"“Böyük yeddilər” xəbərdardır"

Rusiya ilə Ermənistan arasında gizli sövdələşmə var

  “Böyük yeddilər”in liderlərinin Yaponiyanın Xirosimo şəhərində keçirilən sammitinın əsas mövzusu yenə Ukrayna oldu". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, əlbəttə, böyük dövlətlərin liderləri iqlim dəyişikliyi, qlobal iqtisadi durum, nüvə təhlükəsizliyi kimi mövzuları da müzakirə etdilər. Ancaq Ukrayna bütün mövzuların fövqündə idi: "Toplantının ilk günü liderlər Ukrayna müharibəsi ilə bağlı birgə bəyanat qəbul etdilər. 

Bəyanat 11 bənddən ibarət idi. Liderlər Ukraynaya nə qədər lazımdırsa, o qədər dəstək verəcəklərini bir daha vurğuladılar. Bu o deməkdir ki, “böyük yeddilər” əllərindən gələni edəcəklər ki, Ukrayna məğlub olmasın. Ancaq müzakirənin başladığı ikinci gün Rusiyanın Ukraynanın Baxmut şəhərinin işğalını yekunlaşdırdığı xəbəri gəldi. Halbuki Rusiya ordusu və “Vaqner” muzdluları aylardır şəhəri işğal etməyə müvəffəq olmur, on minlərlə itki verirdi. 

Ukrayna ordusu müqavimətini sona qədər davam etdirməyə çalışsa da, geridə daha münasib mövqeyə çəkildi. Bu son deyil, Ukrayna Baxmutu geri qaytarmaq uğrunda mübarizəsini davam etdirəcək. Ukrayna Prezidenti V.Zelenskinin sammitdə videokonfrans vasitəsilə iştirakı açıqlanmışdı. Buna baxmayaraq, Zelenski sammitdə iştiraka qərar verdi. Bu, Zelenski üçün ona görə vacib idi ki, liderlərlə ümumi və təkbətək söhbətlərdə Ukraynaya dəstəyin artırılmasının vacibliyini onlara izah etsin. Məsələn, Ukrayna ABŞ-dən F-16 təyyarələrini almağa çalışır. Vaşinqtonda bu xahişə müsbət yanaşanlar da var, mənfi yanaşanlar da. Rusiya təyyarələri Ukrayna səmasında  üstünlüyə malikdirlər". 

  Ekspertin fikrincə, “Böyük yeddilər”in liderləri Rusiyaya qarşı sanksiyaların təsirli olduğunu və Rusiyanın gəlirlərinin azaldığını bildirdilər: 

"Rusiyaya qarşı sanksiyalar daha da sərtləşəcək, siyahıya yeni şirkətlər və daha çox Rusiya vətəndaşının ismi və soyadı əlavə olunacaq. Məsələn, Böyük Britaniya siyahını 86 Rusiya vətəndaşına qədər artırıb, Kanadanın siyahısında isə Rusiyanın 70 şəxsi və şirkəti yer alıb. ABŞ-nin siyahısında isə Rusiyanın sanksiya altında olan şirkətləri ilə əməkdaşlıq edən Ermənistan şirkətləri də var. “Atlas” Araşdırmalar Mərkəzinin ötən ay hazırladığı analitik hesabatda Vaşinqtonla Brüsselin Rusiyanın dövlət şirkətlərini sanksiyalardan qurtulmağa çalışan Ermənistanın dövlət şirkətlərinin siyahısı dərc edilmişdi. Bu, Ermənistanla Rusiya arasında gizli sövdələşmədir. “Böyük yeddilərin” ikinci əsas mövzusu Çin idi. Liderlər Çinin okeanlarda hərbi gücünü artırmasından, Tayvana qarşı hərbi planlar hazırlamasından və uyğurlara qarşı təzyiq siyasətindən narahat olduqlarını bildiriblər". 

  E.Şahinoğlu vurğulayıb ki, Pekin bu ittihamlara sərt reaksiya verib:

"Pekin Yaponiyada Çinə qarşı səslənən fikirlərin münasibətlərə zərər vuracağını bildirib. Pekin Tayvan və uyğurlar məsələsinin Çinin daxili işi olduğunu bəyan edib. Pekinin bəyanatına baxmayaraq, Qərb ölkələri hər iki məsələylə bağlı fərqli mövqeyə malikdirlər. Təsadüfi deyil ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak Çini qlobal təhlükəsizliyə ən böyük təhdid adlandırıb. “Böyük Yeddilik Çinə münasibətdə məqsəd birliyini nümayiş etdirib. Çin əsrimizin qlobal təhlükəsizlik və rifah üçün ən böyük çağırışını təmsil edir” deyən Böyük Britaniya hökumətinin başçısı Rusiya ilə yanaşı Çinlə də mübarizənin davam etdirilməsi vacibliyinə toxunub".