VHP ilə birləşmək istəyən partiyalar var

Amma bu məsələyə həmin təşkilatların yekun və konkret qərarından sonra baxılacaq 

  "Siyasi partiyalar haqqında” qanunun tələblərinə cavab verməyən 7 partiya fəaliyyətini dayandırıb. Digər bir neçə siyasi partiyanın isə birləşəcəyi müzakirə olunmaqadır. Sosial Ədalət Partiyası və Qorqud Partiyalarının da yaxın günlərdə Vətəndaş Həmrəyliyi Partiyasına birləşəcəyi ilə bağlı məlumatlar var. 

  Yayılan xəbərlərlə bağlı "Şərq"ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, "Siyasi partiyalar haqqında" qanunda əksini tapmış bir sıra tələblərə görə, bəzi partiyalar öz fəaliyyətini dayandırmaq qərarı alıb. 

Partiya təmsilçisi bildirib ki, söhbət 5 min üzv məsələsindən gedir: "5 min üzv tələbini yerinə yetirə bilməyənlər çıxış yolunu digər partiyalarla birləşməkdə görürlər. Vətəndaş Həmrəyliyi Partiyasına müraciət edərək birləşmək niyyətində olduğunu bildirən partiyalar var. 

Amma bu məsələ həmin partiyaların yekun və konkret qərarından sonra VHP-nin Siyasi Şurasında baxılacaq və münasibət açıqlanacaq. 

Təbii ki, indiki şəraitdə bəzi kiçik partiyaların birləşməsi və daha böyük partiyanın yaranması çox önəmlidir. Hazırda elə siyasi partiya var ki, təşkilatda sədrdən başqa heç kim yoxdur. O baxımdan bəzi partiyaların birləşməsi daha münasib addım kimi dəyərləndirilir".