Səfir: “Polşa Azərbaycan ilə iqtisadi dialoqu aktivləşdirir”

“Polşa Azərbaycan ilə iqtisadi dialoqu aktivləşdirir”.
"Report" xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski bu gün Bakıda keçirilən Polşa-Azərbaycan biznes forumunda deyib.
Diplomat Azərbaycan şirkətlərinin təmsilçilərindən ibarət ikinci nümayəndə heyətinin bu yaxınlarda Polşaya səfər etdiyini xatırladıb: "İşgüzar əlaqələrin fəallaşması Azərbaycan ilə iqtisadi əməkdaşlığı dərinləşdirməyə imkan verəcək".
Onun sözlərinə görə, Azərbaycan və Polşa turizm sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirməkdə davam edir: "Belə ki, bu ilin sentyabrında Azərbaycanın turizm agentliklərinin nümayəndələrindən ibarət ilk heyət Polşaya səfər edib. Bundan əlavə, bu il Polşanın LOT aviaşirkəti Bakı və Varşava arasında birbaşa uçuş reysi açıb".
Səfir Rafal Poborski Polşanın Azərbaycan ilə əməkdaşlığın yeni sahələri üzrə axtarış apardıqlarını və bunlardan birinin İnformasiya Texnologiyaları (İT) olacağını vurğulayıb.