Kılıçdaroğlu "türk yolu"nda deyil

Hədəflərə çatmaq üçün Ərdoğanın hakimiyyətdə qalması önəmlidir

“"Milllət İttifaqı" adı ilə bir araya gəlmiş müxalif partiyalar daha çox beynəlmiləl güclərin, qlobal dairələrin, ABŞ və Avropa ölkələrinin Türkiyədəki təmsilçiləri kimi çıxış edirlər”


  Türkiyədə "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlunun “böyük layihə” adı altında təqdim etdiyi "türk yolu" xəritəsi həm Türkiyədə, həm də Azərbaycanda kəskin etiraz doğurub. Çünki Kılıçdaroğlunun vəd etdiyi “yeni İpək yolu” layihəsi Azərbaycandan yan keçib. CHP sədri K.Kılıçdaroğlu Çinə gedən 5,5 min kilometrlik "Turan yolu"nu türklərə düşmən kəsilən İrandan keçirib. Kılıçdaroğlunun Azərbaycandan yan keçən, Zəngəzur dəhlizinə qarşı olan bir xəritənin tərəfdarı kimi çıxış etməsi və prezident olacağı təqdirdə bu layihəni dəstəkləyəcəyini bildirməsi sosial şəbəkələrin Azərbaycan seqmentində CHP sədrinin yanaşması və milli kimliyi ilə bağlı müzakirələri aktivləşdirib. Ekspertlərin fikrincə, Kılıçdaroğlu seçilərsə, hətta Orta Dəhlizi, onun Azərbaycan ayağını və Bakı-Tbilisi-Qars marşrutunu da unutmaq lazım gələcək. Kılıçdaroğlunun “böyük layihə” adı altında yaydığı videomüraciətdə Azərbaycanın yer almaması seçkilərdə "Millət İttifaqı"nın qələbə çalacağı halda öllkəmizə və türk dünyasına münasibətin necə olacağını açıq-aşkar ortaya qoyur. Şübhəyə yer qalmır ki, CHP Türkiyədə hakimiyyətə gəlsə, Bakının maraqlarına məhəl qoymadan Ermənistanla sərhədi qeyd-şərtsiz açacaq. Azərbaycanın regiondakı mövqelərini zəiflədəcək, riskə ata biləcək siyasət həyata keçirəcək. Kılıçdaroğlu hakimiyyətə gələrsə, Ərdoğanın hazırkı türkdilli ölkələrin birliyi istiqamətindəki siyasi kursu da naməlum olacaq. Bundan başqa, Türkiyədəki hakimiyyət dəyişikliyi Rusiya ilə münasibətlərə də mənfi təsirsiz ötüşməyəcək. Onu da vurğulayaq ki, "yeni İpək yolu" layihəsi türk dünyasını İran və Çindən asılı edərək onun zəifləməsinə də xidmət edir, Zəngəzur dəhlizi layihəsini məhvə sürükləyir. Lakin əksəriyyət hesab edir ki, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılan Orta Dəhlizin Avropa və Çin başda olmaqla Asiya ölkələri tərəfindən dəstəkləndiyi halda, CHP liderinin bu layihəsi qeyri-ciddidir. Çin yolların diversifikasiyasında maraqlıdır. Zəngəzur dəhlizi Pekin üçün cəlbedici hesab olunur. Bu dəhliz Avropaya daha qısa yol təklif etdiyindən Çin üçün daha önəmlidir. 

  AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə açıqlamasında deyib ki, CHP sədri Kamal Kılıçdaroğlunun təqdim etdiyi "türk yolu" xəritəsi bir daha göstərir ki, Rəcəb Tayyib Ərdoğanın Türkiyə hakimiyyətində qalması Azərbaycan üçün nə qədər önəmlidir. Partiya rəhbəri vurğulayıb ki, bəziləri illərdir siyasətdə olmalarına baxmayaraq, iddia edirdilər ki, guya, Türkiyə-Azərbaycan münasibətləri hansısa şəxsin üzərində qurulmur: "O cür düşünənlər iki ölkə arasında yüzillik tarixi bağları əsas gətirirdilər. Deyirdilər ki, hakimiyyətə kim gəlsə, Azərbaycanın maraqlarını əsas götürəcək, yanaşmada dəyişiklik olmayacaq və s. Kılıçdaroğlunun yaydığı "xəritə" ilə bir daha sübut olundu ki, Azərbaycan-Türkiyə münasibətləri məhz elə Rəcəb Tayyib Ərdoğan hakimiyyətində ən pik nöqtəsinə çatıb. Münasibətlərin və müttəfiqliyin davam etməsinin yeganə yolu da mövcud iqtidarın Türkiyə hakimiyyətində qalmasıdır. Əslində Kamal Kılıçdaroğlu təəccüblü heç nə deməyib. Məlumdur ki, "Millət İttifaqı" adı ilə bir araya gəlmiş müxalif partiyalar daha çox beynəlmiləl güclərin, qlobal dairələrin, ABŞ və Avropa ölkələrinin Türkiyədəki təmsilçiləri kimi çıxış edirlər. Onlar Türkiyədə milli-müstəqil xətt yürüdəcək siyasi kursa sahib deyillər. Təbii ki, beynəlxalq güclərin kursunda Cənubi Qafqazda Azərbaycan anlayışı yoxdur. Həmin güclər bölgədə başqa ölkələrlə işləməyə meyillidirlər. Kılıçdaroğlu da təmsil etdiyi düşərgənin nümayəndəsi kimi təqdim etdiyi "türk yolu"nda Azərbaycanı kənarda saxlayıb. Əgər orada Azərbaycan yoxdursa, deməli, o, türk yolu yox, Çin-İran yoludur. Çin-İran marşrutunu "türk yolu" adı ilə sırımaq siyasi savadsızlıqdır. Həm də CHP başda olmaqla "Millət İttifaqı" blokunun vizyonunun, proseslərə baxışının göstəricisidir. Müxalifətin Azərbaycan haqqında düşüncəsinin, bizi harada görmədiklərinin, necə dəyər verdiklərinin görüntüsüdür. CHP-nin, "altılı masa"sının Turan, Türküstan kimi dərdləri yoxdur. Hər addımları ilə bunu təsdiqləyirlər".
  T.Abbaslının sözlərinə görə, özlərini "siyasətçi" adlandıranlar niyə israrla Ərdoğanı, AKP-ni dəstəklədiyimizi anlamış olarlar: "İnşallah, 14 may seçkilərində birmənalı olaraq "Cümhur İttifaqı", Rəcəb Tayyib Ərdoğan qalib olar və Azərbaycan-Türkiyə əməkdaşlığı indi olduğu kimi yüksələn xətt üzrə davam edər. Həmçinin qardaş Türkiyə də güclü dövlət kimi dünyada layiq olduğu yeri tutar. Ərdoğanın bu istiqamətdə misilsiz fəaliyyəti, əzmi, siyasi iradəsi var. Hədəflərə çatmaq üçün Ərdoğanın hakimiyyətdə qalması labüddür".