Tehran təşvişdədir: Laçın yolundakı aksiya nəticəyə doğru yaxınlaşır

Zəngəzur dəhlizinə qarşı çıxmaqla İran onsuz da öz mövqeyini ortaya qoymuşdu

  Laçın yolunda dinc azərbaycanlı fəalların dinc aksiyası İran hakimiyyətini narahat etməyə başlayıb. Ermənistana havadarlığını davam etdirən İran növbəti dəfə Azərbaycana qarşı hədə mesajları göndərir. İranın diplomatik dairələrinə yaxın olan “İran diplomatiyası” (www.irdiplomacy.ir) saytında “İranın ərazi bütövlüyünün qırmızı xətti olan bölgə: Tehran Qarabağda passiv yanaşmadan əl çəkməlidir” başlıqlı məqalə dərc olunub. Məqalədə bu ifadələr yer alıb: "Bakı hökuməti son günlər Ermənistan və Dağlıq Qarabağ Muxtar bölgəsi arasında Laçın dəhlizinin qarşısını kəsib.

 Bu hərəkət hətta 2020-ci ilin noyabrında bu dəhlizin mövcudluğunu nəzərdə tutan atəşkəs razılaşmasına da ziddir”. Məqalədən növbəti sitat: “Stepanakert süqut edərsə, Cənubi Qafqaz regionu və onun ətraf ölkələri, o cümlədən İran üçün xoşagəlməz ssenarilər təsəvvür etmək olar. Dağlıq Qarabağ kimi maneənin aradan qaldırılması Ermənistan ərazisinin işğalına və regionun xəritəsinin dəyişdirilməsinə, uzunmüddətli perspektivdə isə İranın şimal-qərb bölgələrinə təhlükəsizlik hücumlarına yol açır”. Halbuki dəfələrlə vurğulandığı kimi "Dağlıq Qarabağ Muxtar bölgəsi" deyilən bir ərazi vahidi yoxdur. Azərbaycanlı fəallar heç bir yolu bağlamayıblar, sadəcə olaraq Azərbaycanın suveren ərazsində dinc aksiyalarını həyata keçirirlər. O cümlədən, 2020-ci ilin noyabr bəyanatına görə, Ermənistan və rusiyalı sülhməramlılar üzərlərinə götürdükləri öhdəliklərin bir çoxunu yerinə yetirməyiblər. 

Azərbaycan ərazisində qanunsuz talama prosesi davam edir və sülhməramlılar buna göz yumurlar, digər tərəfdən elə İranın da köməkliyi ilə Qarabağa Laçın yolu ilə qanunsuz silah daşınır. Qanunsuz erməni silahlı dəstələri isə hələ də ərazidə qalmaqda davam edir və s. Bu dəfə müəlliflər daha irəli gedərək Azərbaycanın tarixi ərazisi olan Xankəndini “Stepanakert” adlandırır və buranın İran üçün əhəmiyyətinə toxunur, İranın təhlükəsizliyindən söhbət açılır. Molla rejiminin absurd yanaşması isə Xankəndinin onlar üçün təhlükəsizlik əhəmiyyətindən danışmasıdır. Maraqlıdır ki, Xankəndi ilə heç bir sərhəddi olmayan İran nəyə görəsə hansısa gözəgörünməz təhlükələri düşünür. Əlbəttə, bu, Ermənistana və Qarabağdakı qanunsuz erməniləri dəstəkləmək üçün səsləndirilən sərsəm fikirdir. Bu dəfə isə məqalə müəllifləri İran rejiminin tarixən gizli saxlanılmağa çalışan əsl simasını ortaya qoyurlar. Hər zaman Azərbaycana qarşı ikili standartlar yürüdüldüyünü, Ermənistanın dstəkləndiyini açıq şəkildə bildirirlər. Hələ 90-ci illərdə Azərbaycan Ermənistanın təcavüzünə məruz qaldığı zaman İran Ermənistanı, yəni işğalçını dəstəkləyib. Bu faktlar Azərbaycan ictimaiyyətinə hər zaman bəlli olub. 

  Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Tural İrfan "Şərq"ə açıqlamasında deyib ki, İran açıq-aşkar Ermənistan və Fransa ilə eyni mövqedən çıxış edir. Politoloq bildirib ki, bu, öncə İran rejiminin islam dinini tamamilə tərk etməsini göstərir:

 "Teokratik hakimiyyət quruluşunun dəyişdirilməsi üçün seçki keçirilməli və İran konstitusiyası dəyişdirilməlidir. İslam dəyərlərini təhqir etməkdən çəkinməyən, müsəlman ölkələrinə qarşı xəyanətlə məşğul olan, dinin mahiyyətini təhrif edən bir rejimə qarşı bütün islam aləmi səfərbər olmalıdır. Laçın-Şuşa yolunda ictimaiyyət nümayəndələrinin haqlı etirazı zahirən kiçik görünsə də, həlledici mahiyyətin nəticəsi ola bilər. Çünki separatçıların istismar etdiyi məhz həmin yataqlar və sərvətlər hesabına quldur dəstəsi orada qalır və maliyyə əldə edir. Əgər Qarabağdakı sərvətlərimizin separatçılar və xarici şirkətlər tərəfindən talanmasının qarşısını ala bilsək, demək olar ki, istəyimizə nail olacağıq. İranı narahat edən də budur. Rusiya və İranın ortaq marağı odur ki, münaqişənin kökü yerində qalsın və onlara lazım olanda yenidən körükləsinlər". 

  T.İrfan vurğulayıb ki, Laçın yolundakı aksiyanın nəticəyə doğru yaxınlaşması və tələblərin artması İranda təşvişə səbəb olur: "Zəngəzur dəhlizinə qarşı çıxmaqla İran onsuz da öz mövqeyini ortaya qoymuşdu. İndi isə bir az da Rusiyanın maraqlarına uyğun olaraq özünü "rusdan daha çox rus", "ermənidən daha çox erməni" kimi göstərir. Ukrayna savaşında Rusiyaya silah ötürməsi, Ermənistana raketlər hədiyyə etməsi İranın daxili iğtişaşlar səbəbi ilə boğulmasının son yalvarış təzahürləridir. Suda boğulan saman çöpündən yapışdığı kimi İran da Ermənistandan yapışır.

 Hesab edirəm ki, İranın Fransa ilə bir çox mövzuda Azərbaycana və Türkiyəyə qarşı eyni mövqedə olması hər iki dövlətin anti-islam ideoloji xətti izləməsinə görədir. Həm də ikisinin də ortaq türk düşməni olmaları ilə bağlıdır. Lakin nəticə etibarilə Azərbaycanın apardığı müdrik və sərrast siyasət nəticəsində, o cümlədən Türkiyənin hərbi, siyasi dəstəyi ilə İranın həmlələri ancaq münasibətləri korlamağa xidmət edəcək".

  Ekspert qeyd edib ki, İranın Azərbaycana nifrətinin kökündə ölkəmizin tolerant olması, islam dəyərlərinə daha çox sadiqliyidir: "İran rejimi islam aləminə təhdid məqsədi ilə qurulub.

 İranı müsəlmanlara qarşı bir cəbhə olaraq Qərb, əsasən də Fransa qurub. İndi də idarə edirlər. Ona görə də islam əleyhinə olan bir rejimin Şuşa-Laçın yolunda baş verən məsələdə böhtan və şər yağdırması öz xislətinə uyğun addımdır və bundan təəccüblənməməliyik. Sadəcə, İran rejiminin bu günə qədər iç üzünü tanımayan, onu müsəlman hesab edənlər həqiqəti dərk edib, yanılmamalıdır".