Avropa Birliyi Ermənistana 80 milyon 300 min dollar yardım ayırıb


Bu, Rusiyadan uzaq durmaq üçün Ermənistana verilən ilk dəstəkdir

  Ermənistan Parlamentinin sədri Alen Simonyan bildirib ki, Roma Statusunu ratifikasiya etmək üçün tələsməyə ehtiyac yoxdur. O qeyd edib ki, İrəvan həmişə Rusiya ilə müttəfiq olub və ona qarşı heç bir xüsusi addım atmayıb. Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının İrəvanda tanınması ilə bağlı müzakirələrə toxunan spiker bildirib ki, Putinin Ermənistan tərəfindən həbs edilməsi ilə bağlı müzakirələr absurddur. Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsinin ölkənin bu yaxınlarda Putinin həbsinə order vermiş BCM-nin Roma Statutuna qoşulması üçün müsbət rəy verməsi Rusiyada ciddi tənqidlərə səbəb olmuşdu. Moskva qeyri-rəsmi kanallar vasitəsilə İrəvana Roma Statusunun ratifikasiya edəcəyi təqdirdə ağır cavab alacağını vurğulamışdı.
  Politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistan hökuməti şou düzəltməklə gündəmə gəlmək, öz məqsədlərinə nail olmaq istəyir. Əslində İrəvan hakimiyyəti yaxşı başa düşür ki, Rusiya Prezidenti V.Putinin Ermənistanda həbs olunması məsələsi xülyadır: "Ermənistan rəsmiləri də bunu absurd adlandırırlar. Ölkə gündəmində bu məsələ ilə əlaqəli fikirlərin yayılması məlum ifadəni yada salır, - "sən bunun boyuna bax, kişnəməyinə bax". Ermənistan özünü elə bir yerdə görür ki, Rusiya Prezidentini həbs etmək niyyətinə düşür?! Qərb Ermənistanın siyasi çəkisini hamıdan yaxşı bilir. Qərb o qədər ağılsız deyil ki, İrəvan qarşısında belə bir tələb qoysun. Rusiya-Ukrayna müharibəsinə görə tətbiq edilən sanksiyalar fonunda bir sıra maxinasiyalarla Rusiyanın düşdüyü vəziyyətdən çıxarılması istiqamətində addımlar atılır. Bu məqsədlə Ermənistanı Roma statusuna qoşulmaqla çəkindirmək istəyir. Daha doğrusu, Rusiyanın Ermənistanı sanksiyalarla əlaqəli işə məcbur etməsinin qarşısını almaq və Ermənistanın bu dəstəkdən imtina etməsinə hüquqi dayanaq yaratmaq istəyir. Çox güman, Ermənistan Qərbdən bunun əvəzində kompensasiya tələb edib. Ermənistana maliyə dəstəyinin ayrılması ilə əlaqəli xəbərlər yayılıb. Avropa Birliyi Ermənistana 80 milyon 300 min dollar yardım ayırıb. Bu, hesab edirəm ki, Rusiyadan uzaq durmaq üçün Ermənistana verilən ilk dəstəkdir".