Bu da son... - Sinan Oğan ikinci turda Ərdoğanı dəstəkləyəcək



“Ərdoğan və komandası yenə rahat olmamalıdır, fasiləsiz çalışmalıdırlar" 

  “Ata” siyasi blokundan prezidentliyə keçmiş namizəd Sinan Oğan prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayıb.
O, “Cümhur İttifaqı”ndan prezidentliyə namizəd, hakim AK Parti (Ədalət və İnkişaf Partiyası), hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirib.
  Sinan Oğan deyib ki, “Millət İttifaqı” lazımi uğuru əldə edə bilmədi.
Onun sözlərinə görə, “Millət İttifaqı” “Ata İttifaqı”nı razı sala bilməyib: "Biz heç kimdən vəzifə istəməmişik".
Onun sözlərinə görə, parlamentdə çoxluq qazanan “Cümhur İttifaqı” prezident seçkilərində də qalib gəlməlidir. Sinan Oğan seçicilərini Ərdoğana səs verməyə çağırıb.
  Sinan Oğan seçki kampaniyası dövründə onu dəstəkləyənlərə, səs verənlərə təşəkkür edib.
O qeyd edib ki, seçkilərdə 9 faizdən çox səs alacaqlarını gözləyirmişlər.
Oğan həmçinin qeyd edib ki, miqrantlar, zəlzələ və iqtisadi məsələlər Türkiyə üçün vacib məsələlər olaraq qalmaqdadır. Sinan Oğanın sözlərinə görə, terrorçuların siyasi qolları siyasətdən təmizlənməlidir və milliyətçilər artıq yenidən türk siyasətində önəmli rol oynayır.
Siyasətçi, həmçinin əlavə edib ki, Türk Dövlətləri Təşkilatı daha da gücləndirilməlidir, onun əməkdaşlıq sahələri genişləndirilməlidir.

  Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

  Türkiyədə prezident seçkilərinin ikinci turunda hansı namizədin seçiləcəyinə dair fərqli şirkətlərin rəy sorğularının nəticələri açıqlanır. Müxtəlif qurumlar tərəfindən keçirilən sorğuların əksəriyyətində Rəcəb Tayyib Ərdoğan öndədir. Son olaraq “AREDA Survey” şirkətinin sorğu nəticələrinə görə seçkinin ikinci turunda Ərdoğan 53 faiz, Kamal Kılıçdaroğlu 47 faiz səs yığacaq. Amma Ərdoğanın ikinci turda daha çox - 55 faiz civarında səs toplayacağı, ilk turda Kılıçdaroğluna səs verənlərin seçkiyə getməyəcəyi, hətta bu dəfə Ərdoğana səs verəcəkləri ilə bağlı iddialar da var
  Politoloq Əhəd Məmmədli "Şərq"ə bildirib ki, Türkiyədə ikinci tur öncəsi yaşanan proseslər, seçkidə hansı namizədin daha şanslı olması məsələsi bütün dünyanın diqqətindədir. Analitik vurğulayıb ki, sadəcə rəy sorğusu keçirən şirkətlər deyil, Türkiyə daxilində və xaricində əksəriyyət ikinci turda Rəcəb Tayyib Ərdoğanın qələbə qazanacağını ehtimal edir: "İlk turda namizəd olan Sinan Oğanın 5 faizlik səsi ikinci turda əsas faktor kimi göstərilirdi. Hətta S.Oğan birbaşa Kılıçdaroğlunu dəstəkləsəydi belə, 5 faiz seçicinin hamısı CHP sədrinə səs verməyəcəkdi. Son günlərdə Oğanın Ərdoğanla görüşü, ATA İttifaqının rəsmən dağılması, blokda təmsil olunan Ədalət Partiyasının Kılıçdaroğluna dəstək olacağını açıqlaması da göstərdi ki, İttifaq daxilində fikir ayrılıqları, ziddiyyətlər var. Yəni əvvəlcədən Sinan Oğanın Ərdoğana yaxınlaşması gözlənilirdi. Müxalifət daha çox ilk turda qələbəyə köklənməşdi. Daha doğrusu, xaricdən buna istiqamətləndirilmişdi. Kılıçdaroğlunun ilk turda 50 faizdən çox səs toplayacağı iddia edilirdi. Ancaq bu, baş vermədi və Kılıçdaroğlu ilk turda Ərdoğana böyük fərqlə məğlub oldu. Ən əsası isə parlament seçkisində "Cümhur İttifaqı" qalib gəldi və üstünlüyü ələ aldı. Halbuki, müxalif düşərgədə əksəriyyət "Millət İttifaqı"nın parlament seçkisində qələbə qazanacağını düşünürdü. Lakin bu da olmadı, nəticədə müxalifətdə ciddi ruh düşkünlüyü yaşandı. Əlbəttə, düşünürəm ki, R.T.Ərdoğan 50 faizdən çox səs toplayacaq. Ancaq təbii ki, Ərdoğan və komandası yenə rahat olmamalıdır, fasiləsiz çalışmalıdırlar".