Trass bacarmadı, istefa verdi

Əgər yeni baş nazir seçilərsə və yeni proqramlar açıqlanarsa, bazarlar sakitləşə bilər

  Böyük Britaniyanın Baş naziri Liz Trass istefa qərarını açıqlayıb. O, altı həftə öz vəzifəsində qalıb. Trassın baş nazirliyi dövründə milli valyuta çöküb, kömək üçün İngiltərə Bankına müraciət etməli olub. Trass eyni zamanda demək olar ki, bütün siyasi proqramından imtina edib və ən yaxın siyasi müttəfiqini işdən çıxarıb. 

  Xatırladaq ki, mərhum kraliça II Yelizaveta sentyabrın 6-da Trassı Böyük Britaniyanın baş naziri təyin edib. Beləliklə, Trass kraliça tərəfindən təyin olunan 15-ci baş nazir olub. Maraqlıdır ki, Trass bir neçə gün əvvəl parlamentarilərin "istefa" çağırışlarına baxmayaraq, vəzifəsində qalmaq niyyətində olduğunu iddia etmişdi. O, xüsusilə, "milli maraqlara uyğun hərəkət etmək üçün" baş nazir olaraq qalacağını söyləmişdi. 

  İqtisadçı Natiq Cəfərli "Şərq"ə bildirib ki, Liz Trassın anti-rekorda imza ataraq cəmi 44 gün baş nazir olması Böyük Britaniya tarixində bir ilkdir. Ekspertə görə, istefanın əsas səbəbləri Liz Trassın açıqladığı proqramın biznes sahəsi və vətəndaşlar tərəfindən normal qarşılanmaması oldu: 

"Liz Trass baş nazir seçilərkən vergilərin kəskin azaldılması ilə bağlı qərar verəcəyini açıqlamışdı. Amma hökumət bunu izah edə, əsaslandıra bilmədi. İzahın gecikməsi Britaniya birjalarını çalxalandırdı. Funt-sterlinq 45 illik tarixdə ən aşağı göstəriciyə düşdü. Qiymətli kağızlar bazarında dalğalanmalar yaşandı və səhmlər ucuzlaşdı. Bir neçə gündən sonra Tras vəziyyəti izah etməyə çalışdıqda və xarici-daxili borclanma ilə əlavə vəsait əldə edəcəyini söyləyəndə durum daha da gərginləşdi. Onsuz da Britaniyanın xarici və daxili borcu Ümumi Daxili Məhsulun az qala yüz faizinə bərabərdir. Bu da investorlar tərəfindən çox mənfi qarşılanır. Üstəlik, ard-arda iki vacib nazirin istefaya getməsi Trassa postu tərk etməkdən başqa çarə buraxmadı. Britaniyada çox maraqlı situasiya yaranıb. Proses növbədənkənar seçkilərlə də nəticələnə bilər. Müxalif partiyalar bunu tələb edirlər. Əgər yeni baş nazir seçilərsə və yeni proqramlar açıqlanarsa, bazarlar sakitləşə bilər. Ancaq ilin sonu, yaxud gələn ilin əvvəli Britaniyada növbədənkənar seçkilərin keçirilməsi ehtimalı da böyükdür".