Putinə mesaj: Rusiya hərbi-siyasi elitası parçalanır

Priqojinin Rusiya ordusunun məğlubiyyətini etiraf etməsi və müdafiə nazirini hədələməsi Putinə mesaj idi

"Rusiya muzdlu hərbi qruplaşması "Vaqner"in rəhbəri Yevgeni Priqojinin müdafiə naziri və Baş Qərargah rəisini aşağılaması siyasi elita daxilində böhranın kəskin xarakter aldığını göstərir".

Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Analitik bildirib ki, Baxmutda hərbi uğursuzluq siyasi uğursuzluq gətirərək, sistem daxilində açıq  fikir ayrılıqlarına gətirib çıxarıb: 

"Baxmutda ilişib qalmaqla, ordunun digər ərazilərdə irəliləyişinə mənfi təsir edir. Vaqnerin Baxmutda ordudan fərqli olaraq üstünlüyü müdafiə naziri Sergey Şoyqunun Priqojinin küncə sıxışdırması ilə nəticələnir. Y.Priqojin Ukraynada hərbi qələbələr əldə etdikcə, onun siyasi ambisiyaları artır və müdafiə naziri postuna iddia edə bilər. Həmçinin V.Putində Vaqnerin üstünlüyü nəticəsində Y.Priqojinin ona qarşı çıxa biləcəyindən narahatdır. Məhz Priqojinin ötən gün Rusiya ordusunun məğlubiyyətini etiraf etməsi və müdafiə nazirini hədələməsi V. Putinə mesaj idi. Demək olar ki, siyasi elita daxilində bir-birlərinə qarşı kompromat savaşı açıq savaşa keçib. Ukraynanın əks-hücumları Rusiya ordusunun ağır məğlubiyyəti fonunda Kremldə çaxnaşmalara gətirəcək. Qeyd edim ki, 9 may paradının ləğv edilməsi, siyasi sistem daxilində böhran və təhlükəsizlik problemlərindən irəli gəlir".