İranın Azərbaycandakı səfirliyinin fəaliyyətinə də son qoyula bilər

  6 aprel 2023-cü il tarixində İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib. Səfirliyin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib. 

  Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Şərq"ə bildirib ki, İran Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti ilə bütün qırmızı xətləri keçib. Deputat vurğulayıb ki, İranın "parlament" adlanan qurumu Azərbaycana "tapşırıq" verir ki, İsraildəki səfirliyinizi bağlayın:

 "İran ağlını itirib. Sərsəm sayıqlamalar ortaya qoymaqdadır. İran bizi hədələməkdən çəkinmir, deyir ki, "İsraildəki səfirlik bağlanmasa, bunun siyasi nəticələri olacaq". Nə edəcəksən? Azərbaycana qarşı hədələrlə çıxış etmək nə deməkdir. İranla bütün münasibətlərə yenidən baxmalıyıq. Bu günədək sərgilədiyimiz məsuliyyətli, beynəlxalq hüquq normalarına, mehriban qonşuluq münasibətlərinə söykənən əməkdaşlığımız İran tərəfindən düzgün dəyərləndirilməyib. Ona görə də Azərbaycan dövlətinin İrana qarşı addımları xalqımızın iradəsini ifadə edir. Xarici İşlər Nazirliyinin bu addımını alqışlayırıq, müdafiə edirik. İran səfirliyinin əməkdaşları diplomatik fəaliyyətlə deyil, daha çox casusluq işləri ilə məşğul olublar. 

Həmin şəxslərin "arzuolunmaz şəxs" elan olunması məntiqlidir. Ehtiyac olarsa, İranın Azərbaycandakı səfirliyinin fəaliyyətinə də son qoyula bilər. 

Eyni zamanda Azərbaycan Qərbi Avropa ölkələri və beynəlxalq təşkilatlarla İrana münasibətdə həmfikir olmalıdır. İrana qarşı sanksiyalarda iştirak etməliyik. İqtisadi, ticarət əlaqələrimizə son qoyulmalıdır. İranla bağlanmış ayrı-ayrı müqavilələr, razılaşdırılmış layihələr dondurulmalıdır. İranla münasibətlərə yenidən baxılmalıdır".