"Makron özünü ermənilərin prezidenti kimi aparır"


Millət vəkilləri Fransanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hərəkətlərdən çəkinməyə çağırıb

  Milli Məclis Fransa Senatını Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hərəkətlərdən çəkinməyə çağırıb. Parlamentdə Fransa Senatında martın 16-da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfransla bağlı etiraz Bəyanatı müzakirəyə çıxarılıb. Bəyanatda deyilib ki, Fransa Parlamentinin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarış qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur: "Ermənistanla sülh sazişinin bağlanması istiqamətində beynəlxalq səylərin gücləndiyi bir vaxtda Fransa Senatının addımı revanşizmə xidmət edən bir addımdır. Milli azlıqların hüquqlarını qorumaqdan yayınan Fransanın Azərbaycandakı erməni azlıqla bağlı canfəşanlıq göstərməsi yolverilməzdir. “Korsika xalqı” ifadəsi Fransa Konstitusiyasına zidd addım kimi qadağan edilib. Ancaq Fransa Azərbaycanda yaşayan bir etnik azlığı “Artsax xalqı” kimi təqdim etməyə çalışır. Azərbaycanın daxili işlərinə davamlı müdaxilə edən Fransa Senatı və Milli Assambleyanın islam separatizminə qarşı qəbul etdiyi qanunlardan bu ölkədə azadlıqların məhdudlaşdırılması üçün kütləvi istifadə edilir. Ona görə də Fransa Senatında konfrans siyasi riyakarlığın bariz nümunəsidir". Vurğulanıb ki, Fransanın bölgədə itirdiyi mövqeləri kobudluqla bərpa etmək cəhdləri uğursuzluğa məhkumdur: "Milli Məclis Azərbaycana ədalətsiz münasibətini nümayiş etdirmiş Fransanın mövqeyini dəyişmədən Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə cəlb edilməməsi ilə bağlı hökumətə müraciət edib”. Bəyanat müzakirəyə çıxarılaraq qəbul edilib. 

"Fransa Azərbaycanla bağlı qərəzli siyasətini davam etdirir"

  Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Soltan Məmmədov deyib ki, Fransa 44 günlük müharibə zamanı olduğu kimi, müharibədən sonra da Azərbaycanla bağlı qərəzli siyasətini davam etdirir.
  O qeyd edib ki, Cənubi Qafqazda yaranmış yeni reallıqlar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəli sürülən təşəbbüslər fonunda Senatda bu cür tədbirlərin təşkili regionda sülhü, sabitliyi pozmağa yönəlib: “Azərbaycan Parlamentində dəfələrlə Fransanın ikili standartlar siyasətinə son qoyması ilə bağlı çağırışlar edilib. Lakin görünür, fransalı həmkarlarımz bu çağırışların siyasi əhəmiyyətini düzgün qiymətləndirə bilmirlər. Fransa Avropa məkanında milli azlıqlara məxsus şəxslərin hüquqlarının mühafizəsi sahəsində ən fundamental sənədlərdən biri hesab olunan "Milli azlıqlar haqqında" Çərçivə Konvensiyasını indiyə qədər imzalamayıb. Bununla yanaşı, Avropa Şurasının Regional və ya Azlıq dilləri üzrə Avropa Xartiyasını ratifikasiya etməyib. Bu, əslində Fransanın milli azlıqların hüquqlarına yanaşmasını əks etdirən faktlardır. Belə bir ölkənin başqalarına etnik azlıqların hüquqları ilə bağlı irad bildirməyə mənəvi haqqı yoxdur. Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupu fəaliyyətə başlayıb. Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədilə müəyyən ideyalar, təkliflər irəli sürülür. İqtisadi, mədəni, humanitar sahələrdə birgə layihələr həyata keçirmək niyyəti var. Fransa Senatında atılan bu cür addımlar əlaqələrin gələcəyinə dair ümidləri xeyli dərəcədə zəiflədir. Bizim birgə layihələrimizin məramı həm də regionda sülhü təşviq etməkdir. Çünki indi nəinki Cənubi Qafqazın, ümumilikdə beynəlxalq münasibətlər sisteminin bu cür təşəbbüslərə daha çox ehtiyacı var”. O qeyd edib ki, dünyada mürəkkəb proseslərin cərəyan etdiyi, müxtəlif bölgələrdə minlərlə insan itkisinə səbəb olan ciddi toqquşmaların baş verdiyi indiki həssas məqamda Fransa sülh və əməkdaşlıq üçün çox böyük imkanların yarandığı Cənubi Qafqazda vəziyyəti dramatikləşdirməyə çalışır: “Bu siyasət nə Fransanın, nə uzunmüddətli münaqişələrdən əziyyət çəkmiş region xalqlarının maraqlarına cavab verir. Əksinə, bölgəmizdə qeyri-sabitliyin artması nəticə etibarilə qlobal sülhə və təhlükəsizliyə də mənfi təsir göstərir. Azərbaycan öz milli maraqlarının sərhədlərini də dəqiq bilir və heç bir dövlətin bu sərhədləri keçməsinə imkan vermək niyyətində deyil".

"Fransanın timsalında ciddi pozuculuq fəaliyyətinin şahidləriyik "

  Deputat Şahin İsmayılov bildirib ki, Azərbaycan 30 ilə yaxın davam edən Qarabağ münaqişəsini həll edərək, beynəlxalq hüququ bərpa etdi. Hazırda da ölkəmiz Ermənistanla- Azərbaycan arasında bağlanılacaq sülh müqaviləsi üzərində işləyir və bütövlükdə regionda sülhün əsas təminatçısı kimi çıxış edir: "Qarabağ problemi həll olunandan sonra bir sıra dövlət və təşkilatlar postmünaqişə dövrünə bu və ya digər formada dəstək olmaq və bağlanacaq yekun sülh müqaviləsinə töhfə verməyə çalışırlar. Təbii olaraq, Azərbaycan tərəfi bütün müsbət təşəbbüslərə dəstək verir. Lakin əfsuslar olsun ki, biz Fransanın timsalında ciddi pozuculuq fəaliyyətinin şahidləriyik. Tarixin zibil qutusuna atılmış ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan Fransa münaqişənin həlli istiqamətində ötən 30 ilə yaxın dövrdə heç bir ciddi təşəbbüslə çıxış etməyib, əksinə, status-kvonun qorunması üçün əlindən gələni edib. Sanki Fransa dövlətinin genetik kodlarını təşkil edən islamafobiya, irqçilik, müstəmləkəçilik kimi anlayışlara Azərbaycanfobiya da əlavə edilib. Fransa dövləti başda Fransa tarixinin ən uğursuz prezidenti olan Makron olmaqla bütövlükdə ölkəmizə qarşı hücuma keçib. Mütəmadi olaraq Azərbaycana qarşı əsassız bəyanatlar səsləndirilir, sənədlər qəbul olunur və bununla da sanki ölkəmizə nə isə diktə etməyə çalışırlar. Amma başda Makron olmaqla bütün fransız siyasətçilər çox yaxşı bilirlər ki, nə Azərbaycan dövlətinə, nə də Azərbaycan Prezidentinə nə isə diktə etmək mümkün deyil. Fransanın mövcud pozuculuq fəaliyyəti bütövlükdə sülh prosesinə ciddi təhlükə yaradır". 

"Fransa rəsmi Bakı ilə Qarabağ ermənilərinin yaxınlaşmasına mane olmağa çalışır"

  Millət vəkili Musa Qasımlı bildirib ki, Fransa rəsmi Bakı ilə Qarabağ ermənilərinin yaxınlaşmasına mane olmağa çalışır. Onun sözlərinə görə, Fransanın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri puça çıxacaq: “Azərbaycan rəhbərliyi Fransa rəhbərliyini qarşısına qoyaraq ədalətdən ustad dərsi keçə bilər. Fransada Azərbaycanın daxili işlərinə yönəlik tədbirlər keçirmək mənasızdır”. 
Deputat Ceyhun Məmmədov deyib ki, Fransa Prezidenti E.Makron özünü ermənilərin prezidenti kimi aparır: "Bəzi Fransa siyasətçiləri açıq qeyd edirlər ki, Emmanuel Makron artıq özünü fransızların deyil, ermənilərin prezidenti kimi aparır". O bildirib ki, əgər Fransanın ikinci erməni dövləti qurmaq niyyəti varsa, bunu Marsel şəhərində edə bilər: "Bu gün ermənilər Marsel şəhərinə də iddia edirlər. Şərait yaratsınlar, orada ermənilər ikinci erməni dövləti qursunlar".

  Qeyd edək ki, Fransa Senatında martın 16-da növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlik, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfrans keçirilib.