Bütün fitnə-fəsad Moskvadan gəlir

Cümşüd Nuriyev: "Ermənilər gec olmadan ağıllanmalıdır"  


  Qarabağda separatçılar arasında qarşıdurma şiddətlənir. Qondarma rejimin "generalı" Samvel Babayan bir müddətdir Xankəndidə etiraz aksiyalarına başlayıb. O, özünə "dövlət naziri" postunun verilməsini, separatçıların rəhbəri Araik Arutyunyanın isə istefasını tələb edib. Babayan separatçıların liderinin Bakıya xidmət etdiyini bildirib: “Araik Arutyunyan Azərbaycanın bütün tələblərini icra edir. O, ordunu buraxıb, yerdə qalan hissəni isə silahsızlaşdırır. Zamanı gələndə isə deyəcək ki, “Azərbaycanın təzyiqinə müqavimətə güc yoxdur, ruslar da kömək etmir, bizim birgə yaşayıb, tabe olmaqdan başqa yolumuz qalmır”. Xatırladaq ki, Qarabağda bir müddət özünü "dövlət naziri" elan etmiş rusiyalı milyarder Ruben Vardanyan da son günlər aktivləşib. Vardanyan da Babayanla birlikdə "müharibə"çağırışları edir, erməniləri savaşa, silahlı mübarizəyə səsləyir.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, Samvel Babayanın son günlər fəallaşması daha çox öz aqibəti ilə bağlıdır. Professorun sözlərinə görə, Babayan köhnə provakatordur: 

"Samvel Babayan türk millətinə xüsusi nifrəti ilə tanınır. Əslində Araik Arutyunyan kimilərinin də onlardan fərqi azdır. Sadəcə, indiki məqamda Babayan ona görə Araikin "istefa"sını tələb edir ki, Arutyunyan birbaşa Moskvanın dedikləri ilə oturub-durur. Babayan isə Qərbin, konkret Fransanın adamıdır. Onun İranla da arası yaxşıdır. İki separatçının qarşı-qarşıya gəlməsi, "liderlik" uğrunda mübarizəsi Qarabağda yaşayan erməniləri aldatmaq məqsədi güdür. Hələ də qondarma rejimin var olduğunu, hətta "hakimiyyət" uğrunda mübarizə getdiyini göstərməyə çalışırlar. Araik və Babayan heç kimdir. Qarabağda separatçıların "ordusuzlaşdırılması" və silahsızlaşdırılması siyasəti də rəsmi Bakının təzyiqləri nəticəsində reallaşır. Ərazimizdə on min civarında qanunsuz silahlı dəstələrin olduğunu bilirik və onların qısa zamanda tamamilə məhv edilməsi sadəcə an məsələsidir. Xüsusi təyinatlılarımız əmr gözləyirlər". 

C.Nuriyevin sözlərinə görə, Ruben Vardanyanın da aktivləşməsi təsadüfi deyil: 

"Moskvadan onu geri göndərdilər ki, müharibə çağırışları etsin, erməniləri hərbi münaqişəyə səsləsin, yeganə "çıxış yolu"nun savaş olduğunu desin və s. Məqsəd danışıqların getdiyi, önəmli məsələlərin müzakirə edildiyi bir mərhələdə qarşıdurma və gərginlik yaratmaqdır. Hətta Vardanyana Azərbaycan hökumətinə qarşı mübarizədə Samvel Babayanla birlikdə hərəkət etməyi də tövsiyə edirlər. Nikol Paşinyan çox gözəl bilir ki, Qarabağ separatçılarının Azərbaycanla müharibəyə başlaması sadəcə onların deyil, Ermənistanın da sonu olar. Məhz ona görə Paşinyan tez-tez "Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıdığını" gündəmə gətirir. İran yavaş-yavaş geri çəkilməkdədir. Makron nə qədər çalışsa da, Fransa oyundan kənar vəziyyətdədir. Hazırda bütün fitnə-fəsad Moskvadan gəlir. Lakin ermənilər gec olmadan ağıllanmalı, onları fəlakətə sürükləyən kənar təhriklərə getməməlidirlər".