Vardanyan Arutyunyanı və Paşinyanı hədəfə alıb

Azərbaycan hökuməti düşünülmüş addımları ilə öz hədəflərinə doğru irəliləyir

  Xankəndidəki separatçı rejimin keçmiş "dövlət naziri" Ruben Vardanyanla separatçı Araik Arutyunyan və Baş nazir Nikol Paşinyan arasında qalmaqal böyüməkdədir. Tərəflər davamlı olaraq bir-birini ittiham etməkdə, suçlamaqdadır. Bu dəfə Vardanyan həm Arutyunyanı, həm də Paşinyanı hədəf alıb. Deyib ki, Azərbaycanın istifadə etdiyi ən güclü silah siyasi rıçaqlardır. O bildirib ki, Azərbaycan tərəfi separatçılar arasında parçalanma yaradıb, müxtəlif qrupları bir-birinə qarşı qoymağı bacarıb. 

Araik Arutyunyanın bir müddət əvvəl Bakıya qarşı mübarizəni davam etdirmək bəyanatına reaksiya verən Vardanyan qondarma rejimin liderinin öz bəyanatındakı səmimiyyətini sübut etməli olduğunu qeyd edib. Vardanyan həmçinin Araiki devirməklə də təhdid edib. Vardanyan müsahibəsində Paşinyanı Qarabağdakı məğlubiyyətdə ittiham edib: “Müharibənin uduzulmasında kimin günahkar olması vacib deyil. Əgər sən lidersənsə, bu, sənin günahındır. Sağlam mühitdə satqınlıq ola bilməz. Burada insanlar liderlərə güvənirlər”. Erməni milyarder Rusiya sülhməramlılarının Qarabağda uzun müddətə saxlanılması üçün ciddi işin başlanılması gərəkdiyini vurğulayıb. Bununla belə, Vardanyan Bakı ilə inteqrasiya tərəfdarı olan hər kəsin Qarabağdan qovulması gərəkdiyini də bildirib. Milyarder Ermənistandakı siyasi proseslərə qoşulmaq niyyətində olduğunu da etiraf edib və İrəvan Şəhər Şurasına seçkilərin keçiriləcəyini xatırladıb. Vardanyanın Ermənistanda Nikol Paşinyan hakimiyyətinə ciddi rəqib olmağa hazırlaşmasına işarədir. İrəvan meri seçkisi bütün Ermənistanda olduqca önəmli siyasi proses sayılır. Vardanyan əvvəlcə İrəvan meri olmağı, ardınca isə hakimiyyəti götürməyi planlaşdırır. Xatırladaq ki, Rusiyanın Vardanyanı Qarabağa göndərməklə, əslində, onu sonradan Ermənistana transfer edəcəyi və Paşinyanı devirməyə çalışacağı ilk gündən ehtimal edilirdi.

  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə bildirib ki, Vardanyanın açıqlamaları Moskvadan verilən təlimatlar əsasındadır. Professorun sözlərinə görə, beynəlxalq məhkəmənin Rusiya dövlət başçısı V.Putin barəsində verdiyi qərar və Kreml rəhbərinin Ermənistana səfər edəcəyi təqdirdə həbsinin müzakirə olunması Moskvanı hədsiz aqressivləşdirib: 

"Vardanyan Kremldən aldığı tapşırıqla Ermənistan hökumətinin başçısı Nilol Paşinyanı və separatçı A.Arutyunyanı suçlayır. Araikin mövqeyində nisbətən yumşalma var idi, amma Rusiyaya gedib-qayıtdıqdan sonra yanaşması dəyişdi və yenidən sərsəmləməyə başladı. Vardanyan Qarabağda xərclədiyi pulların əvəzini hələ ala bilməyib. 

Aqressivləşməsinin digər səbəbi budur. Xüsusən, Azərbaycan tərəfindən Xankəndidəki qızıl yataqlarının istismarına imkan verilməməsi milyarderi çıxılmaz vəziyyətə salıb. 

Rəsmi Bakının Qarabağda yaşayan erməniləri ikinci dəfə görüşə çağırması Vardanyanın təxribat yönlü açıqlamalar verməsi ilə nəticələnib. İndi o, çalışır ki, separatçılarla olan mübarizəni "ümumi maraqlara" yönəltsin. Ancaq bu cəhdlər əbəsdir. Çünki Ermənistanla Qarabağdakı ermənilər arasında qarşıdurma var. Qarabağın özündə qriqoryanlığı məcburi qəbul etmiş ermənilərlə digərləri arasında ziddiyyət mövcuddur. Bütün bunlar isə rəsmi Bakının işinə yarayan məqamlardır. Azərbaycan hökuməti düşünülmüş addımları ilə öz hədəflərinə doğru irəliləyir".