Lavrovu Bakıya gətirən səbəblər: Azərbaycan kimi vasitəçi seçəcək? - ŞƏRH 

“Rusiya anlamalıdır ki,  addım atmasa, ABŞ yaxın həftələrdə buna təşəbbüs göstərməyə cəhd edəcək"


"Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfəri ilk növbədə, rəsmi Moskvanın vasitəçilik işini davam etdirməyə və təşəbbüskarlığı ABŞ-a verməməyə yönəlib".
Bunu "Sherg.az"a Azərbaycan Alyans Partiyasının sədri Abutalıb Səmədov Rusiya Xarici İşləri naziri Sergey Lavrovun Azərbaycana səfərindən danışarkən deyib. O bildirib ki, ötən ilin sonları - dekabrda Ermənistan baş naziri Nikol Paşinyanın Brüssel müzakirəsində mütləq Makronun iştirakını israrla istəməsi və Avropa İttifaqının (Aİ) bu tələbə kəskin reaksiya verməməsi, etiraz etməməsi Avropa Birliyini (AB) danışıqlar prosesində oyundankənar vəziyyətdə qoyub:

"O dövrə qədər Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması məsələsində əsas vasitəçi olan Avropa İttifaqı prosesdən kənarlaşdı. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, indi real iki vasitəçi qalıb: rəsmi Moskva və rəsmi Vaşinqton. Təbii ki, Rusiya təşəbbüskarlığı əldən vermək istəmir. Ona görə də Lavrovun səfərinin əsas məqsədi sülh sazişinin imzalanması istiqamətində işləri sürətləndirməkdir. Ötən il Vladimir Putinin "Valday" forumunda səsləndirdiyi təxribatçı bəyanatdan sonra Rusiya da məlum məsələdə xeyli geriləyib". 

Partiya rəhbərinin fikrincə, artıq rəsmi Moskva da danışıqlarda kimin vasitəçi olmasını müəyyən edən tərəfin Azərbaycan olduğunu anlayıb:

"Ölkəmizin qəbul etmədiyi heç bir dövlət yaxud beynəlxalq qurum vasitəçilik missiyasını yerinə yetirə bilməyəcək. Baxaq, görək, Lavrov bundan əvvəl baş verən proseslərdən hansı nəticəni çıxarıb?! Yaxud da sülh danışıqlarını sürətləndirmək istiqamətində addımlar atmaq iqtidarındadır, yoxsa yox?! Azərbaycanın əsas tələbi Dağlıq Qarabağ adının sülh sazişində yer almamasıdır. Güman edirəm ki, rəsmi Moskva da bu reallığı artıq qəbul edib. Əks halda, Lavrovun səfəri mənasızdır".

A.Səmədov diqqətə çatdırıb ki, səfər zamanı başqa məsələlər də müzakirə oluna bilər:

"Azərbaycan-Rusiya münasibətlərinə ciddi problem yaradan təxribatçı Ruben Vardanyan təcili Qarabağdan uzaqlaşdırılmalıdır. Hamı bilir ki, bu, Rusiyanın bir kəlmə sözündən asılıdır. Delimitasiya və demarkasiya işinin tezləşdirilməsində də kifayət qədər ciddi ləngimələr var.

 Eyni zamanda Zəngəzur dəhlizinin açılması istiqamətində danışıqlar xeyli müddətdir, gecikir. Bu sahədə ciddi addımların atılmasına ehtiyac var. Rusiya anlamalıdır ki,  addım atmasa, ABŞ yaxın həftələrdə buna təşəbbüs göstərməyə cəhd edəcək".

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.