Xəstəliyin səbəbi başqadır

Consonun əcdadının mumiyası alimləri təəccübləndirib

Şəcərədə altıncı nənəsi başqa bir bakterioloji xəstəlik səbəbindən vəfat edib


  Böyük Britaniyanın sabiq Baş naziri Boris Consonun XVIII əsrdə yaşamış, şəcərədə altıncı nənəsinin mumiyası üzərində aparılan tədqiqat elm adamlarını təəccübləndirib. Uzun illər sonra məlum olub ki, Anna Katerina Bisşof əvvəllər ehtimal edildiyi kimi yoluxucu xəstəlik olan frengi səbəbindən deyil, başqa bir bakterioloji xəstəlik səbəbindən vəfat edib. Boris Consonun nənəsinin mumiyası, maraqlıdır ki, “İsveçrənin ən məşhur mumiyası” hesab edilir. Mumiyanın B.Consonun altıncı nənəsinə aid olduğu 2018-ci ildə aşkarlanıb. Mumiya üzərində 1975-ci ildə tədqiqat aparılarkən  mumiya qalıqlarında yüksək dərəcədə civə tapıldığından nənənin məhz frengi xəstəliyindən öldüyü ehtimalı üzərində dayanılıb. 

Çünki XVII əsrdə frengi xəstəliyinin müalicəsində civədən istifadə edilirdi. Lakin sonra digər orqanlardakı mikrobların analizi başqa bir bakteriyanın yüksək səviyyədə olmasını üzə çıxarıb. “Eurac Research”in mikrobiologiya üzrə mütəxəssisi  Muhamməd Sarhan verdiyi açıqlamada bildirib ki, mumiyalanmış cəsəddə hər orqandan nümunə alınaraq analiz edilib, lakin frengiyə səbəb olacaq patogenin DNA izləri tapılmayıb. Amma beyində olduqca yüksək səviyyədə yeni bir bakteriya aşkarlanıb. Bakteriya hazırda mövcud olan bakteriyalarla müqayisə edildikdə ilginc nəticə əldə edilib. 

Məlum olub ki, mumiyadakı bakteriyalar müasir bakteriyalarla genetik əlaqəyə malikdir. Mütəxəssis hesab edir ki, xanım Bisşofa yanlış diaqnoz qoyulub. Bisşof 69 yaşında vəfat edib və başqa sağlamlıq problemləri də olub. Nənə kök qadın olub, öd kisəsində daşlar vardı, yanlış olaraq civə müalicəsi alması orqanizmini zəiflədib, lakin ölümün əsl səbəbi bu deyil. Mumiyanın hazırda mühafizə edildiyi Bazel Təbiət Tarix Muzeyinin əməkdaşı, doktor Gerhard Hotz isə bildirib ki, qadının kəllə sümüyündə frengi xəstəliyinin əlamətləri açıq şəkildə görünür. Amma bunu genomlarla isbatlamaq mümkün deyil.  G.Holtz qeyd edib ki, xanım Bisşofun həyat yoldaşı rahib olub. 

Qadın rahibin həyat yoldaşı olaraq həm kilsəni, həm də Strasburqda yaşadıqları evin yaxınlığındakı xəstəxananı tez-tez ziyarət edirmiş. Qadın bu xəstəliyə xəstələrin ziyarəti zamanı da yoluxa bilərdi. Anna Katerina Bisşof  1719-cu ildə Fransanın Strasburq şəhərində, varlı bir ailədə dünyaya gəlib. Atası da rahib imiş və isveçrəli ailələrə xidmət edirmiş. 40 yaşında vəfat etdikdə, ailə Bazelə köçüb. Anna burada atasının vəzifəsini yerinə yetirən rahiblə ailə qurub. 7 övladı olub. Anna Katerina adlı qızı Boris Consonun ailə şəcərəsindəki sıralamada beşinci nənəsidir. Xanım Bisşof 1787-ci ildə Bazeldə vəfat edib. Xəstələndiyi zaman müalicəsində istifadə olunan civə maddəsi isə cəsədin çürüməsinin önünü alıb və cəsəd mumiyaya çevrilib.