqlarına ziddir. ABŞ-da erməni lobbisi və onlara bağlı bir qrup konqresmen ölkəmizi hədəf seçsə də, Amerikanın təhlükəsizlik maraqları Azərbaycanla hərtərəfli əməkdaşlığı diktə edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində kiçik də olsa pay sahibi olması Amerikanın maraqlarına uyğundur. Digər tərəfdən Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu oynaması da Vaşinqtonun diqqət mərkəzindədir. Buna baxmayaraq, Nensi Pelosi kimilərinin anti-Azərbaycan fəaliyyəti ölkəmizdə Amerikaya qarşı haqlı narazılıq yaradır. Bunu Amerikanın rəsmi qurumları da anlamamış deyil. 

Pelosinin İrəvanda anti-Azərbaycan açıqlamalarından sonra dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Ekspertlərin fikrincə, bu zəngin əsas məqsədi Pelosinin İrəvandakı açıqlamalarını yumşaltmaq məqsədi daşıyırdı. Yəni Vaşinqton Bakıya belə mesaj vermək istəyib ki, Amerikada hamı Pelosi kimi düşünmür. 

  Millət vəkili Hikmət Babaoğlu deyib ki, Pelosinin Ermənistana səfəri birdən çox məqsəd daşıyır. Deputatın sözlərinə görə, şərti olaraq bu məqsədləri xarici və daxili olmaqla iki hissəyə bölmək olar: 

"Pelosi aralıq seçkilərdə öz əlini daha da gücləndirmək, yenidən spiker seçilmək və ABŞ-da olan erməni lobbisinin dəstəyini qazanmaq üçün bu addımları ata bilər. O hesab edir ki, dəstək olarsa, Nümayəndələr Palatasında mövqeyi daha da güclənər. Amma Pelosinin səfərini sadəcə bu faktorla izah etmək düzgün olmaz. Ona görə ki, bəzi ölkələr hələ də Cənubi Qafqazı öz geostrateji ambisiyalarının rəqabət bölgəsinə çevirməyə çalışır. Bu kontekstdə yanaşsaq, deyə bilərik ki, ABŞ Nümayəndələr Palatasının spikeri regiona birtərəfli səfər etməklə öz mövqeyini nümayiş etdirmiş oldu. Kimin yanında olduğunu dünyaya göstərməyə çalışdı. Bu da natamam siyasətdir. Çünki ABŞ-ın qurmağa çalışdığı dünya nizamı hələ qurulmayıb. Hadisələrin sonrakı gedişi, Amerikanın Cənubi Qafqaza münasibətdə yol verdiyi qeyri-proporsional siyasətin nə ilə nəticələnəcəyini bir müddət sonra görə biləcəyik".
Parlament üzvü qeyd edib ki, bütün hallarda səfərdə Nensi Pelosinin səsləndirdiyi fikirlər əsassız, qeyri-obyektivdir: "Azərbaycan heç bir ölkəyə qarşı təcavüz etməyib və dünyada ermənilərə qarşı soyqırımı törətməyib. Əksinə, ermənilər Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı törədiblər. Nəyə görə 2 il əvvəl xanım Pelosinin yadına "soyqırımı" düşmürdü? Niyə Azərbaycanın ərazi bütövlüyünün pozulması haqqında bəyanat vermirdi? Belə olan halda ABŞ-ın Nümayəndələr Palatasının sədrinin İrəvana birtərəfli səfərinin nə qədər qərəzli olduğunu və orada səsləndirilən fikirlərin heç bir obyektiv əsasının olmadığını görürük. Azərbaycan o fikirlərin heç birini qəbul etmir".