Putin Azərbaycan və Ermənistana nə demək istəyib?- Şərh


Rusiya Prezidenti Vladimir Putin dünən Azərbaycan- Ermənistan münasibətlərindən danışıb. O, sərhəddəki son gərginliyə də münasibət bildirib. Kreml rəhbəri deyib ki, Rusiya rəsmi Bakı və İrəvanı atəşkəs rejiminə riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020 və 2021-ci illərdə imzaladıqları üçtərəfli bəyanatların müddəalarına riayət etməyə çağırır. 
"Bizə yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyətin olması bizi ciddi narahat edir. Biz hamını təmkinli olmağa, atəşkəs rejiminə ciddi riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının müddəalarına əməl etməyə çağırırıq", - Putin bildirib.

Rusiya lideri vurğulayıb ki, mübahisəli ərazi məsələlərini məsləhətçi qismində Rusiyanın köməyi ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində birgə həll etmək lazımdır.

Məlumdur ki, Cənubi Qafqazda Rusiya ilə Qərb arasında mübarizə gedir. Hər iki tərəf bu mübarizənin tərkib hissəsi kimi Ermənistana təzyiqdən istifadə edir. Həm Kremlin, həm də ABŞ və müttəfiqlərinin İrəvana kifayət qədər təsir imkanı var. 
 ABŞ son vaxtlar Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışmasından istifadə edərək bölgədəki təsir gücünü artırmağa çalışır. Ağ evin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Rikerin regiona, ABŞ Konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri, həmin səfərlər vaxtı İrəvanın genişmiqyaslı təxribat törətməsi bu fikirləri təsdiqləyir. 

 Bu günlərdə ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş oldu. Sentyabrın sonunadək bu formatda növbəti görüşün keçirilməsi planlaşdırılır. 
 Əlbəttə, bütün bunlar heç də Rusiyanın ürəyincə deyil. 

Kreml regiondakı təsir gücünün azaldığını anlayır. Putinin sözügedən açıqlaması da məhz bu baxımdan qiymətləndirilməlidir. Rusiya liderinin bəyanatında diqqətçəkən məqam üçtərəfli sazişlərin xatırladılmasıdır. Kreml rəhbəri bu yolla sanki tərəflərə demək istəyir ki, yaxın keçmişi, 2020- ci ili xatırlayın və vasitəçiliyimi unutmayın. 

 Putinin "mübahisəli ərazi məsələlərini Rusiyanın köməyi ilə həll etmək lazımdır" fikri onu göstərir ki, Moskva moderatorluq statusunu bərpa etmək istəyir. Bu, özü - özlüyündə o qədər təhlükəli deyil. Əksinə, Vaşinqton və Moksva arasındakı rəqabət bizim üçün yeni imkanlar yarada bilər. Lakin həm Rusiya, həm də ABŞ qeyri - səmimidir. Onları düşündürən Azərbaycanın ərazi bütövlüyü yox, regional maraqlarıdır. 

Bunu təsdiqləmək üçün hər iki dövlətin Minsk Qrupu dövründəki fəaliyyətini xatırlamaq kifayətdir. 2020- ci ildə Azərbaycan ordusu iki böyük dövlətin 30 il ərzində bacarmadığını bacarmışdı.

 Yaxın gələcəkdə Rusiyanın vasitəçiliyi ilə üçtərəfli formatda təmaslar baş tuta bilər. Rusiya xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı və ermənistanlı həmkarlarına zəng etməsi gözləniləndir. Biz hər yeni situasiyadan öz xeyrimizə istifadə etməyi bacarmalı, Türkiyə istisna olmaqla istənilən üçüncü qüvvənin proseslərə müdaxilə imkanının minimum olmasına çalışmalıyıq.
Kənan Novruzov