“Sanki əlləri bala batacaq”

Aqil Ələsgər: “Azərbaycanda da müəyyən kəsim Ərdoğanın hakimiyyətdən getməsi üçün əlindən gələni əsirgəmir”

“Halbuki qlobal oyunların aparıcı fiquru olan Ərdoğanın yerini ala biləcək namizəd yoxdur”


  "Azərbaycan xalqı Türkiyənin sevincini öz sevinci, kədərini kədəri bilir. Türkiyənin də böyük kəsiminin baxışları bizimlə eynidir. O baxımdan Türkiyədə olan hadisələri yaxından izləməyimiz, qardaş ölkədə olan məsələlərə daha fərqli reaksiya verməyimiz təbii qarşılanmalıdır". Bunu "Şərq"ə açıqlamasında "YeniÇağ" Media Qrupun rəhbəri Aqil Ələsgər deyib.

Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkisi öncəsi yaşanan proseslərdən və Azərbaycandakı fərqli yanaşmalardan danışan baş redaktor bildirib ki, Türkiyədə qarşıdan gələn prezident və parlament seçkisində kimin qələbə qazanması bizim üçün ona görə önəmlidir ki, Türkiyə-Azərbaycan qardaşlıqla yanaşı, həm də strateji ortaq, ən yaxın müttəfiqdirlər: "Nəzərə alaq ki, bölgədə həlli zəruri olan çox ciddi məsələlər var. Azərbaycanda bir çox beyin mərkəzləri düşünür ki, mövcud problemlərin həlli üçün mütləq şəkildə Rəcəb Tayyib Ərdoğanın ən azından bir dönəm də hakimiyyətdə qalması vacibdir. Regionda baş verən prosesləri, siyasi oyunları diqqətə aldıqda təəssüflə qeyd edirik ki, hazırda Türkiyə ictimaiyyətində Ərdoğana alternativ görünmür. 

Ola bilər ki, lokal olaraq Türkiyə cəmiyyəti üçün başqa namizədlər var, amma qlobal oyunların aparıcı fiquru olan Ərdoğanın yerini ala biləcək namizəd yoxdur. Yəni bununla bağlı ciddi tərəddüdlər mövcuddur. Eyni zamanda "Millət İttifaqı"nın, konkret CHP-nin HDP ilə əlaqələri müxalifətlə bağlı müəyyən suallar yaradır. HDP terrorçu təşkilat PKK-nın siyasi qanadı olmaqla bərabər həm də qondarma erməni "soyrıqımı" və digər bu tipli məsələlərdə tamamilə Azərbaycana və Türkiyəyə zidd siyasət yürüdən partiyadır". 

  A.Ələsgərin fikrincə, Azərbaycan və Türkiyə dövlətçiliyini düşünən şəxslərin HDP ilə ittifaqa "hə" deməsi, "Millət İttifaqı"nı dəstəkləməsi mümkün deyil: 

"Ancaq Türkiyədə olduğu kimi Azərbaycanda da bəlli bir kəsim kimliyindən asılı olmayaraq Ərdoğanın qarşısındakı namizədin qalib olmasını arzulayır. Görünür, Türkiyədə bəzi dairələrdə mövcud olan anti-Ərdoğançılıq Azərbaycandakılara da sirayət edir. Müəyyən kəsim Ərdoğanın getməsi üçün əlindən gələni əsirgəmir. Sanki Ərdoğan hakimiyyətdən getsə, əlləri bala batacaq. Seçki yaxınlaşdıqca, proses qızışdıqca, Azərbaycan cəmiyyətində də yersiz bölünmələr müşahidə olunacaq. Ümumilikdə Türkiyənin qələbə çalmasını istəyirik, Türkiyəmiz üçün ən xeyirlisini istəyirik".