Vardanyanın planları tezliklə ifşa olunacaq

Laçın-Xankəndi yolunda haqq, ədalət mübarizəsi gedir

Burada mülki ermənilərə qarşı heç bir təhlükədən söhbət gedə bilməz


  Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 8 gündür davam edir. Aksiya iştirakçısı, “Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun əməkdaşı Zabil Məmmədov deyib ki, erməni separatçıları sərvətlərimizin talanmasına və mina terroruna son qoymalıdırlar. O təəssüflə ifadə edib ki, hər ay Azərbaycan vətəndaşları ermənilərin basdırdığı minalara düşərək sağlamlıqlarını itirir, yaxud şəhid olurlar: "Hər kəsə məlumdur ki, Ermənistanın istehsal etdiyi minalar Azərbaycan ərazilərində, xüsusilə də mülki vətəndaşların əkin-biçin apardığı yerlərə basdırılıb. Bütün beynəlxalq qurumlardan, dünya dövlətlərindən xahiş edirik ki, ermənilərin mina terroruna son qoyulmasına köməklik göstərsinlər”. 

Z.Məmmədov xatırladıb ki, Qarabağda yaşayan dinc erməni əhalisi SSRİ dönəmindən azərbaycanlılarla bir yerdə yaşayıblar: “Bizim onlarla heç bir problemimiz yoxdur. Bu gün bizim əsas problemimiz Qarabağda məskunlaşmış separatçılarladır. Çünki onlar hazırda həmin ərazilərdə olan sərvətlərimizi talan edirlər, ekoloji terror törədirlər. Dinc əhalinin yoldan rahat istifadəsi üçün bütün lazımi şərait yaradılır. 

Gələcəkdə onları Azərbaycan vətəndaşı kimi qəbul edib birlikdə yaşaya bilərik”. 
  Digər aksiya iştirakçısı Rəfael Bayramov isə vurğulayıb ki, aksiyaya Azərbaycan xalqına dəstək üçün gəlib: “Azərbaycanda minadan zərərçəkmişləri təmsil edirik. Məqsəd sərvətlərin talanmasına qarşı çıxmaqdır. Həmçinin mina terroru nəticəsində xeyli sayda insan həlak olub, qazi olub. Qarşı tərəf buna son qoymalıdır”. Aksiya iştirakçısı, mina terrorundan zərər çəkən İntiqam Sarıyev də Ermənistanı mina terroruna son qoymağa çağırıb. Qeyd edib ki, minadan zərərçəkmişlər kimi burada olmağının səbəbi ərazilərimizdə ekoloji və mina terroruna etirazdır. Aksiya iştirakçısı vurğulayıb ki, əhalinin öz yurduna qayıtması üçün ərazilər minalardan təmizlənməlidir. Lakin Ermənistan nəinki dəqiq mina xəritələrini vermir, hətta ərazilərimizə yeni minalar basdırır. 

  Azərbaycan ərazilərində erməni ekoterrorizminə və təbii sərvətlərimizin qeyri-qanuni istismarına etiraz edən soydaşlarımız Haaqada da etiraz aksiyası və yürüş keçiriblər. Niderland-Azərbaycan təşkilatının təşəbbüsünə qoşulan azərbaycanlılar ermənilər tərəfindən ölkəmizin təbii sərvətlərinin qeyri-qanuni istismarının daha da gücləndiyi, həmin ərazidə monitorinq keçirmək cəhdlərinə imkan verilmədiyi barədə məlumatları Avropa ictimaiyyətinin diqqətinə çatdırıblar. Ekoloji terrorizmə qarşı şüarlar səsləndirən, çağırışlar edən aksiya iştirakçıları Qarabağa toplaşan azərbaycanlı etirazçıların tələblərinin haqlı olduğunu, onları dəstəklədiklərini bildiriblər. Soydaşlarımız ermənilərin uzun illərdir həyata keçirdikləri ekoloji terrorizmin bütün regionu təhdid etdiyini vurğulayıblar. Siyasətçiləri, beynəlxalq təşkilatları məsələyə adekvat reaksiya göstərməyə, bu cür cinayət halları qarşısında susmamağa, daha həssas davranmağa çağırıblar.

  Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Nəqliyyat vasitələri maneəsiz şəkildə keçiblər. 

Bir daha bəyan edilib ki, Azərbaycanlı fəallar ermənilərin mülki avtomobillərinin Laçın yolu ilə keçməsinə mane olmurlar. Rəsmi Bakı Laçın yolu ilə bağlı hər zaman birmənalı bildirib ki, bu yoldan qeyri-qanuni iqtisadi və hərbi fəaliyyət üçün deyil, yalnız humanitar məqsədlər üçün istifadə etmək olar. Əslində, ermənilərin mülki avtomobillərinin bu yoldan keçməsinə faktiki olaraq Qarabağda erməni əsilli Azərbaycan vətəndaşlarını girov saxlayan və Şuşa-Laçın yolunda dinc aksiyanı “ermənilərin blokadası və humanitar fəlakət” kimi təqdim etmək istəyən Ruben Vardanyan əngəl törədir. Onun erməniləri təxribata sürükləyən çağırışları da buna dəlalət edir. Xankəndidə izdihamlı mitinq görmək istəyən, lakin buna nail ola bilməyən Vardanyan əvəzində Ağdərə şəhərində və Xocavənd rayonunun mərkəzində təxribat məqsədli görüşlər keçirib. Onu görüşlərdə separatçı rejimin nümayəndələri müşayiət ediblər. Vardanyan Ağdərədəki qızıl və mis yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkətində olub, onun rəhbərliyi və işçiləri ilə görüşüb. Mövcud vəziyyətdən və Azərbaycanın həyata keçirdiyi siyasətdən danışan milyarder təxribatçı çağırışlar səsləndirib. Qarabağdakı mülki ermənilərlə görüşdə Vardanyan hazırkı vəziyyətdə iki ssenarinin olduğunu qeyd edib: “Birincisi döyüşməkdir. Etiraf etmək lazımdır ki, noyabrın 9-dan sonra bizdə sülh yoxdur, əslində müharibə davam edir. Hələ ki ciddi informasiya müharibəsi gedir…”. Vardanyan deyib ki, ikinci ssenari ermənilərin Qarabağdan getməsidir ki, bu da onlar üçün qəbuledilməzdir. 

  Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Şərq"ə bildirib ki, separatçıların qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək istəyən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda günlərdir davam edən etiraz aksiyası və yeni tələblərin irəli sürülməsi tamamilə təbiidir. Partiya rəhbəri vurğulayıb ki, nə separatçılar, nə də sülhməramlıların rəhbərliyi bu tələblərə qarşı hər hansı bir irad bildirə bilər:

 "Aksiya iştirakçıları haqlı olaraq Azərbaycanın suveren torpaqlarında dövlət qurumlarının nəzarətinin bərpa edilməsini tələb edirlər. Habelə Laçın istiqamətində Ermənistanla sərhəddə ayrıca sərhəd və gömrük postlarının qoyulmasını istəyirlər. Bu tələblər bizim üçün həyati əhəmiyyətli, prinsipial tələblərdir. Çünki 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli bəyanatın müddəaları hələ də tam icra olunmadığına görə bu məsələlər də öz həllini tapmayıb. Azərbaycan xalqı artıq 2 ildən çoxdur 10 noyabr razılaşmasının məlum bəndlərinin icra ediləcəyini gözləyir. Lakin Rusiya sülhməramlılarının fəaliyyətsizliyi və onların öz missiyasının öhdəsindən gələ bilməməsi sonda Azərbaycanın ictimai fəallarının hərəkətə keçməsinə və Laçın-Xankəndi yolunda etiraz aksiyasına başlamasına səbəb oldu. Sülhməramlılar birmənalı olaraq bilməlidirlər ki, vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarımızın keçirdiyi bu etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir. Bizim xalqın səbri limitsiz deyil. Ona görə də Rusiya sülhməramlılarının rəhbərliyi xalqımızın gözləntilərinə və vətəndaş cəmiyyətinin mövqeyinə hörmətlə yanaşmalıdır". 

  Ə.Hüseynov qeyd edib ki, sülhməramlıların komandanı general Andrey Volkovun şübhəli davranışları və separatçılara himayəçilik etməsi gərginliyin yaranmasında və aksiyanın başlanmasında əsas rol oynayan amillərdən biri olub: 

"Bu mənada aksiyaçıların əsas tələblərindən biri də məhz Rusiya sülhməramlılarının rəhbəri general Volkovun əraziyə gəlməsindən ibarətdir. Aksiyaçılar bu ermənipərəst generaldan öz dövlətinin liderinin – Vladimir Putinin imzasına hörmətlə yanaşmağı və 2020-ci ildə bağlanmış Üçtərəfli bəyanatın şərtlərinə riayət edilməsini tələb edirlər. Sözügedən aksiyanın bir digər səbəbi isə artıq hər kəsə məlumdur. Bu da Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqinin növbəti təxribat nəticəsində baş tutmaması ilə bağlıdır. Hərçənd, sülhməramlı kontingentin komandanlığı ilə Azərbaycan tərəfi arasında monitorinqə başlamaq barədə razılıq əldə olunmuşdu. Lakin sonradan sülhməramlılarla Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatı bu monitorinqin baş tutmasına imkan vermədi. Bizim monitorinq heyətimizin Rusiya sülhməramlılarının gözü qarşısında "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının yerləşdiyi ərazilərə girişinə maneə törədildi. Başqa sözlə desək, separatçılar və sülhməramlılar ekoloqlarımızın faydalı qazıntı yataqlarını yoxlamaq istəyindən narahat oldular, ona görə də təxribata əl atdılar. Bunu görən Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirməkdən və sülhməramlıların fəaliyyətsizliyinə tənqidi münasibət sərgiləməkdən başqa bir yolu qalmadı. İndi Rusiya mediasının və Ruben Vardanyan kimi “oyuncaq” fiqurların durub Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyasının səbəbləri və məqsədlərini qəsdən təhrif etmələri onsuz da əsl həqiqəti dəyişmir. 

  Əlisahib Hüseynov bildirib ki, Rusiya və Ermənistanın rəsmi dairələri aksiyanın  Qarabağda yaşayan mülki ermənilər üçün hər hansı "təhdid yaratması" kimi absurd iddiaları tirajlamaqdan əl çəkməlidir:

 "Burada mülki ermənilərə qarşı heç bir təhlükədən söhbət belə gedə bilməz. Çünki bu aksiya hər şeydən öncə sülh aksiyasıdır və biz mülki ermənilərə öz vətəndaşlarımız kimi yanaşırıq. Ona görə də guya, aksiya səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatının bizim tərəfimizdən dayandırılması ittihamı da tamamilə əsassızdır. Azərbaycanı qaz təchizatını kəsməkdə ittiham etmək yalnız Ermənistan rəhbərliyinə və Ruben Vardanyan kimi imperiya nökərlərinə yaraşan xüsusiyyətdir. 

Dünya birliyini bu cür dezinformasiyalarla aldatmaq heç bir əxlaqi, etik normalara sığmır. Ümid edirik, dünya ictimaiyyəti aksiya iştirakçılarının guya, Laçın yolunu bağlayaraq Xankəndidə və ətraf ərazilərdə yaşayan ermənilərin blokadaya alınması, humanitar fəlakətə və ya etnik təmizləməyə məruz qalması haqqında Ermənistanın təbliğat maşınının uydurduğu yalanlara inanmayacaq. Əsl həqiqətin erməni tərəfinin və Rusiya mediasının uydurduğu kimi deyil, tam fərqli biçimdə olduğunu ən azından dünya ekoloji təşkilatlarının təmsilçiləri gəlib yerindəcə yoxlaya bilərlər. Ermənistan və Rusiyanın qeyri-obyektivliyi hər kəsə bəllidir. 

Ona görə də dünya birliyi Laçın-Xankəndi yolunda baş verən proseslərə Ermənistan və Rusiyanın “pəncərə”sindən baxmamalıdır".