Vardanyan artıq ölü fiqurdur

Xankəndidəki rüsvayçı mitinq göstərdi ki,  ermənilər Kremlin maşasını ciddi qəbul etmirlər

  Erməni separatçıların uzun müddət təbliğatını apardığı mitinq mayın 9-da Xankəndidə baş tutub. Rusiyadan Qarabağa göndərilən Ruben Vardanyanın təşəbbüsü ilə reallaşan mitinq 12:00-a təyin edilsə də, gözləniləndən çox gec başlayıb. Səbəb aksiyaya çox az sayda adamın qatılması olub. Yayılan kadrlardan görünüb ki, aksiyaya Qarabağda olan 20 minlik erməni icmasının heç 1 faizi də gəlməyib.

Aksiyanın bir neçə on nəfərlə keçirildiyi aydın olub. Mitinqə marağın olmaması təşkilatçıları aksiyanı tez-tələsik yekunlaşdırmağa sövq edib. Beləliklə, vaxtından gec “başlayan” mitinq bir çıxışdan sonra bitib. Erməni mediası da bu aksiyanı işıqlandırmağa həvəs göstərməyib. Vardanyanın aksiya şousunun mövzusu Qarabağda “etnik təmizləmə”, Laçın yolunda “blokada” olub. Mitinq əslində Xankəndidə separatizmin dayaqlarının məhv olduğunu təsdiqləyən faktdır. Əvvəlki aksiyalarda Ermənistandan avtobuslarla Xankəndiyə səyyar mitinqçi daşıyaraq meydanda adam sayını çoxaldırdılar. Hazırda Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsi fəaliyyət göstərdiyi üçün aksiyaya kənardan adam cəlb etmək mümkün olmayıb. Nəticədə separatçıların düşdüyü vəziyyət bütün çılpaqlığı ilə üzə çıxıb. 

  BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, Qarabağın erməni icması da mövcud reallıqları qəbul edirlər. Onun sözlərinə görə, Vardanyan artıq ölü fiqurdur:

 "Görünən budur ki, ermənilər Kremlin maşasını ciddi qəbul etmirlər. Rusiya Vardanyana son təlimatlarını vermişdi. Durumun lehinə olmadığının fərqində olsa da, şansını sonuncu dəfə yoxlamağı qərara almışdı. Ancaq mitinqin gedişatı və nəticələrdən sonra Moskva bunun əhəmiyyətsiz addım olduğuna əmin oldu. Bu, heç də Rusiyanın sakit duracağı anlamına gəlmir. Rusiya sadəcə Qarabağ ermənilərindən ümidini kəsir.

 Planlarını qurmağa başqa yollar axtaracaq. Böyük ehtimalla, bu, hərbi qarşıdurma yolu ola bilər. Moskva bölgədə vəziyyətin gərgin olduğunu göstərməklə burada qalmalı olduğunu isbat etməyə çalışır. 

Qərbin təmaslarının artdığı dövrdə Vardanyan aldığı təlimatla çalışır ki, Qarabağ ermənilərinin guya sülhə qarşı olduqlarını, "müstəqil" şəkildə yaşamaq istədikləri mesajını versin. Azərbaycan öz sözünü deyib. Qarabağ ermənilərinə heç bir status verilməyəcək.

  Bu reallığı 30 il dünya gücləri dəyişə bilmədi, indi hansısa bir oğru oliqarx və onun arxasında dayananların dəyişəcəyini iddia etmək gülməlidir".